İranlını 70 min manata vuran killerə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sifarişli qətl törətməkdə təqsirli bilinən Şahvələd İmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Şahvələd İmanov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən məhkəmə prosesində dövlət ittahamçısı Ş.İmanovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəmiş, qətlin sifarişçisi Aydın Rüstəmovun isə anlaqlı olub-olmaması ilə bağlı təkrar məhkəmə-tibbi ekspertizasının təyin olunması barədə vəsatət qaldırmışdı. Vəsatət təmin olunmuş və ekspertizanın rəyi açıqlanana qədər məhkəmə prosesi təxirə salınmışdı.

Qeyd edək ki, bu cinayət hadisəsi 2013-cü ilin may ayında baş verib. “Şəms” MMC firmasının sahibi Mirəli Həqzadə yaşadığı binanın qarşısında naməlum şəxs tərəfindən 23 bıçaq zərbəsi almaqla ağır yaralanıb. Yaralı xəstəxanada əməliyyat olunsa da gecə saatlarında müəmmalı şəkildə dünyasını dəyişib.

Hadisədən bir qədər sonra mərhumun sifarişlə qətlə yetirildiyi məlum olub. Qətlin sifarişçisinin əslən Qərbi Azərbaycandan olan 1966-cı il təvəllüdlü Rüstəmov Aydın Aslan oğlu, icraçının isə onun həmyerlisi, əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü İmanov Şahvələd Mürsəl oğlu olması müəyyənləşib.

Hadisədən sonra Şahvələd İmanov yaşadığı Göygöl rayonuna qaçsa da, çox keçməyib ki, həbs olunub. İlkin dindirilmə zamanı sifarişçinin Aydın Rüstəmov olması müəyyənləşib.

İstintaqın gəldiyi nəticəyə görə, A.Rüstəmov 1996-cı ildən etibarən M.Həqzadə ilə dərman preparatlarının satışı ilə bağlı kommersiya fəaliyyəti ilə məşğul olub. 2011-ci ilin əvvəllərindən 2013-cü ilədək müxtəlif vaxtlarda M.Həqzadədən “Şəms” MMC firmasının nizamnaməsində dəyişiklik etməklə onu firmanın müəyyən bir hissəsinə rəsmi payçı kimi rəsmiləşdirməsini tələb edib. Lakin M.Həqzadə onun tələblərini rədd edib.

Odur ki, A.Rüstəmov tamah məqsədilə onun qətlini sifariş verməklə qisas almaq və ticarət obyektinə payçı olmaq qərarına gəlib. O, 2013-cü ilin fevral ayından əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunmuş Ş.İmanovla cinayət ələqəsinə girərək M.Həqzadənin qətlini sifariş verib və ona bu işin müqabilində 70 min manat pul verəcəyini vəd edib. Buna görə də Ş.İmanova M.Həqzadənin özünü, sonra da yaşadığı Bakı şəhəri, Ə.Qasımzadə küçəsindəki 72 saylı mənzilini göstərib.

A.Rüstəmovun sifarişinə əsasən Ş.İmanov həmin gündən etibarən adı çəkilən şəxsi öldürmək üçün onun yaşadığı evin qarşısında müşahidə apararaq gözləyib. 16 may, 2013-cü ildə saat 23 radələrində M.Həqzadə “Prado” markalı avtomaşını ilə yaşadığı binanın həyətində dayanarkən Ş.İmanov ona hücum edərək çoxsaylı bıçaq zərbələri endirib.

M.Həqzadə qışqıraraq qonşuları köməyə çağırdığından Ş.İmanov yaxalanacağından ehtiyat edərək hadisə yerindən qaçıb.

Cinayəti başa çatdıra bilməyən Ş.İmanovun yarımçıq qoyduğu “işi” A.Rüstəmov davam etdirib. O, ertəsi gün günorta saatlarında işlədiyi aptekə gələrək 10 mq “Strefontin K” dərman preparatı götürüb və 10 qramlıq şprisə çəkərək cibində saxlayıb. M.Həqzadənin müalicə olunduğu Kliniki Tibbi Mərkəzə yollanıb və yaralı dostuna qulluq etmək adı ilə gecəni M.Həqzadənin yanında qalıb. Gecə yarısı onun yatmasından və köməksiz vəziyyətindən istifadə edərək M.Həqzadənin qoluna taxılmış kateter vasitəsilə dərmanı venasına yeridib. Dərmanın yüksək təzyiqlə qlikozit intoksikasıyasından M.Həqzadənin ürək fəaliyyəti tam dayanıb. A.Rüstəmov Ş.İmanova vəd etdiyi puldan 40 min dollar verib.

Təqsirləndirilən şəxs qismində istintaqda dindirilən A.Rüstəmov M.Həqzadənin kim tərəfindən bıçaqlanmasını və öldürülməsini bilmədiyini göstərib. Amma sonradan hər şeyi olduğu kimi danışıb.

A.Rüstəmov mərhumun əsl adının Həqqi Musəvi olduğunu, 1976-ci ildə Cənubi Azərbaycanda (İran) doğulduğunu, sonradan ad və soyadını dəyişdirdiyini bildirib: “Onlar 1988-ci ildə Bakı şəhərinə köçüblər. Əvvəlcə Ucar rayonundan olan bir qadınla ailə qurmuş, amma övladı olmadığına görə ayrılmışdı. Sonradan rayonda qadınlara sataşdığına görə onu Ucardan qovmuşdular. Mirəli nə kiril, nə də latın əlifbasında yazıb-oxumağı bacarmadığı üçün ona köməklik edirdim, obyektləri bir yerdə icarəyə vermişdik. Amma mənim zəhmətimin əvəzini vermirdi. Dəfələrlə tələb etmişdim ki, obyektlər birgə işlərimizin nəticəsində bu vəziyyətə gəlib. Obyektin nizamnaməsini dəyişib hər ikimizin adına şərikli sənədləşdirməsini təklif etmişdim. Mirəli isə bu barədə söz düşəndə məni nalayiq sözlərlə söyürdü. Onun bu sözləri və son dərəcə əxlaqsızlığı məni cana doydurmuşdu. Mirəli gördüyü qadınları nəyin bahasına olursa olsun onları ya aldadıb, ya şirin dilə tutub, ya da pul gücünə yoldan çıxarıb onlarla yaxınlıq edir, sonra da ayrılırdı. Yola gətirə bilmədiyi qızları aldatmaq üçün küçədən keçən yaşlı qadın, kişiləri ata-anası kimi təqdim edərək həmin qızların evinə elçi göndərir, evlənmək təklif edirdi. Qızların etibarını qazanan kimi öz evinə aparır, onlarla intim əlaqədə olurdu.

Biz birlikdə Həcc ziyarətində olanda Mirəlinin yaxın qohumlarından biri ona əxlaqsız hərəkətlərinə son qoyması ilə bağlı məsciddə tövbə etdirmişdi. Amma Mirəli yenə də tövbələrə məhəl qoymur, öz əməllərini davam etdirirdi. Mayın 17-dən 18-ə keçən gecə qəti qərara gəldim ki, nəyin bahasına olursa olsun Mirəlini şəxsən özüm məhv etməliyəm. Ona görə də işlədiyim aptekə gəlib 10 ampula “Strefantin”i 10 qramlıq şprisə çəkib cibimə qoydum, xəstəxanaya getdim. Mirəlinin yatdığı palataya qalxdım. Oradakı polis işçisi tualetə keçən kimi şprisi çıxarıb venasına birləşdirilmiş kateterə yeritdim. Sonra kənara çəkilib qonşu çarpayıda uzandım. Təxminən 40 dəqiqə sonra Mirəli “öldüm, öldüm” deyə qışqırdı. Səsə tibb bacısı gəldi. Təzyiqi düşdüyü üçün onu reanimasiyaya apardılar. Sonrasa öldüyünü eşitdim.

Polislə birlikdə Mirəlini morqa təhvil verdik. 18 mayda Şahvələdə 40 min dollar verdim. Şahvələdə “Mirəlini sən öldürmədin, məcbur olub mən özüm öldürdüm” dedim”.

Xatırladaq ki, istintaq zamanı M.Həqzadənin ölümündən əvvəl Bakı şəhərində bir neçə qızı zorladığı müəyyən olunub. Hətta həmin qızlardan birinin intihar etdiyi də bildirilir. Ölümündən əvvəl Mirəli özü tanışlarının yanında deyibmiş ki, bu əməllərinə görə onu bir gün öldürəcəklər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button