İradə Cavadovanın vəkillik səlahiyyəti dayandırılıb

Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınmış vəkil İradə Cavadovanın vəkillik səlahiyyətlərinı dayandırıb. Bu barədə “AzPolitika.info”ya məlumatlı mənbə bildirib. Rəyasət Heyəti İradə Cavadovanın Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə də qərər qəbul edib.

Qeyd edək ki, bu gün (dünən) Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Kollegiyadan verilən məlumata görə, iclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən vəkilliyə qəbul üzrə görülən işlərin vəziyyəti barədə məlumat verilib, xüsusilə yeni qəbul olunmuş üzvlərin vəkil qurumlarına göndərilməsi, onların qurumların işinə yaxından cəlb edilməsi məsələləri müzakirə olunub.

İclasda vəkillər barəsində başlanılmış 20 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 1 vəkilə töhmət verilib, 1 vəkilin Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunub, 3 vəkilə irad tutulub.

Kollegiyanın məlumatında fəaliyyətinə xitam verilməsi qərar alınan vəkilin adı açıqlanmasa da, “AzPolitika.info”ya daxil olan məlumatda onun İradə Cavadova olduğu bildirilib.

Qeyd edək ki, Azərbaycanda ən savadlı vəkillərdən biri kimi tanınan İradə Cavadovanın vəkillik səlahiyyətlərinin dayandırılması təəccüblə qarşılanmaya bilməz. Bunun səbəbi açıqlanmasa da, onun Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni sədri Anar Bağırovla münasibətinin o qədər də yaxşı olmadığı bildirilir.

anar-bagirov-2Təsadüfi deyil ki, Anar Bağırov Vəkillər Kollegiyasının rəhbərliyinə gətirildikdən sonra formalaşan yeni Rəyasət Heyətinin tərkibinə İradə Cavadova daxil edilmədi. Rəyasət Heyətinin əvvəlki tərkibində olmuş İradə Cavadova bununla bağlı bildirmişdi ki, yeni tərkibə köhnə heyətdən üç nəfər düşüb: Şəfayət Həsənov, Azər Quliyev, Muxtar Mustafayev.

İradə Cavadova yeni tərkibə düşməməsinin səbəblərindən danışarkən demişdi ki, o, Rəyasət Heyətinin daima, daha dəqiqi, seçkilərin keçirildiyi hər beş ildən bir yenilənməsinə tərəfdardır: “Rəyasət Heyətinə yenidən seçilmək niyyətim yox idi. 2012-ci ildə Rəyasət Heyəti üzvlüyünə namizədliyimi özüm irəli sürmüşdüm və seçilmişdim. Burada ömrü boyu qalmaq olmaz. Digər tərəfdən, mənə artıq məlum idi ki, Rəyasət Heyətinə yenidən seçilməyimi istəmirlər.

Amma mən Rəyasət Heyəti üzvlüyünə başqa bir şəxsin namizədliyini irəli sürmək istəyirdim. Yəqin ki, konfrans iştirakçıları arasında mənim namizədliyimi irəli sürmək istəyənlər də vardı. Lakin nə mənə, nə də onlara imkan verildi. Rəyasət Heyətinə seçim proseduru başlanan kimi əlimizi qaldırdıq, namizədliyimizi irəli sürmək istədik. Buna şərait yaradılmadı. Düşünürəm ki, səbəb mənim və konfransa qatılan müəyyən vəkillərin fərqli mövqeli şəxslər olmasıdır. Əslində bizə söz verilməyəcəyini gözləyirdim. Amma yenə də konfrasın gedişindən məyus oldum”.

İradə Cavadova iddia etmişdi ki, o, Rəyasət Heyətinin əvvəlki tərkibində fərqli mövqe sərgiləyən faktiki yeganə şəxs olub: “Vəkil həmkarlarım yaxşı bilirlər ki, həmişə ədalətli və müstəqil mövqedən çıxış etmişəm, heç vaxt kiminsə tapşırığını yerinə yetirməmişəm. Vəkillər Kollegiyasında məsələsi müzakirə edilən hansısa vəkili günahsız saymışamsa, onun ziyanına qərar çıxarılmasının əleyhinə olmuşam.

скачанные файлы (2)Rəyasət Heyətinin son iclasında məsələsi müzakirə olunan vəkillərdən biri ilə bağlı ciddi qalmaqal yaşandı. Ona görə deyə bilərəm ki, 7 dekabr (2017-ci il) konfransında Rəyasət Heyəti üzvlüyünə namizədliyim irəli sürülsə də, seçilməyimə imkan verilməyəcəkdi. Ancaq bir daha vurğulayıram: mənim yenidən seçilmək məqsədim yox idi. Beş il Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olmuşam və alnıaçıq, üzüağ deyə bilərəm ki, bu müddətdə iştirak etdiyim iclasların heç birində ədalətsiz qərarı dəstəkləməmişəm”.

Göründüyü kimi, İradə Cavadova müstəqil mövqe ortaya qoymağı bacaran vəkillərdən olub. Təəssüf ki, Vəkillər Kollegiyasının yeni rəhbərliyi belə vəkillərlə işləmək istəmədiyini nümayiş etdirir.

İradə Cavadovanın və Vəkillər Kollegiyasının da mövqeyini dərc etməyə çalışacağıq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button