İranda əxlaq polisi ləğv edilib-hicab məsələsinə də yenidən baxılır

İranda əxlaq polisi ləğv edilib. Bunu ölkənin baş prokuroru Məhəmməd Cəfər Montazeri deyib.

Qərar iki aydan artıqdır davam edən kütləvi etirazlar fonunda qəbul edilib.

“Əxlaq polisinin ədalətlə heç bir əlaqəsi yoxdur”, – baş prokuror əlavə edib.

Montazeri həmçinin bildirib ki, hökumət qadınların hicab taxmasını tələb edən qanuna yenidən baxa bilər. Onun sözlərinə görə, indi bu məsələ parlament və Ədliyyə Nazirliyi tərəfindən birgə müzakirə olunur, bir-iki həftəyə qərar verilə bilər.

Bundan əvvəl İran rəsmiləri etirazçıların tələblərinin yerinə yetirilə biləcəyi ehtimalını etiraf etmirdilər.

İran hakimiyyəti iğtişaşları qızışdırmaqda ABŞ, İsraili, onlarla əlaqəli “terrorçu və separatçı qrupları”, habelə İraqda yerləşən kürd müxalifətçiləri günahlandırıb.

Rəsmi olaraq “Davranış Patrulu” adlandırılan əxlaq polis 2006-cı ildə prezident Mahmud Əhmədinejadın dövründə yaradılıb.

Onun əməkdaşları iranlıların, ilk növbədə qadınların müəyyən qaydalara riayət etmələrini və hicab taxmalarını izləyiblər. İranlı qadınlar dəfələrlə patrulun kobudluğuna və təhqirlərinə şahidlik ediblər.

İranda etirazlar sentyabrda kürd azlığından olan 22 yaşlı qadın hüquqları müdafiəçisi Məhsa Amininin ölümündən sonra başlayıb.

Aminini əxlaq polisi baş örtüyünü açma ittihamı ilə saxlayıb; O, polis bölməsindən xəstəxanaya aparılıb və bir neçə gün sonra orada vəfat edib.

Etirazçılar onun ölüm səbəbinin döyülmə olduğunu düşünürlər.

Paytaxt Tehran da daxil olmaqla ölkənin hər yerində üçüncü aydır polis zorakılığına və daha geniş mənada İran hakimiyyətinin fərqli fikirlərə qarşı mübarizəsinə, hazırkı İran ali rəhbəri ayətüllah Əli Xameneyi-nin devrilməsi və ölkənin demokratikləşməsi uğrunda etirazlar davam edir.

Osloda yerləşən İran İnsan Haqları Təşkilatının məlumatına görə, etirazlar zamanı ölkə boyu hökumət qüvvələri tərəfindən azyaşlılar da daxil olmaqla 400-dən çox insan öldürülüb.

Noyabrın 14-də isə İran məhkəməsi etiraz iştirakçısına qarşı ilk ölüm hökmü çıxarıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button