İranda prezidentliyə 6 namizəd təsdiqlənib

Yayımlandı: 10 İyun 2024 12:27

Əhmədinejadın namizədliyi qeyd alınmayıb

İran İslam Respublikasında iyunun 28-də keçiriləcək növbədənkənar prezident seçkilərində 6 namizəd mübarizə aparacaq.

“Tasnim” agentliyinin yazdığına görə, namizədlər İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf, Tehranın meri Əlirza Zəkani, İran Ali Rəhbərinin İran İslam Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, keçmiş ədliyyə və daxili işlər naziri Mustafa Purməhəmmədi, deputat Məsud Pezeşkian və İranın hazırkı vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimidir:

Parlamentin keçmiş spikeri Əli Laricani, keçmiş prezident Mahmud Əhmədinejad, keçmiş vitse-prezident İshaq Cahangiri, yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaşın növbədənkənar seçkilərdə namizədlikləri təsdiq edilməyib”.

İyunun 9-da İran Konstitusiyası Keşikçiləri Şurası namizədlərin adlarını Daxili İşlər Nazirliyinə göndərib.

Seçki kampaniyası dünən başlayıb və iyunun 26-dək davam edəcək.

1979-cu ildə İslam İnqilabının qələbəsindən sonra 14-cü olan yeni administrasiya iyunun sonu və ya iyulun əvvəlində hakimiyyəti təhvil alacaq və dörd il müddətində vəzifəsini icra edəcək.

Mayın 19-da İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Azərbaycandan qayıdarkən helikopteri qəzaya uğrayıb.

Nəticədə İbrahim Rəisi də daxil olmaqla, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imam cüməsi Əli Haşimi, Şərqi Azərbaycan valisi Malik Rəhməti və digər şəxslər həlak olublar.

Konstitusiyaya əsasən, I vitse-prezident Məhəmməd Möhbər yeni prezident seçilənə qədər İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin təqdiri ilə prezident səlahiyyətlərini müvəqqəti icra edəcək.

 İbrahim Rəisi 2021-ci ildə Prezident seçilib.

O,  28,6 milyon seçicidən 17,6 milyonun səsini alaraq qalib elan olunmuşdu.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button