İrlandiyanın Baş naziri Fələstin dövlətini tanıdıqlarını elan etdi

Yayımlandı: 22 May 2024 13:07

Simon Harris Norveç və İspaniyanın da bu addımı atacağını bildirib

İrlandiyanın Baş naziri Simon Harris Fələstin dövlətini tanıdığını elan edib. O, mətbuat konfransında deyib ki, dünya liderləri ilə danışdıqdan sonra gələn həftələrdə digər ölkələrin də onu izləyəcəyini gözləyir:

“Bu gün İrlandiya, Norveç və İspaniya Fələstin dövlətini tanıdığımızı elan edirik”.

Baş nazir əlavə edib ki, o bir sıra digər liderlər və həmkarları ilə danışıb, əmindir ki, növbəti həftələrdə bu mühüm addımı atmaqda başqa ölkələr də onlara qoşulacaq.

Onun sözlərinə görə, iki dövlətli həll İsrail, Fələstin və onların xalqları üçün sülh və təhlükəsizliyə aparan yeganə etibarlı yoldur.

Harris qeyd edib ki, dövlətçiliyin tanınması tarixini nəzərə alaraq bu, İrlandiyada xüsusi rezonans doğurub.

“Dünya səhnəsində öz yerimizi tutmaq, orada olmaq haqqının başqaları tərəfindən tanınması dövlətimizin qurucuları üçün ən mühüm məsələ idi”.

İrlandiya. Foto: Reuters

O əlavə edib ki, İrlandiya İsraili “qonşuları ilə təhlükəsiz və sülh şəraitində” mövcud olmaq hüququnu tam tanımağa çağırıb. Eyni zamanda, tələbləri Qəzzada olan bütün girovların dərhal geri qaytarılmasıdır.

Mayın 8-də Baham adaları Fələstini müstəqil dövlət kimi rəsmən tanıdığını elan edib. Keçən ay Barbados və Yamayka Fələstini tanımaq qərarını açıqlamışdı.

Bugünədək BMT-yə üzv olan 193 ölkədən 139-u Fələstin dövlətini tanıyıb.

1988-ci ildə qurulmuş Fələstin Dövləti Şərqi Qüds də daxil, 1967-ci il müharibəsindən bəri İsrailin nəzarəti altında olan İordan çayının qərb sahili və Qəzza zolağı üzərində suverenliyini elan edib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button