İranda həbsdə olan tələbənin anası İlham Əliyevə müraciət etdi: “Vəziyyəti yaxşı deyil”

Yayımlandı: 27 Fevral 2024 15:41

Dilara Əsgərova oğlunun Azərbaycana gətirilməsini istəyir

İranda həbsdə olan Azərbaycan vətəndaşı, tələbə Fərid Əsgərovun anası Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Bu barədə Dilarə Əsgərova “Facebook” hesabında məlumat yayıb.

O bildirib ki, oğlunun sağlıq durumu pisdir və stressdən dişləri tökülüb:

“Oğlum Fərid Səfərli artıq bir ildir ki, İran həbsxanasında heç bir günahı olmadan, yalnız Azərbaycan vətəndaşı olduğuna görə cəza çəkir. Onun hazırda ciddi sağlıq problemləri var. Artıq 5-6 aydır ki, gündə bir neçə dəfə diş qıcanmasi ilə gedən nevroloji tutmaları yaranıb. Bu səbəbdən dişləri də tökülməyə başlayıb. Mən onun üzünü axırıncı dəfə 1 il əvvəl görmüşdüm: xoşbəxt, həyat dolu bir gənc idi. İndi o, İran həbsxanasında heç bir ziyarətçisi olmayan, ruh düşkünlüyü yaşayan bir insana çevrilib. Dəfələrlə xahiş etsə də, bizi bir dəfə də olsun görüntülü danışdırmırlar. Oğlumun gələcək taleyindən də çox nigaranam. Onun İran həbsxanalarında necə ağır bir dönəm yaşadığını təsəvvür edirəm. Özüm həkim olduğum üçün bilirəm ki, bu hal gələcəkdə onun səhhətində hansı ciddi problemlər və ağrılar buraxa bilər. Eyni zamanda, onun bu travmalardan reablitasiyası uzun illər çəkəcək”.

“Qarşıdan tariximizin ən önəmli bayramı sayılan Novruz bayramı gəlir. Bu bayram hər bir azərbaycanlı ailəyə sevinc və hüzur gətirir. Düşünürəm ki, bir azərbaycanlı olaraq bizim də sevinmək haqqımız var. Mən keçən Novruz bayramını İranın Tehran, Qum şəhərlərində oğlumu axtararaq gözüyaşlı keçirtdim. Görünən odur ki, bu bayramı da Fəridsiz, əzabla keçirəcəyəm. Amma bir ana olaraq bunu təsəvvür etmək istəmirəm”, – deyə Dilara Əsgərova müraciətində qeyd edib.

Əsgərova ölkə başçısından xahiş edir ki, oğlunun ölkəyə gətirilməsinə yardım etsin:

“Fərid Sizin oğlunuz Heydərlə yaşıddır, ADA Universitetində tələbə yoldaşı olublar. Buna görə də Siz oğlunuz Heydərin timsalında Fəridin gələcəklə bağlı nə qədər arzularının olduğunu aydın təsəvvür edə bilərsiniz. O, Almaniyada data analizi sahəsində ixtisaslaşıb və Azərbaycana bu sahədə xidmət etməyi arzulayırdı. Siz indiyə qədər hər zaman xaricdə haqsızlığa uğrayan vətəndaşlarımıza sahib çıxmısınız. Bir ana olaraq, Sizdən xahiş edirəm ki, Fəridin də Azərbaycana gətirilməsinə köməklik edəsiniz. İnanıram ki, Siz mənim müraciətimə biganə qalmayacaqsınız!”, – deyə o bildirib.

Fərid Səfərli nə zaman həbs olunub?

Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli 2023-cü il fevralın 20-də İrana səfərə gedib, martın 4-dən ondan xəbər almaq mümkün olmayıb.

O, İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

Bildirilir ki, qız praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi kəsilməyib.

Sonda qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib.

Bundan sonra Fərid İstanbuldan İrana səfər etməli olub.

Ailəsi uzun zaman Fərid Səfərlinin taleyindən məlumat ala bilməyib.

İyunun 1-də İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.

Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.

Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyni bildirib.

Tehranın Apelyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apelyasiya şikayətini təmin etməyib.

Azərbaycan Baş Prokuroru Kamran Əliyev ötən il sentyabrın 14-də Bakıda səfərdə olan İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında müzakirə aparıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button