İran, İvan və İrəvanın “3-ü birində” riyakarlığı

Şər mənbəyi İranın hərbi-strateji obyektlərinə dron zərbələri neçə gündür dünyanın diqqətindədir. Təbii ki, insaniyyəti, insafı və vicdanı olan, ədalət hissini itirməyən hər kəs bu hücumlara sevinir. Panfarsist-faşist rejimin Ermənistan və Rusiya timsallı məsləkdaşları, müttəfiqləri isə narahatlıq içindədir. Rusiya və erməni mediasının yazdlqlarından bunu asanca görmək olar.

Niyə də təlaşlanmasınlar? Rusiya Ukrayna şəhərlərini, onların infrastrukturunu viran qoymaq üçün İranın kamikadze dronlarından istifadə eləmir? Eləyir. Ermənistan İran dronlarını almaq üçün neçə vaxtdır növbəyə durmayıb? Durub. Bunu ötən oktyabrda SEPAH-ın keçmiş komandanı və Xomeneinin baş hərbi köməkçisi general-mayor Yəhya Rəhim Səfəvi öz dili ilə bəyan eləmilşdi.

“Rusiyanın səlahiyyətli qurumları İranın İsfahan şəhərində hərbi zavoda hücumla bağlı məlumatları öyrənir. Təbii ki, bizim səlahiyyətli xidmətlərimiz indi baş verənlərlə bağlı az-çox tam təsəvvür əldə etmək üçün məlumatları təhlil edir. İstənilən halda, biz suveren dövlətə qarşı yönəlmiş bu cür hərəkətləri qınayırıq”.

Bu açıqlama isə Putinin sözçüsü Dmitri Peskovdan gəlib.

“Oğru elə bağırdı ki…” İşə bax. Bəs sən bir ildir suveren Ukraynanın ərazində nə gəzirsən? Rus ordusu orada nə axtarır, nə ilə məşğuldur? Gəzintiyəmi gedib?

Bu, yalnız 44 günlük müharibədən, kapitulyasiyadan sonra Ermənistanın beynəlxalq hüquqdan danışmasına bənzəyir. Təcavüzkarlar, onların leksikonu necə də bir-birinə oxşayır.

Burda deyiblər: qaçan da “Allah çağırır, qovan da”. Ancaq Allah yalnız onlardan birini eşidəcək – haqlı olanı. Fərq eləməz, qaçan olsun, ya qovan…

Söz düşmüşkən, riya və saxtakarlıq üzrə İran və Rusiya rejimlərindən əsla geri qalmayan, hətta dünya rekordçusu olan Ermənistan adlı qondarma dövlətin parlamentinin vitse-spikeri Ruben Rubinyan hələ görün nə deyir.

Sitat: “Ermənistanın Artsaxda heç bir qoşunu yoxdur və ora silah və mina daşımayıb. İkincisi, Üçtərəfli Bəyanatda (10 noyabr 2020 – Z.S.) deyilmir ki, belə şey (yəni Qarabağa silah-sursat, mina daşımaq – Z.Ş.) olmaz. Yəni Ermənistan ora silah və mina daşısa belə, Bəyanatda buna qarşı məhdudiyyətlər yoxdur. Amma bir daha deyirəm, Ermənistanın Artsaxda qoşunları yoxdur və silah və sursat göndərməyib. Üstəlik, Ermənistan və Artsaxın Berdzor (Laçın – Z.S.) dəhlizində nəzarət səlahiyyəti və funksiyaları yoxdur, o, Rusiya sülhməramlılarının nəzarəti, Azərbaycanın isə zəmanəti altındadır”.

Yenə əndazə aşan erməni həyasızlığı, hay sırtıqlığı.

Diqqət: erməni rəsmisi Laçını uydurma adla – “Berdzor” adlandırır. Guya erməni torpağı imiş kimi. Əvvələn, bu İrəvanın Azərbaycana ərazi iddiasının rəsmi səviyyədə davam etdiyinin növbəti bariz təsdiqidir. Çünki Azərbaycan ərazisində “Berdzor dəhlizi” yoxdur, heç vaxt da olmayıb.

Amma Paşinyan başda olmaqla, Ermənistan rəsmiləri yeri gələndə bir ağızdan banlayırlar ki, bizim Azərbaycana ərazi iddiamız yoxdur. Elədirsə, canınız çıxsın, toponimlərimizin adını düz tələffüz edin! Axı Laçın heç keçmiş DQMV-yə də daxil olmayıb.

İkincisi, erməni əgər burdan bura, hələ “mürəkkəbi” qurumamış 10 noyabr sənədini belə təhrif edirsə, gör 100 il, 500 il qabaqkı sənədlərin başına hansı oyunu açıb!..

Rubinyanın yaddaşını təzələyirik. Kapitulyasiya aktının 4-cü bəndində deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq yerləşdirilir”.

Nə demək bu? O demək ki, erməni silahlı birləşmələri çoxdan Qarabağdan çıxmalı idisə, təzədən Laçın yolu ilə ora qanunsuz dəstələr, silah, hərbçilər, mina daşına bilməz(di)! Yəni əks-məntiq məsələsi: anklavda rus sülhməramlısı varsa, digər heç bir silahlı ola bilməz! 10 noyabr sənədində əlavə nə yazılmalı idi ki? Bu da sənə əsas – 4-cü bənd qadağası.

Laçın yoluna gəlincə, aydındır ki, Azərbaycan sırf humanitar məqsədlə buna razılıq verib. Sənəddə “humanitar” sözü yazılmasa da. Yəni yol yalnız dinc əhali üçündü, bandit-quldurların, silahların sərbəst keçidi üçün yox. Yenı sadə məntiqlə: heç bir normal, suveren dövlət öz ərazisinə qonşu ölkədən qanunsuz silah-sursatın, minaların daşınmasına öz əli ilə şərait yaratmaz, izn verməz, hələ üstəlik, öz üzərinə yazılı öhdəlik də götürə!

Bu da sənə 2-ci, daşdan keçən kontr-əsas…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button