İran prezidentinin xain tərcüməçisi – CASUS MUSƏVİ-MƏCD

Qasim Süleymaninin öldürülməsi də daxil olmaqla, İslam İnqilabı Keşikçiləri Korpusu komandirlərinin hərəkətlərini xarici xüsusi xidmət orqanları ilə bölüşdüyü iddia edilən Məcd edam olunub. Amma edamın arxasındakı düyün hələ də çözülməyib.

20 iyul İranda adi bir gün idi…

Həmin gün CIA və “Mossad”-a işləməkdə günahlandırılan Musəvi-Məcd soyadlı bir iranlıya edam hökmü icra edilib.

Dünya ictimaiyyəti bu soyadı ilk dəfə iyunun 9-da İran məhkəmə hakimiyyətinin mətbuat katibi Qulamhüseyn İsmailinin açıqlaması ilə eşidib.

O, Musəvi Məcdi xarici xüsusi xidmət orqanlarının nəfinə casusluqda günahlandırıb və Suriyadakı İnqilab Keşikçilər Korpusunun yüksək səviyyəli komandirlərinin, o cümlədən Qasim Süleymaninin hərəkətləri barədə məlumat ötürdüyünü iddia edib.

Sadə bir sürücü?

İnqilab Keşikçiləri Korpusu ilə bağlılığı olan “Farsnews” agentliyi Məcd ailəsinin hələ 1979-cu il inqilabından əvvəl Suriyada məskunlaşdığını və ticarətlə məşğul olduğunu yazıb.

Məlumata görə, Məcd Suriyada böyüyüb və Suriyadakı bəzi İran komandirlərinin sürücüsü olub.

“BBC Farsi” onun Livan və Suriyadakı yoldaşlarına istinadla, Məcdə fərqli bir profil verib.

Məlumata görə, Məcd Şamdakı İmam Xomeyni təhsil kompleksində ərəb dilini öyrənib. Hətta İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın 2009-cu ildə Dəməşqə səfəri zamanı prezidenti Bəşər Əsədlə görüşündə tərcüməçi kimi fəaliyyət göstərib.

2012-ci ildə ərəb dilini yaxşı bildiyinə görə o, Suriyadakı əməliyyatlar üçün “Qüds” Qüvvələrinə işə qəbul edilib.

BBC-nin paylaşdığı sənədlərdə Məcdin əli silahlı, hərbi kamuflyajda “Qüds” Qüvvələri komandirləri ilə birlikdə fotosu da var.

Digər bir fotoşəkildə Məcd İranın keçmiş Livan səfiri və Suriyanın keçmiş baş naziri ilə birlikdə görülür.

Kod adı: “Seyyid Heydər”

Vəkilinin verdiyi məlumata görə, Məcd “Seyyid Heydər” kod adı ilə “Qüds” Qüvvələrinin alt bölməsinə cavabdeh olub, Həma və İdlib kimi bölgələrdə xidmət edib.

İran məhkəməsinə məktub göndərən Məcdin atası Kazım Musəvi-Məcd də Suriyadakı qarşıdurmalarda oğlunun iki dəfə yaralandığını vurğulayıb.

Dostlarının verdiyi məlumata görə, Məcd bir vaxtlar Livanın cənubunda, İrana aid Şeyx Raqib hərbi xəstəxanasında müalicə olunub.

Bu xəstəxananın tibbi hesabatları Məcdin 2013-cü ilin may ayında orada müalicə olunduğunu həqiqətən təsdiqləyir.

İran məhkəməsi Məcdin Livanda tutulduğunu iddia etsə də, Məcdin atası və dostları onun Dəməşqin əl-Məzzə bölgəsindəki evindən qaçırıldığını və İrana aparıldığını söyləyirlər.

Məcdin Süleymaniyə sui-qəsddə iştirak etdiyi iddia edilsə də, bu iranlı bütün dünyada əks-səda doğuran sui-qəsddən 17 ay əvvəl həbs olunub. Süleyman sui-qəsdindən təxminən 4 ay əvvəl isə haqında ölüm hökmü çıxarılıb.

“Məcburi etiraf üçün işgəncə verildi”

Musəvi-Məcd haqqında başqa bir məlumat Livan-ABŞ vətəndaşı, iş adamı və informasiya texnologiyaları mütəxəssisi Nizar Zakkadan gəlib.

15-18 sentyabr 2015-ci ildə İran qadın və ailə İşləri üzrə vitse-prezidentinin dəvəti ilə keçirilən “Davamlı İnkişafda Qadınlar üçün Beynəlxalq konfrans və sərgi”də iştirak etmək üçün Tehrana gedən Zakka İrandan qayıdarkən həbs olunub.

4 il Tehrandakı Evin həbsxanasında məhbus həyatı yaşayan Zakka bir müddət Məcd ilə eyni kamerda olub. O, Məcdin işgəncəyə məruz qaldığını və “Mossad”ın nəfinə casusluğu etiraf etmək istəmədiyini söyləyib.

(Xəstəxana qeydləri Məcdin Livanda müalicə edildiyini göstərir / Mənbə: “BBC Farsi”)

Zakka sosial mediada paylaşılan və Musəvi-Məcdə aid olduğu iddia edilən səs yazısının doğruluğunu təsdiqləyib. Bu səs yazısında Musəvi-Məcd deyir: “Heç vaxt ədalətli mühakimə olunmamışam. Media qurumları və müstəqil hüquqşünaslar qarşısında mənə qarşı irəli sürülən bütün ittihamlara cavab verməyə hazıram. Bəziləri ən qısa müddətdə edam olunmağımla şəxsi maraqlarını qorumağı hədəfləyirlər”.

Daxili haqq-hesab iddiaları

Dostları Məcdin Suriyadakı “Qüds” Qüvvələri daxilindəki qruplar arasında rəqabətin qurbanı olduğunu söyləyir.

Atası Kazım Musəvi-Məcd oğlunun İnqilab Keşikçiləri Korpusunda bəzi güclü qruplara qurban verildiyini söyləyib: “Oğlum İrana gələndə “Qüds” Qüvvələrinin bəzi üzvlərinin korrupsiyalaşma, mənəvi aşınma və narkotik istifadəsi barədə yuxarı orqanlara məlumat vermişdi”.

Tərcümə: Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button