İrakli Kobaxidze: “QHT-lərə və mediaya Gürcüstan hökuməti özü qrant verəcək”
Yayımlandı: 9 Sentyabr 2024 14:13
Baş nazirin sözlərinə görə, reyestrə qeydiyyatdan keçmək üçün 450-dən çox təşkilat müraciət edib
Gürcüstan hökuməti yerli QHT-lərə və mediaya qrant ayırmaq üçün öz fondunu yaradacaq. Bunu sentyabrın 10-da çıxışı zamanı Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, fond dövlət büdcəsindən maliyyələşəcək. “Xarici təsirin şəffaflığı haqqında” qanuna uyğun olaraq Ədliyyə Nazirliyinin reyestrində qeydiyyatdan keçmiş təşkilatlar qrantlar üçün müraciət edə biləcəklər.
“Bəzi xarici donorlar bir çox qeyri-hökumət təşkilatını hədələyib ki, qeydiyyatdan keçsələr, maliyyələşməni dayandıracaqlar. Bunun fonunda və ümumiyyətlə, ölkənin maraqlarından çıxış edərək, Gürcüstanın qeyri-hökumət təşkilatları üçün qrant proqramı yaratmaq qərarına gəldik. Bu, tam şəkildə Gürcüstanın dövlət büdcəsindən gürcü vergi ödəyicilərinin pulları hesabına maliyyələşdiriləcək. Qrant fondunun rahat işləməsi üçün zəruri olan institusional və maliyyə əsasları yaxın iki ayda hazırlanacaq və ilk qrant layihələri 2025-ci ilin yanvarında maliyyələşdirilməyə başlanacaq”.
Hazırda Prezidentin, müxalifətin, QHT-lərin və medianın “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı birgə iddiası Konstitusiya Məhkəməsindədir. Konstitusiya Məhkəməsi bir həftədən çoxdur ki, ilkin dinləmələrin nəticələri ilə bağlı qərarını açıqlamır. İddiaçılar yekun hökm çıxarılana qədər qanunun icrasını dayandırmağı tələb ediblər.
Bəzi QHT və KİV-lər Gürcüstanı Rusiya yolu ilə aparan ayrı-seçkilik qanununa tabe olmadıqlarını, cərimə təhlükəsi olsa da, qeydiyyatdan keçməyəcəklərini bəyan ediblər. Yalnız 500-ə yaxın təşkilat “xarici qüvvələrin maraqlarını təşviq edən təşkilatlar” reyestrinə daxil olmaq üçün müraciət edib, əsasən də cərimə ödəyə bilməyən və vəkil tuta bilməyən kiçik QHT-lər.
İrakli Kobaxidze “xarici dövlətin maraqlarını daşıyan təşkilatlar” kimi qeydiyyatdan keçən qeyri-hökumət təşkilatlarına təşəkkür edib. O, hökumət administrasiyasında keçirilən mətbuat konfransında bildirib ki, reyestrə qeydiyyatdan keçmək üçün 450-dən çox təşkilat müraciət edib.
“Mən bu təşkilatların hər birinə cəmiyyət qarşısında vətəndaş məsuliyyətinə görə təşəkkür etmək istərdim”, – deyə baş nazir bildirib.
Mövcud tendensiya on ilə yaxındır ki, Azərbaycanda tətbiq edilir. Xarici donorların ölkədə fəaliyyəti qadağan olunduqdan sonra yerli fond yaradılıb və yalnız hakimiyyətyönlü, yaxud hakimiyyətin siyasətini tənqid etməyən təşkilatlar qrantlarla təmin olunur. Hakimiyyət əsasən qrant ayırdığı təşkilatlardan öz kampaniyalarında istifadə edir.