
İranda 'Məhsa Əmini etirazları' keçirilir
İran polisi ötən il ölümünün ardından ölkə boyunca görülməmiş etirazlara səbəb olan Məhsa Əminin atası Əmyad Əminini saxlayıb.
Azadlıq Radiosunun İran xidməti yazır ki, Məhsa Əminin atası Əmyad Əmini bugün, sentyabrın 16-da səhər saatlarında evinin qarşısında təhlükəsizlik xidməti tərəfindən saxlanılıb.
Onların sözlərinə görə, Əmini ailəsinə evdən kənara çıxmağa icazə verilmir.
Əmini ailəsinin üzvləri deyir ki, onların yaşadığı küçə insanların yığılmasını əngəlləmək üçün hüquq mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.
İranda kürd əsilli Məhsa Əminin ölümünün birinci ildönümündə ölkənin bir çox yerində ali dini lideri əleyhinə və qadın haqlarına dəstək aksiyaları keçirilir.
Sentyabrın 15-də axşam saatlarında paytaxt Tehranın, şimal-şərqdəki Məşhəd və cənubdakı Şiraz kimi böyük şəhərlərdə nümayişçilər “Diktatora ölüm!”, “Qadın, həyat, azadlıq!” kimi şüarlarla yürüşlər keçirib.
Azadlıq Radiosu xatırladır ki, Əmini hicab qanununu pozduğu iddiası ilə həbs edilmiş, 2022-ci il sentyabrın 16-da polis nəzarətində ikən həyatını itirmişdi. Onun ölümü İranda görünməmiş hökumət əleyhinə etiraz dalğasına səbəb olmuşdu. Bu etirazlarda beş yüzdən artıq insan həyatını itirib.