İranda aksiyaya çıxan 5 nəfərin öldüyü deyilir

Yayımlandı: 20 Sentyabr 2022 13:45

Məsha Əmininin ölümü etirazlara səbəb olub

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra etirazlar başlayıb. Nəticədə 5 nəfər həlak olub.

Məhsa Əmini hicab qaydalarını pozması iddialarından sonra polisə aparılıb və bir neçə gün sonra – sentyabrın 16-da orada ölüb. Rəsmi məlumata görə, xəstəxanaya yerləşdiriləndən sonra beyin ölümü keçirib.

Qərbi Kürdüstan vilayətindən Tehrana qohumlarını görməyə gedən Əmini sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanıb. Onun həbsinin şahidi olanlar jurnalistlərə danışıblar ki, Əmini saxlanma mərkəzinə aparılarkən polis maşınında döyülüb.

Sentyabrın 18-də İranın Kürdüstan vilayətinin paytaxtı Sənəndəc şəhərində adamlar gecə küçələrə çıxaraq 22 yaşlı Məhsa Əmininin ölümünə etiraz ediblər.

“Hengaw” İnsan Haqları Təşkilatının sentyabrın 19-da yaydığı məlumata görə, İranın kürd regionundakı Divandərə şəhərində iki nəfər öldürülüb. Saqqızda isə daha iki nəfər həlak olub.

Azadlıq Radiosu yazır ki, bu qrup İranın qərbində kürdlərin yaşadığı ərazilərin monitorinqini aparır.

İnsan haqları təşkilatı Divandərədə dinc sakinlər Fuad Qədimi və Möhsin Mohamadinin “İran İslam Respublikası silahlı qüvvələrinin açdığı birbaşa atəş nəticəsində həlak olduğunu” bildirir. Daha 15 nəfərin yaralandığı xəbər verilir.

Qurumun digər tvitində deyilir ki, Saqqızdakı iki nəfər “İran rejimi qüvvələrinin açdığı birbaşa atəş”lə öldürülüb.

İran hakimiyyəti bu məlumatı rəsmi təsdiqləməyib. Dövlət televiziyası bir neçə etirazçının saxlandığını bildirsə də, ölənlərlə bağlı xəbərləri təkzib edib.

İnternetdə yayılmış həvəskar videolarda bir qrup qadın etirazçı hicablarını çıxararaq “diktatora ölüm” qışqırır. Onların Ali dini lider Ayətullah Əli Xameneyini nəzərdə tutduğu güman edilir.

Polisin etirazçıları dağıtmaq üçün havaya atəş açdığı, gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir. Azı 9 etirazçının xəsarət aldığı haqda məlumatlar var.

İran polis sentyabrın 19-da Əmininin ölümünü “bədbəxt hadisə” adlandırıb, bunun təkrarlanmasını istəmədiklərini deyib.

Daxili işlər naziri Əhməd Vahidi isə Əmininin daha öncə xəstəliyi olduğunu, hicab polisinin “saxlananları döymək üçün aləti olmadığını” iddia edib.

Hakimiyyətin təhdidinə baxmayaraq, Kürdüstanda, Qərbi Azərbaycan və Əlborz vilayətlərində şirkətlər, dükan sahibləri tətilə çıxıb, mağazalar qapadılıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button