İqtidar-müxalifət dialoqu: niyə siyasi məhbuslardan danışmırlar?.

azad mursaliyevNecə olur ki, dialoqda güya müxalifəti təmsil edən partiya nümayəndələri bir kəlmə olsun belə Azərbaycanın 80-dən artıq olan siyasi məhbusu barəsində danışmır? İqtidar bütün imkanlarından və vasitələrdən yararlanaraq müxalifəti çirkaba bulayır, fəalları həbslərə atır, vətandaş cəmiyyətini boğur. İndi diqqət yetirək, bu hansı imkanlardır və vasitələrdir ki, iqtidarın qarşısında duran maneələrin belə asanlıqla aradan qaldırılmasında onun dadına çatır? Yenə də az qala bir insan ömrü qədər müxalifət düşərgəsində olmuş, kök salmış, lakin sonradan satılaraq hakimiyyətin alətinə çevrilmiş “müxalifət fədailərimizdir.” Kütlə isə bunu görür, eşidir, bilir. Nəticə isə xudbindir. Monolit olmayan, hər an parçalanmağa meyilli olan müxalifətin çağırışlarına, mitinqlərinə kütlə bu səbəbdən ciddi yanaşmır. İnsanlarımız həmin şəxslərin ifşasını, üstlərindən xətt çəkilməsini, bir daha onlara etibar olunmamasını istəyir. Onsuz da insanlarımız hakimiyyətin yürütdüyü effektsiz siyasəti və məmur özbaşınalığı nəticəsində təngə gəlib və növbəti sürprizlərə ehtiyac duymur. Bəlkə də son 20 ildə çox az təsadüflərdən biridir ki, Azərbaycan xalqı süzgəcdən keçmiş və bütün basqılara baxmayaraq ayaq üstə durmağa bacaran müxalif yönlü bir birliyin, Milli Şuranın yaranmasına nail olub. Milli Şura məmləkətdə artıq müxalifətin aparıcı qüvvəsinə çevilmiş, müstəqil, fərqli, şablon təəssüratı yaratmayan fikirlərin, haqqlı tələblərin səsləndiyi bir təşkilat, mərkəz ab-havasını yaratmışdır. Milli Şura geniş kütlənin dəstəyini almağı arzulayırsa, dərhal qarşısında duran məsələlərin birincisi olaraq yuxarıda qeyd olunan sağlam olmayan, hakimiyyətin qulluğunda duran saxta müxalifəti ifşa etməlidir. Çünki heç məqsədəuyğun deyil ki, 20 ildən artıq müxalifət maskası geyinmiş “siyasətçi” işbazlar, hakimiyyətin ədalətsiz sifarişlərini yerinə yetirən mətbuat bossları öz mənasız, qeyri-professional yazıları və çıxışları ilə Milli Şuranı, onun liderlərini aşağılasınlar, bununla da insanlarımızda qıcıq yaratsınlar. Bu addımın bu günə kimi atılmaması gətirib ona çıxardı ki, iqtidar ölkənin qarşılaşdığı problemləri həll etmək əvəzinə, ölkə xaricində sivillliyini nümayiş etdirmək məqsədilə, ölkə daxilində bir sıra uğursuz projelərə, xüsusilə iqtidar-müxalifət dialoqunun gerçəkləşməsinə cəhd etdi. Hakimiyyətin yersiz dialoq təklifinə elə özünün himayə etdiyi saxta müxalifət məmnuniyyətlə razılıq verdi. Heç kim demir ki, vətandaş cəmiyyətinin üzvləri, müxalifət hakimiyyətin idarə olunmasında iştirak etmək məqsədilə hakimiyyətlə konstruktiv dialoqa getməməlidir. Əksinə, müxalifət bunu etməyə borcludur. Bir daha təkrar edirəm, Müxalifət bunu etməlidir. Birincisi, gərək həqiqətən də bu təklifin arxasında xalqın gün-güzəranının yaxşılaşdırılması istiqamətində hakimiyyətin ata biləcəyi addımların anonsu olsun. İkincisi, bu dialoqda müxalifəti cib partiyaları deyil, sağlam, xalqı düşünən, onun maraq dairəsindən çıxış edən qüvvələr təmsil etməlidir. Əks halda necə olur ki, dialoqda güya müxalifəti təmsil edən partiya nümayəndələri bir kəlmə olsun belə Azərbaycanın 80-dən artıq olan siyasi məhbusu barəsində danışmır?
Tanıyırıq, bilirik, eşidirik, görürük, amma özümüzü elə aparırıq, sanki ciddi bir olay baş verməyib. Bu fikrin subyektiv və hətta mübahisəli olması mümkündür. Lakin razılaşın ki, bu gün müxalifətin fəallığının aşağı olmasını görməmək də mümkün deyil. Nə qədər ürəkaçan fakt olmasa belə, bunu etraf etmək məcburiyyətindəyik. Özü də nəzərə alsaq ki, ölkədəki durum heçcdə sadələrdən deyil: qiymətlər durmadan artır, manat zəifləyir, əhalinin əksəriyyət hissəsinin yaşayış səviyyəsi aşağı düşür, prokurorluq və məhkəmə sisteminin vətandaşlara qarşı ədalətsiz mövqeyi, siyasi məhbusların azad edilməməsi, vətandaşlarn konstitusion hüquqlarının pozulması, islahatlardan isə ümumiyyətlə danışmağa dəyməz. Bu böhranın harada bitəcəyinə dair proqnoz vermək də ciddi görünmür. Lakin bu heçdə o, demək deyil ki, müxalifət radikal addımlar ataraq, insanları istehkamlara çağırmalıdır, inqilab etməlidir. İlk növbədə əsl müxalif qüvvələrin hakimiyyət qarşısında qaldırdığı məsələlər hansı səbəblərdən geniş kütlənin marağını cəlb etmədiyini müəyyən etmək lazımdır. Burada əsas səbəbi dağda-daşda deyil, elə müxalifətin özünün daxilində, uzun illər xalqın müxalifətçi kimi tanıdığı, lakin zamanından, dövründən asılı olaraq dəfələrlə düşərgəsini dəyişmiş, lakin hər dəfə bu xəyanəti unudularaq yenidən azadlıq carçısı kimi, elə həmin müxalifət tərəfindən qələmə verilmiş insanlarda axtarmaq lazımdır. Bəyəm yaxın tariximizdə baş vermiş bir sıra cinayət olaylarının ört-basdır edilməsi prosesində bu insanlar özlərini deşifrə etməmişdirlər ? Bəyəm bizim hər birimiz ayrı ayrılıqda bilmirik ki, kim kimin adamıdır, kim kimin süfrəsinin başında əyləşir və yaxud kimin qohum əqrəbəsi hakimiyyətdə təmsil olunan birisinin şirkətini idarə edir ? Kimlər hakimiyyətə sadiqliyini nümayiş etdirərək ən həll edici məqamlarda müxalifətə arxadan zərbə vurub və yaxud “Milli Şura bitmək üzrədir“ deyib, şuranı tərk edənləri tanımırıq? Yoxsa şəxsi münasibətlər zəminində baş vermiş anlaşılmazlıqlara görə ümumi məqsədləri qurban verənləri görmürük? Tanıyırıq, bilirik, eşidirik, görürük, amma özümüzü elə aparırıq, sanki ciddi bir olay baş verməyib. Baş verib, özü də bir yox, iki yox, kifayət qədər insindentər olub ki, bunlar barəsində danışmağa meyl göstərmirik. Bəyəm bunların nəticəsi deyilmi ki, sıradan olan Azərbaycan vətandaşı nə baş verdiyini anlamır, kimin yanında olmağa qərar verə bilmir ?

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button