İrana hücum nağılı sionistlərin təbliğatıdır…

İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami

12.02.2012

İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami son günlərdə bir sıra beynəlxalq KİV-lərdə bəzi ölkələrin İrana hücum edəcəyinə dair xəbərlərlə bağlı mətbuata münasibət bildirib: “Belə məlumatların yayılması ABŞ və İsrailin piarı və təbliğatıdır. Onlar öz daxili problemlərini ört-basdır etmək üçün belə təbliğatlar aparırlar”.

Onun sözlərinə görə, dünyanın hər hansı yerində hər hansı bir media İrana hücum nağılını təbliğ edirsə, demək sionistlərin təbliğatına uyub: “ABŞ bundan öncə də İrana hücum edib. Səddam rejiminin İrana hücumu və 8 illik müharibəni onlar dəstəkləyirdi. Həmin müharibədə Səddam rejimi Avropa, ABŞ və SSRİ-dən silahla təmin edilirdi. Onların bu muharibədən nə qazandığını hamı gördü. Bu o zaman idi ki, İranın cəbhənin ön xəttində tikanlı məftil qoymağa belə imkanı yox idi. İran hazırda hərbi sahədə elə bir nöqtəyə çatıb ki, hər hansı ölkənin İrana hücum etməyi düşünməyə belə cəsarəti çatmaz. ABŞ-ın və ya İsrailin İrana hücum etmək fərziyyəsi kökündən yanlışdır, lakin qeyri-mümkünü fərz etmək qeyri-mümkün deyil. Misal üçün, əgər bizim neftimizin satışına qadağa qoyulsa, Hörmuz boğazından bir damcı da neftin keçməsinə icazə verməyəcəyik. Onda, görün, nə baş verəcək və kim qalib gələcək? İran Hörmuz boğazında hərbi təlim keçirdi və öz iqtidarını göstərdi. İran xalqı dözümlü xalqdır. İran əsgərləri müharibə dövründə oruc tutub döyüşürdülər. Hansı ölkənin əsgərləri oruc tutub döyüşə bilər? İran sülhsevər, dünyanın sülh, əmin-amanlıq, ədalət və səmimiyyət şəraitində olmasını istəyir. Lakin əgər İrana hücum hər hansı bir ölkə ərazisindən baş tutarsa, ilk növbədə, bu hücumun nəticəsində elə həmin ölkənin özü məhv olacaq. Bundan başqa, hər hansı ölkə İrana hücuma dəstək göstərərsə də məhv olacaq”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button