İran-Azərbaycan münasibətləri: hərbi hədələrdən sonra birgə hərbi taktiki təlimlər

Yayımlandı: 12 İyun 2024 16:54

Siyasi şərhçi: “İlham Əliyev deyir ki, Azərbaycanla işləmək istəyirsinizsə, ölkənin ağası mənəm”

İyunun 12-də Azərbaycan və İran ordularının eyni vaxtda Naxçıvanla sərhəddə taktiki təlimlər keçirəcəyi bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi  məlumat yayıb.

Nazirlik qeyd edir ki, şəxsi heyət, döyüş texnikası, aviasiya vasitələri və pilotsuz uçuş aparatlarının cəlb olunduğu təlimdə əsas diqqət komandirlərin qərar qəbuletmə bacarıqlarının və onların peşəkarlıq səviyyəsinin daha da artırılmasına, eləcə də bölmələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.

Azərbaycanla İran arasında əldə olunmuş razılaşma əsasında İran İslam Respublikasının ordusunun müvafiq qüvvə və vasitələrinin cəlb edilməsi ilə eyni vaxtda qonşu dövlətin ərazisində də taktiki təlim keçiriləcək. Hər iki ölkədə keçiriləcək təlimlərdə strateji obyektlərin və kommunikasiya xətlərinin mümkün təxribat-diversiya fəaliyyətlərindən mühafizəsi üzrə müxtəlif tapşırıqlar koordinasiyalı şəkildə yerinə yetiriləcək”, – deyə MN əlavə edib.

Foto: Müdafiə Nazirliyi

2023-cü ilin sentyabrın 9-da Bakıda Azərbaycan Müdafiə Nazirliyi və İran Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın 3-cü iclası keçirilib.

İclasda Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sentyabrın 13-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovla İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.

Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıb

Bundan sonra Azərbaycan-İran birgə hərbi komissiyasının Bakıda iclası olub.

2023-cü ilin oktyabrında Azərbaycan və İran hərbi dəniz qüvvələri Xəzər dənizində birgə hərbi təlimlər keçirmək barədə razılığa gəlmişdi.

Həmin vaxt Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi və hərbi qulluqçularının iştirakı ilə keçirilən “Xəzri-2023” birgə taktiki təlimlərində müşahidəçi qismində iştirak etmək üçün İran Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıya səfər etmişdi.

Bununla bərabər Azərbaycanla İran arasında mayın 19-da  “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı oldu.

Açılışı Azərbaycan və İran  prezidentləri –  İlham Əliyev və Seyid İbrahim Rəisi etdilər.

Qəribədir ki, son illər iki dövlət arasında münasibətlər gərginləşmişdi.

2020-ci ilin 44 günlük savaşından sonra İran hərbçiləri Azərbaycana qarşı bəyanat verərək Bakını təhdid etmişdilər.

Azərbaycan isə İranın hərbi təlimlərinə cavab kimi xüsusi təyinatlı hərbi qüvvələri sərhədə çıxarmışdı.

Qarşılıqlı ittihamların baş verdiyi ərəfədə Azərbaycanın Tehrandakı səfirliyinə də silahlı basqın edildi və səfirliyin fəaliyyəti rəsmi Bakının qərarı ilə dayandırıldı.

Ardınca hər iki ölkənin rəsmi və qeyri-rəsmi təbliğat vasitələrində qarşılıqlı ittihamlara start verildi və Azərbaycanda dindarların həbsi başladı.

Bu ərəfədə İranda azərbaycanlı tələbə Fərid Səfərli də casusluq ittihamı ilə həbs olundu.

Bəs iki ölkənin siyasətində nə dəyişdi, qarşılıqlı ittihamlar hansı səbəbdən konstruktiv danışıqlara keçdi?

Siyasi şərhçi Zərdüşt Əlizadə Bakı-Tehran münasibətlərindəki dalğavari və təzadlı gedişatı Meydan TV-yə belə izah edib:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə. Foto: arxiv

“İlham Əliyev atası Heydər Əliyevin kursunu davam etdirir. Bu siyasətin mahiyyəti odur ki, Azərbaycanla işləmək istəyirsinizsə, ölkənin ağası, yəni mənimlə razılaşmalısınız. Bunu anlamayanlar istəyirlər ki, ənənəvi üsullardan istifadə etsinlər, amma alınmır. İrana vaxtında bu barədə deyilib, amma başa düşməyiblər. Tehran elə bilib ki, kimlərinsə vasitəsilə Bakıya təsir göstərəcək. Lakin alınmadı, çünki daxili siyasətdə 30 ildir ki, bir qayda olub, başqa cür düşünən dindarları, siyasətçiləri, jurnalistləri, ziyalıları zərərsizləşdirməklə istədiklərinə də nail oldular”.

“Hazırda yekcins cəmiyyət yaranıb, hamı İlham Əliyevə yarınmaq yarışına çıxıb. Xaricdəkilər bunu görəndən sonra hökumətin qaydaları ilə razılaşmalı oldular”, – deyə Əlizadə qeyd edib.

Hərbi ekspert Ədalət Verdiyev Meydan TV-yə Tehranla Bakı arasında müəyyən fikir ayrılıqlarının olduğunu təsdiqləyib:

Ədalət Verdiyev, foto: https://yenicag.az/
Ədalət Verdiyev, foto: https://yenicag.az/

“İndi də bəzi məsələlərdə bu fikir ayrılıqları qalsa da, ümumilikdə son dəfə hər iki ölkənin prezidentlərinin Araz çayı üzərində inşa edilmiş “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının açılışında verilən bəyanatlardan məlum oldu ki, fikir ayrılıqlarının əksəriyyəti aradan qaldırılıb. Yəni İran və Azərbaycan qonşuluq münasibətlərini inkişaf etdirmək və təhlükəsizlik sahəsində əməkdaşlıqda maraqlıdırlar. Yəqin, fəaliyyətlər də bu istiqamətlərdə davam etdirilir”.

Ə. Verdiyev hesab edir ki, məlum hərbi təlimin ölkələrə qarşı heç bir elementi mövcud deyil və gələcəkdə də oxşar hərbi təlimlərin keçirilməsi mümkündür.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button