İqtidarın Ali Məhkəmə fırıldağı

İnsanların Avropa Məhkəməsinə müraciət etməməsi üçün onlara vəkil tutmaq şərtini kim, niyə gətirib?

 Azərbaycan qanunvericiliyinə görə, Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün mütləq vəkillə müqavilə bağlanmalı və vəkilin orderi də şikayətə əlavə olunmalıdır. Digər məhkəmə instansiyalarında – ilkin və Apellyasiya Məhkəməsində isə bu qayda tətbiq olunmur. Bu instansiyalarda vətəndaş, fiziki və ya hüquqi şəxs özü, həmçinin nümayəndəsi vasitəsilə hüququnu qoruya bilər. Ali Məhkəməyə kassasiya şikayəti verilən zaman vəkil orderinin tələb olunması isə çoxlarını bu hüquqdan mərhum edir. Bununla bağlı praktiki müşahidə olinan problemlərə nəzər salaq.

İşini itirmiş və rəhbərliyin qanunsuz addımından məhkəmədə iddia qaldırmış şəxs birinci instansiya məhkəməsində ən yaxşı halda nümayəndəsi ilə, yəni vəkillər kollegiyasının üzvü olmayan hansısa hüquqşünasın, yaxud heç hüquqşünas olmayan, sadəcə bu sahəni yaxşı bilən birisinin köməyindən istifadə etməklə hüququnu müdafiə edir. Ən pis halda isə, belə bir tanışı olmadığı üçün özü məhkəməyə çıxır. Zatən heç bir vəkil və ya nümayəndə insanın özü qədər problemə həssaslıqla yanaşa bilməz. Birinci instansiya ilə yanaşı, eyni qaydada Apellyasiya Məhkəməsində də bu yollarla hüququna nail olmağa çalışır. Ancaq Apellyasiya Məhkəməsində də istədiyinə nail olmayanda, məcburdur ki, Ali Məhkəməyə kassasiya şikayəti versin. Bu zaman isə mütləq və mütləq vəkillə müqavilə lazımdır ki, Azərbaycanın ən yuxarı məhkəmə instansiyası şikayəti qəbul etsin.

Bəs işdən çıxarılmış və Ali Məhkəmə instansiyasına çatana kimi aşağı məhkəmə instansiyalarında artıq bir neçə ayını işsiz keçirmiş vətəndaş vəkillə müqavilə bağlamaq üçün gərəkən məbləği haradan almalıdır? Belə olan halda, deməli, pusuz və işsiz vətəndaş Ali Məhkəməyə şikayət vermək hüququndan məhrum olur. Ali Məhkəmə instansiyasını keçmədən Avropa Məhkəməsinə də şikayət vermək mümkün olmadığı üçün, sadə, işsiz, pulsuz vətəndaş haqqını Avropada tapacağı ümidindən də mərhum olur. Görünür, burada elə əsas məsələ sadə vətəndaşların Avropa Məhkəməsinə gedən yolunu qanunvericilikdəki anormallıqla bağlamaqdır ki, buna da asanlıqla nail olurlar.

Paradoksallığa səbəb olan bir çox hallar da mövcuddur. Hər hansı bir nazirlik, tutaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sırf təyinatı üzrə olan bir məsələ ilə bağlı məhkəmə çəkişməsinə başlayır. Nazirliyin hüquqşünası, yaxud sırf məhkəmə predmetinə aid olan sahənin mütəxəssisi ilə məhkəmədə təmsil olunur. Ancaq apellyasiya instansiyasına kimi. Ali Məhkəmə instansiyasında isə mütləq kollegiyaya üzv olan vəkil tutmalıdır ki, bu işlə bağlı Ali Məhkəməyə çıxsın. Ancaq həmin vəkilin məhkəmə predmetinə aid və sırf mütəxəssis işi olan məsələdən nə qədər hali olmasının özü mübahisə predmetidir. Ola bilər ki, vəkil hüquqi prosedurları nazirliyin mütəxəssisindən yaxşı bilsin. Ancaq məhkəmədə mübahisələnridilən məsələ tutaq ki, əmək münasibəıtlərinə aiddirsə, bu zaman vəkilin bu sahəni AASMN-nin mütəxəssisindən yaxşı bilməsi inandırıcı deyil…

Eyni halı Vergilər, Daxili işlər, Müdafiə və digər nazirliklərə da aid etmək olar. Ən paradoksal vəziyyət isə Ədliyyə Nazirliyi (ƏN) ilə bağlıdır. Azərbaycanda hüquq sahəsini tənzimləyən bu nazirlik də məhkəmədə eyni halla qarşılaşır. Yəni ƏN-nin hüquq mütəxəssisləri də Ali Məhkəmədə mütləq vəkillə təmsil olunmalıdırlar.

Bu qaydanın tətbiqində digər paradoksallıqlar da müşahidə olunur. Belə ki, Azərbaycanın ən tanınmış hüquqşünasları belə vəkillər kollegiyasının üzvü deyillərsə, Ali Məhkəmə instansiyasında vəkillə müqavilə bağlamağa məcburdurlar. Məsələn, tələbələrinin əksəriyyəti vəkillər kollegiyasına üzv olduqları halda, özləri kollegiyaya buraxılmayan Ənnağı Hacıbəyli, İntiqam Əliyev kimi müstəqil hüquqşünaslar da Ali Məhkəmə instansiyasında ən yaxşı halda tələbələrinin yardımından istifadə etməli olurlar. Bundan başqa, müxalifyönlü şəxslərin müdafiəçiləri kimi tanınan və təxminən bir ay əvvəl Vəkillər Kollegiyasından uzaqlaşdırılmış vəkillər Xalid Bağırov və Elçin Namazov kollegiyaya bərpa olmaq üçün iddia qaldırıblar. Arzu edərdik elə ilk instansiyadaca onların iddiaları təmin olunsun. Ancaq Allah eləməmiş, iş yuxarı instansiyalara qədər uzansa, bir ay əvvələ kimi vəkillik edən bu hüquqşünaslar da Ali Məhkəməyə şikayət vermək üçün özlərinə vəkil tapmalı olacaqlar.

Son vaxtlar Azərbaycan vətəndaşları tərəfindən Avropa Məhkəməsində Azərbaycana qarşı qaldırılmış iddiaların ard-arda təmin olunması Azərbaycanda məhkəmə səviyyəsini nə qədər bərbad olduğunu bir daha sübut edir. Ədalətsiz məhkəmə qərarlarının olduğu Azərbaycanda belə qərarların daha da intensivləşəcəyi şəksizdir. Ali Məhəkəməyə şikayət vermək istəyənlərin sayı isə günbəgün artır. Ancaq bunun üçün Azərbaycanın məhkəmə instansiyalarını keçmək lazımdır. Ali məhkəməyə şikayət vermək üçün vəkil orderinin tələb olunması ilə bağlı qanunvericilikdəki müddəa isə insanların bu hüququnu məhdudlaşdırır. Maraqlıdır ki, Avropa Məhkəməsi şikayətləri çox sadə prosedurlarla qəbul edir. Şikayət vermək üçün nəinki vəkil orderinin olmasını şərt kimi qoymur, hətta işlə bağlı sənədlərin sadəcə surətini istəyir. İşə baxılan zaman şikayətçinin iştirakını da mütləq olaraq tələb etmir. Əgər belə bir zərurət yaranarsa, şikayətçinin Avropa Məhkəməsində iştirak etməsi üçün lazım olan bütün işləmləri və hətta xərcləri də öz üzərinə götürür. Çünki əzildiyi, hüquqları tapdandığı üçün son ümidini Avropa Məhkəməsinə bağlamış imkansız şəxslərin maddi vəziyyətinin ağırlığı ehtimalını Avropa Məhkəməsi başa düşür və elə prosedurlar müəyyənləşdirir ki, hətta ən imkansız şəxslər belə öz hüquqlarının ardınca gedə bilsinlər. Axı bütün iddiaların arxasında bir insan taleyi var… Kaş Ali Məhkəmə də insanları başa düşəydi və onların pozulmuş hüquqlarını qoruyaydı…

 Oğuz Rəşad

“Xural” qəzeti,

il 9, sayı: 062 (472), 17 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Vekil oz huquqlarini qoruya bilmirse xalqin huquqlarini nece qoruya biler? Umumiyyetle azerbaycanda vekiller kolleqiyasi legv olunmalidir,Cunki VK-in vekilleri Huququ mudafie etmirler Sadece olaraq mehkemelerle mehkumlar arasinda vasitecidirler.Ona gorede ALI mehkeme VK-dan vekil tutmagi teleb edir.Ele bu qanunlari da onlarin ozleri yazmayiblarmi? Her bir vetendas huququnun mudafiesi ucun isdediyi sexsi vekili tutmalidir.Dunya tecurbesinde en cox tetbiq olunan usuldur bu.Pulun evi yixilsin!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button