İranda prezident seçkilərinə altı namizəd buraxılıb

İran Konstitusiyasının Keşikçilər Şurası iyunun 28-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün altı namizədi təsdiqləyib. Şura namizədliyini irəli sürənlərin əksəriyyətini qeydə almaqdan imtina edib. O cümlədən keçmiş prezident Mahmud Əhmədinejad və parlamentin keçmiş sədri Əli Laricani namizədlər siyahısına düşməyiblər.

İranın əvvəlki prezidenti İbrahim Rəisinin mayın 19-da təyyarə qəzasında həlak olması səbəbindən seçkilər vaxtından əvvəl keçirilir.

Seçkilərə buraxılan namizədlər arasında nüvə sazişi üzrə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik etmiş Səid Cəlili də var. O, İranın ali dini lideri Ayətullah Xameneiyə yaxın ultra-mühafizəkar kimi tanınır. Seçkilərin favoritləri arasında sayıla biləcək daha iki mühafizəkar – vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi və parlamentin hazırkı sədri Məhəmməd Bağer Qalibafdır.

Deputat Məsud Pezeşkian islahatçılara aid edilən yeganə namizəddir. Keçmiş daxili işlər naziri Mustafa Purməhəmmədi və Tehran meri Əlirza Zəkani də seçkilərdə iştirak edəcəklər.

Konstitusiya Keşikçiləri Şurası altı hüquqşünas və altı ruhanidən ibarətdir, ali rəhbərin iradəsinin icraçısı hesab olunur.

İranın dövlət başçısı ali rəhbər Seyid Əli Xameneidir. Prezident xüsusilə xarici siyasət sahəsində çox məhdud səlahiyyətlərə malik icra hakimiyyəti başçısıdır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button