İranda pakistanlı zəvvarların olduğu avtobus aşıb, 28 nəfər ölüb
Yayımlandı: 21 Avqust 2024 14:34
Hadisəyə səbəb kimi əyləc sisteminin nasazlığı göstərilir
İranda pakistanlı zəvvarları daşıyan avtobus aşıb. Nəticədə, 28 nəfər ölüb, 23 nəfər yaralanıb.
İran yol polisinin apardığı ilkin araşdırmalara görə, qəzaya səbəb avtobusun əyləc sistemindəki nasazlıq olub.
Hadisə İranın mərkəzi Yəzd əyalətində baş verib.
“Qəzada ölənlərin 11-i qadın, 17-si kişidir. Yaralılardan 7-nin vəziyyəti ağırdır və 6 yaralı hazırda xəstəxananı tərk edib”, – Yəzd əyalətinin böhran idarəsinin baş direktoru dövlət televiziyasına bildirib.
Rəsmi əlavə edib ki, Pakistanın İrandakı konsulluq xidmətləri qəzanı izləmək üçün Yəzd əyalətinə dəvət olunub.
Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani X-də yazıb:
“Qonşu və qardaş Pakistan hökumətinə və həlak olan ailələrə səmimi başsağlığımızı bildiririk. İranın müvafiq orqanları yardım və müalicə xidmətlərini fəal şəkildə davam etdirir”.
Hazırda milyonlarla şiə müsəlman İraqın Kərbəla əyalətində Ərbəin ziyarətini həyata keçirir.