Iqtidarın Qarabağ yalanı!

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri

Qarabağ məsələsinə baxışda iqtidarın yanında deyilik!

Müasir dünyanın ən böyük silahı “yalan” silahıdır. Əlində olan təbliğat vasitələrindən – televiziyalardan, radiolardan, qəzet və jurnallardan, sosial mediadan geniş surətdə istifadə etməklə olmayan bir şeyi, yəni yalanı həqiqət kimi insanlara, dünyaya elə çatdırırlar ki, hamı dəhşətə gəlir. Artıq dünya siyasətində diplomatiya və silahlardan əvvəl istifadə olunan silah budur və bu “yalan” silahının çox güclü də texnoloqları yetişib.

Hər ölkə bu silahdan bir cür istifadə edir. 1991-ci ildə ABŞ özünün qızışdırıb Küveytə saldırdığı İraqa hərbi müdaxilə etmək istəyəndə məlum oldu ki, Amerika əhalisinin böyük əksəriyyəti hərbi müdaxilənin əleyhinədir, onda təbliğat maşınları işə salındı ki, bəs İraq əsgərləri Səddamın göstərişi ilə dinc əhaliyə, xüsusən də körpələrə qarşı zorakı, vəhşi əməllər törədirlər ki, dünya belə körpə ölwmlərini, körpələrin zorlanmasını, sakitcə seyr edə bilməz. Bu təbliğatı aparmaq əvvəlcə üçün heç bir dövlət rəsmisindən istifadə olunmurdu, texnoloqlar elə təşkil etmişdilər ki, guya hadisələrdən təsadüfən canını qurtarmış bir küveytli azyaşlı qız göz yaşları içərisində körpələrə qarşı törədilən ölümlərdən və zorakılıqdan hıcqırtı ilə danışır… Bütün dünya televiziyaları aparıcı xəbərlərini bu azyaşlı Küveyt uşağının çıxışı ilə açırdılar. Sonra bəlli olmuşdu ki, sən demə, bu azyaşlı uşaq hadisələrin iştirakçısı olmayıb, Küveytin ABŞ-dakı səfirinin qızıdır.

Amma artıq təbliğat öz işini görmüşdü. Amerikan cəmiyyəti indi ABŞ hökumətini passivlikdə günahlandırır, ABŞ ordularının dərhal İraqa girməsini tələb edirdi.

İkinci İraq müharibəsində kimyəvi silah məsələsi beləcə ortaya atılmışdı. Səddam da öldürüldü, İraq da illərdir işğal altındadır, ancaq kimyəvi silah tapılmadı. O da məlum oldu ki, İraqda kimyəvi silahın olmamasını hamıdan yaxşı ABŞ-ın keçmiş rəhbəri bilirmiş.

Azərbaycan hakimiyyəti də öz çapında “yalan” silahından 18 ildir ki, öz vətəndaşlarına qarşı böyük amansızlıqla istifadə edir. Əllərində öz istifadələrində olan kütləvi informasiya vasitələri, Prezident Aparatı, hökumət, parlament, məhkəmələr, siyasilər, politoloqlar, ali və orta məktəblər, “ziyalılar”, manıslar, meyxanaçılar, dumbulçalanlar, şair-yazıçılar və s. vasitəsilə millətimizə yalan satılır. Bu prosesdə təşkilatçılar da mövcuddur, iri toplar və top atanlar da, hətta “raqatqa” atanlar da, züy tutanlar da, gülləyə barıt qoyanlar da kifayət qədərdir.

Bir məsələni – zaman məsələsini unudurlar, artıq 18 ildir istifadə olunan bu silah köhnəlib və əvvəlki effektini vermir, ordan-burdan da xoruzun quyruğu görünməyə başlayıb.

Bu hakimiyyətin apardığı uğursuz xarici siyasət nəticəsində Azərbaycan dünyada yeganə ölkədir ki, onun bircə dənə də olsun müttəfiqi qalmayıb. Prezident Aparatının yetkilisi Əli Həsənov Türkiyənin baş naziri Ərdoğanın Bakı səfərindən sonra buyurdu ki, Azərbaycanın Türkiyə ilə analoqu olmayan müttəfiqliyi mövcuddur. Nədir bu analoqu olmayan müttəfiqlik? Türk kimliyinə düşmənçilikmi, tükr bayrağını endirməkmi, türk iş adamlarını ölkədən qovmaqmı, viza rejimini qaldırmamaqmı, Öcalana sevgisini açıq bildirən kürdlərə məxsus PKK simpatizanı olan bir qəzet vasitəsilə Türkiyəni, türkləri aşağılamaqmı analoqu olmayan müttəfiqlikdir?! Əslində Ərdoğanın Azərbaycan səfərində heç bir prinsipial razılıq sazişi imzalanmadı. Budur analoqu olmayan müttəfiqlik və “yalan” silahının artıq işləməməsi…

Qarabağ məsələsində niyə bircə addım irəli gedə bilmirik? Çünki hakimiyyət fərsizdir, ölkə də bunların üzündən müttəfiqsizdir.

İllərdir ölkənin əsas problemi ilə bağlı məsələdə hakimiyyət adam yerinə qoymadığı üçün millətimizə həqiqəti demir, yalanlar söyləyir, boş vədlər verir. Beləliklə, külli miqdarda sərvətin üstündə oturub bir ovuc dılğır erməninin öhdəsindən gələ bilməyən millət kimi millətimiz bütün dünyada gözdən salınır. Həqiqət isə ondan ibarətdir ki, guya problemi həll edəcək ATƏT əlində məcburetmə mexanizmi olmayan boş bir qurumdur. Həmsədr ölkələrin heç biri bu məsələdə neytral deyil, əksinə, hər üçü Ermənistanın tərəfindədir, onlardan Rusiya Ermənistanla strateji müttəfiq, Fransa və ABŞ isə erməni lobbisinin ən güclü təşkilatlandığı ölkələr olmaqla Ermənistana dost ölkədir. Deməli, bu məsələ bu çapda həll oluna bilməz. Məhz bu səbəbdəndir ki, Sarkisyan ağzına gələni danışır, ərkəsöyünlük və siyasi lotuluq edir.

Bunlar da danışıqların getdiyi bu basabasda Lukaşenkoya 300 milyon borc, yaxud 0,1 faizlə kredit verir. Özü xarici banklardan 5-7 faizə kredit alıb öz vətəndaşlarına aşağısı 27 faizə kredit verən, Lukaşenkoya isə faktiki faizsiz kredit verən hakimiyyət nəinki bütövlükdə Qarabağı, heç orada bir kəndi belə azad edə bilməz.

Azərbaycan rəhbərliyi son illər dəfələrlə “sülh yolu özünü doğrulmasa, hərbi yolla ərazilərimizin işğaldan azad ediləcəyi” barədə bəyanatlar verib. Rusiya prezidenti Medvedyev açdı-tökdü ki, bəs üç il əvvəl həm Əliyev, həm də Sarkisyan mənim yanımda danışıqlar sonsuzluğa qədər davam etsə də, hərbi yoldan istifadə etməmək barədə faktiki öhdəlik götürdülər. Bu da populist bəyanatların cavabı…

Ta qədimdən indiyə qədər belə olub – söz bitən yerdə silahlar danışmağa başlayır. Artıq sözün bitdiyi yerdəyik. Ermənistan boşalır, ölkədə 2 milyondan az əhali qalıb, ermənilərin müharibə etməyə nə taqəti, nə də həvəsi qalmayıb. Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun olaraq işğal altındakı torpaqlarını hərbi yolla işğaldan azad etməlidir. Azərbaycanın və millətimizin potensialı bunu qısa müddətdə reallaşdırmağa imkan verir. Bu bizim mövqeyimiz – siyasilərin borcu, vəzifəsi konkret məsələlərlə bağlı konkret mövqe sərgiləməkdir.

Romantika ilə siyasət qurulmaz, milləti Rusiya ilə qorxutmaq lazım deyil, Azərbaycan bircə kəndi azad etsə, Ermənistan qaça-qaça sülh müqaviləsi imzalayacaq.

Azərbaycan müxalifəti də Qərbə xoş gəlsin deyə söz oynatmaq, “biz Qarabağ məsələsində hakimiyyətin yanındayıq” deyib hakimiyyət tərəfindən aşağılanmaq əvəzinə, ortaya mövqe qoymaq zorundadır.

Biz Qarabağ məsələsində hakimiyyətin deyil, millətimizin yanındayıq.

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button