İqtisadçılar Fərid Mehralızadənin ev dustaqlığına buraxılması üçün müraciət edib

Yayımlandı: 24 İyun 2024 15:43

“Fərid Mehralızadəyə qarşı irəli sürülmüş ittihamların düzgün araşdırılmasını istəyirik”

Bir qrup iqtisadçı dövlət qurumlarına müraciət edərək iqtisadçı Fərid Mehralızadənin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.

“Fərid Mehralızadəyə qarşı irəli sürülmüş ittihamların düzgün araşdırılmasını istəyirik. İstintaq müddətində onun barəsində həbs qətimkan tədbiri seçilib. Həbsin ev dustaqlığı ilə əvəz edilməsini məqsədəuyğun hesab edirik”, – müraciətdə deyilir.

Sənədi imzalayan iqtisadçılar müvafiq dövlət qurumlarından xahiş edirlər ki, gənc iqtisadçı Fərid Mehralızadənin azadlığa buraxılması üçün mümkün olan bütün hüquqi vasitələr nəzərdən keçirilsin.

“Fərid Mehralızadə Azərbaycanın peşəkar gənc nəsil iqtisadçılarının öndə gedənlərindən biridir. Biz onun gələcəkdə aparıcı alimlərimizdən olacağına inanırıq. Onun iqtisadi, sosial, ali təhsil və digər mövzularda davamlı olaraq etdiyi təhlillər belə düşünməyə əsas verir. Bu araşdırmalar ölkəmizdəki iqtisadi mövzularda müzakirə mühitinə töhfə kimi qiymətləndirilə bilər”, – iqtisadçılar bildirir.

Sənədi Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Rasim Həsənov, müstəqil iqtisadçılar İnqilab Əhmədov, Elçin Rəşid, Azər Mehtiyev, Samir Əliyev, Rövşən Ağayev, Toğrul Vəliyev, Xətai Alıyev və Rəşad Həsənov imzalayıblar.

Fərid Mehralızadə mayın 30-da saxlanılıb və “AbzasMedia” internet nəşrinin əməkdaşlarına qarşı açılan cinayət işi çərçivəsində xarici valyuta qaçaqmalçılığında ittiham olunub.

Özü və vəkilləri bu ittihamı rədd edir, onun həbsini peşə fəaliyyəti ilə əlaqələndirirlər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button