İsa Qəmbər – müxalifətin monopolist baryeri

Vüqar Bəyturan: «Bu, bir siyasi ticarət idi ki, Əli Kərimliyə verəcəyim dəstəyin əvəzində mənə sifasi fəaliyyətim üçün geniş imkanlar açacaq, hətta İsa Qəmbəri də inandırmağa çalışacaqdı ki, mənimlə əməkdaşlıq etsin»

Vüqar Bəyturan Azərbaycanın gənc və uzun zamandır siyasətdə olan nümayəndələrindəndir. Maraqlıdır ki, bu çapda siyasətçiləri siyasətimizin «balinaları» (ifadə Tahir Kərimliyə məxsusdur) özlərinə lazım olanda böyüdüb-böyüdüb onlarla gözlərimizi yağır edirlər, lazım olmayanda isə onları gərəksiz əşya kimi kənara tullayıb fikirlərinə «qeyri-ciddidir» yarlığı yapışdırırlar. Sual olunur ki, bu adamlar ki qeyri-ciddidir, o zaman ən güclü müxalifətdaxili birləşmə-qruplaşmalarda onların nə işləri vardı? Yox, siz ki onları hər zaman projelərinizin başında oturdubsunuz, o zaman tərs fikir söyləyəndə niyə qocunursunuz.

Bu müsahibə Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturanın qocundurucu müsahibələrindən biridir. Onun ilginc və ciddi iddiaları var. Müxalifətdaxili münasibətlər və digər məsələlər haqqında siyasətimizin bu gənc nümayəndəsinin maraqlı fikirləri var.
Qonağımız Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturandır…

Əvvəli ötən sayımızda

– Yəni siz bütün deyilənlərin tam inandırıcı olması üçün əsasınızın olduğunu bildirirsiniz?

– Bəli, o adamın şəxsiyyəti o qədər ciddi idi ki, ona inanmamaq mümkün deyildi. Bu gün də həmin adam lazım gələrsə o vaxt dediklərini təsdiqləyə bilər. Bu məsələdən DUİ rəhbərlərinin və üzvlərinin də xəbəri var idi. Bu baxımdan, hesab edirəm, bu məsələni artıq ictimaiyyətə çatdırmaq lazımdır, ən azı ona görə ki, müxalifət daxilində qeyri-səmimiliyin olduğunu, nə qədər fürsətcil siyasət aparıldığını hamı görsün. Belə şeylər müxalifətdaxili yeniliklərə, əlavə işlərə start vermiş olacaq.

– Ancaq bütün bunların tam aydınlaşması üçün həmin adamın da kimliyini açıqlamalısınız. Onsuz da müsahibə dərc olunandan sonra buna ehtiyac duyulacaq. Onsuz da biz Rauf Arifoğlunun da fikirlərini öyrənib dərc edəcəyik. Əgər məsləhətdirsə, həmin adamın kimliyini açıqlayın…

– Problem deyil. Həmin adam Pənah Hüseyn idi.

– Pənah Hüseyn həqiqətən ciddi adamdır… Əgər Pənah Hüseyn gəlib deyirsə ki, Rauf Arifoğlu mətbu dəstək verəcək, artıq bunu ciddi qəbul etmək lazımdır.

– Bəli. Mən müəyyən məsələlərə görə onun adını açıqlamaq istəmirdim, ancaq bunun daha çox ziyan olacağını düşünürsünüzsə, onda hamının bilməyi gərəkdir. Pənah Hüseynin siyasi fəaliyyətindən də xəbərdarsınız, onun siyasətdə çəkisini də bilirsiniz, Pənah bəyin Rauf Arifoğlu ilə münasibətlərindən də xəbərdarsınız. Bu məsələ elə yerlərdə, elə adamların yanında müzakirə olunub ki, onu təkzib etmək heç kimin işi deyil. O vaxt da dəstək baxımından Rauf Arifoğlunun mənim arxamda olması, həmin dairədən namizədliyimi irəli sürmək üçün verəcəyim qərarın 80 faizini təşkil etdi. Bəyan etdim ki, məqsədim Əli Kərimli ilə mübarizə aparmaq deyil, ancaq həmin dairədə müxalifət elektoratına iddia edən namizədlərdən biri Əli Kərimllidir, digəri isə mən… Həmin bəyanatı dəyişən «Yeni Müsavat» qəzeti başqa bir formada yazı verdi ki, «Əli Kərimlini Vüqar Bəyturan ən şanslı namizəd sayır…» Bu, məni hövsələdən çıxardı. Əvvəldən mənə dəstək verəcəklərinə söz verməsəydilər, bu qədər təsir etməzdi. Bunlar dəstək vermək bir yana qalsın, mənim demədiyim sözü mənim adımdan yazaraq problem yaratdılar?

– Bəlkə heç Rauf bəyin bütün olanlarla heç bir əlaqəsi olmayıb?

– Rauf Arifoğlunun «Yeni Müsavat» qəzetində dərc olunan bütün yazılardan xəbəri var…

– Bizim Rauf Arifoğlu ilə iki məhkəmə hadisəmiz olub. Buna səbəb də «Yeni Müsavat» qəzetində dərc olunan iki yazı olub. Məhkəmə prosesində məlum oldu ki, həmin iki yazıdan ümumiyyətlə Rauf Arifoğlunun xəbəri olmayıb. O mənada, ola bilsin, Rauf Arifoğlunun bu prosesdən ümumiyyətlə, xəbəri olmayıb. Siz hər bir halda onun özü ilə danışdınızmı?

– Həmin ərəfədə redaksiyaya zəng vurub, təkzib vermələrini tələb etdim. Yazının müəllifi təkzib vermək əvəzinə, mənimlə diskussiyaya başladı və mənə sanki bir şeyləri anlatmağa çalışdı: «Siz özünüz belə demisiniz, dediklərinizin heç bir kontekstdən çıxarılmayıb» və s. Ola bilsin, jurnalist mənim dediklərimi tərs başa düşüb və bir şeyləri tərs yazıb. Mən bunun da qəbahətindən keçirəm, amma bir halda ki, mənim özüm şəxsən zəng vurub məsələnin yanlış olduğunu deyirəmsə və təkzib tələb edirəmsə, artıq burada deyiləcək başqa söz olmamalıdır. Mən demişdim ki, «yaxşı olardı ki, Azərbaycan müxalifəti həmin dairədən bir nəfər namizədlə çıxış etsin və onu da dəstəkləsin». Həmin yazını Əli Kərimli oxuyandan sonra mənə zəng vurub görüşmək istədiyini bildirdi.

– O görüşünüzlə bağlı mətbuatda ziddiyyətli məlumatlar dolaşdı…

– Sonuncu dəfə Əli Kərimli ilə 1998-ci ildə görüşmüşdüm. 12 ildən sonra məhz Əli Kərimlinin təşəbbüsü ilə bu görüş baş tutdu…

– Həmin yazı çıxandan sonra?

– Bəli. Bu görüşün olması təbii ki, mənim üçün çox maraqlı idi və bu da onu göstərir ki, Azərbaycan müxalifətində hakimiyyətə ümid və iddia edən şəxslər öz mənafeləri, öz siyasi maraqları naminə istənilən addımı ata bilərlər. Həmin görüşə qədər mən Əli Kərimli ilə nəinki görüşmək, heç salamlaşmamışdım da… Yəni münasibətlərimiz gərgin olub və bu da ondan irəli gəlib ki, – bu, ayrı bir mövzunun söhbətidir– biz eyni təşkilatda olmuşuq. O elə hesab edir ki, Vüqar Bəyturan ona xəyanət edib, «Yurd»u parçalayıb və s.

– Qəzetdə dərc olunan həmin yazının əsl müəllifi kim olub?

– Bu barədə bir neçə versiyam var. Birincisi, bu yazı AXCP sədrinin maraqlarını ifadə edir və onu oxuyandan sonra hər kəs dərhal bu qənaətə gələ bilər. O baxımdan, ola bilsin, Əli Kərimlinin xahişi ilə bu məsələ bu cür qoyulub. Çünki seçki kampaniyası zamanı bu cür yazılar hər bir halda Əli Kərimlinin təbliğat kampaniyasına öz müsbət təsirini göstərməli idi. Yazıda Əli Kərimlinin rəqibi onun haqqında guya deyir ki, «Əli Kərimli həmin dairədən ən şanslı namizəddir»… Bu yazıdan sonra da Əli Kərimlinin mənimlə əlaqə yaradaraq görüş istəməsi bu variantı bir daha gücləndirir. İkincisi, bu, azı həm də hakimiyyətdaxili qrupların maraq dairəsində olan bir məsələ olub. Təbliğat kampaniyası dönəmində həmin vaxta qədər mən bir kəlmə də olsun Əli Kərimlinin əleyhinə bir fikir söyləməmişdim. Hətta Əli Kərimliyə qarşı mübarizə aparmadığımı dilə gətirmişdim. Amma bu hadisə məni qıcıqlandırdı, hiddətləndirdi və mən özümü haqlı sanaraq Əli Kərimlinin üzərinə getməyə başladım. Elə düşünürəm ki, bu iki variantdan biri həyata keçirilib. Bunu ancaq Rauf Arifoğlunun özü araşdıra bilər, çünki həmin məqalə «Yeni Müsavat» qəzetində dərc olunub. Yazının müəllifi də məhz onun tabeçiliyində işləyən əməkdaşlardan biri olub. Bəlkə həqiqətən də elə qruplar olub ki, iki müxalifət namizədinin arasına girib narazılıq yaratmaq və təbliğat kampaniyasına zərbə vurmaq istəyib? Bəlkə Əli Kərimlinin özü Rauf Arifoğlunun xəbəri olmadan əməkdaşı ilə əlbir olub və həmin informasiyanı ötürüb? Bunlar fikrimcə araşdırılmalıdır, gec də olsa… Özümə gəlincə, təbliğat prosesində tam sağlam, heç bir pərdəarxası maraq nümayiş etdirmədən rəqabət aparmışam…

– Əli bəylə harada görüşdünüz?

– Müsavat Partiyasının qərargahında… Görüşdə bir yerdə olduğumuz vaxtlardan, birgə fəaliyyət dövründən danışdıq. 1994-1998-ci illərdə Əli Kərimli ilə çox yaxın münasibətlərimiz olub. Siyasi ittifaqda olmuşuq, o dövrün dili ilə desək, «qaragüruhçuluğa» qarşı birgə mübarizə aparmışıq. Daha sonra həmin yazının üzərinə gəlmişik və o məndən fikirlərimi soruşub. Mən də fikirlərimi açıqlamışam və bildirmişəm ki, bəli, mən bəyanat vermişəm. Həmin bəyanatda da qeyd etmişəm ki, həmin dairədən müxalifət bir namizədlə seçkilərə qatılsaydı, daha yaxşı olardı. Çünki müxalifətin qüvvələri parçalanmamalıdır. Hamı yaxşı bilirdi ki, «Yeni Günəşli» massivində yaşadığım üçün orada mənim dayaqlarım daha güclüdür. Bu baxımdan, onun da marağında idi ki, təbliğat kampaniyası dönəmində mənim dəstəyimi alsın. Bu görüşün özü də təsdiqlədi ki, o vaxta qədər Əli Kərimli məndən başqa heç bir müxalifət nümayəndəsi ilə görüşməyib. Bu görüşün məqsədi Əli Kərimlinin seçkiqabağı ittifaq yaradaraq, əldə edə biləcək real səslərin sayını artırmağa nail olmaq idi. Bayaq açıq ifadə etdim ki, biz, o cümlədən Əli Kərimli də həmişə gəncliyin öndə olmasına, irəli getməsinə hesablanmış siyasət yeridirik. Hər ikimiz fikirləşmişik ki, yaşlı nəsil kənara çəkilməlidir və gənc nəslə yerini verərək, ona dəstək olmalıdır. Bu məsələdə mən fikirlərimi açıq ifadə etmişdim ki, Əli Kərimli geri çəkilməli və mənim namizədliyimi dəstəkləməlidir. Mənim bu fikrim Əli Kərimliyə şok təsiri buraxdı. O, yəqin ki, mənim belə fikirdə olduğumu gözləmirdi. Görüş ərəfsində onu bildirdim ki, Əli Kərimli istənilən nəticəni ortaya qoysa belə, parlamentə buraxılmayacaq. Əgər müxalifət marağından çıxış ediriksə, Əli Kərimli mənim namizədliyimi dəstəklədiyi halda bəlkə hakimiyyət ona mane olduğu qədər mənə mane olmayacaq. Əli Kərimlinin «Yeni Günəşli» və Qaraçuxur qəsəbəsində elektoratı var idi və həmin elektorat mənim namizədliyimi dəstəkləsəydi, təbii ki, çox yaxşı və ciddi nəticə əldə edə bilərdik. Təbii ki, bu, müxalifətin ümumi maraqlarının ifadəsi idi və Əli Kərimli öz siyasi partiya maraqlarından çıxış elədiyinə görə, buna razı olmazdı. Elə görüşdə də biz məsələni bu cür bitirdik, yəni heç bir ümumi razılıq əldə olunmadı. Görüşdən sonra bu barədə açıqlama verdim. Çox təəssüf ki, bu dəfə də «Yeni Müsavat» qəzeti həmin müraciəti dərc etmədi. Son nəticədə mən İTV ekranında namizələr üçün ayrılmış vaxt ərzində bu məsələnin üzərinə gəlməyə məcbur oldum və bildirdim ki, mən Əli Kərimlini şanslı namizəd saymıram, həmin dairədən də özümün qələbə qazanacağına inanıram…

– Əli Kərimli ilə İsa Qəmbər haqqında nə söhbətiniz oldu?

– Əli Kərimli məni inandırmağa çalışırdı ki, əgər mən ona dəstək versəm, müxalifət daxilində mənim qarşımda olan monopolist baryerlər aradan qallxacaq. Yəni heç kimə sirr deyil ki, bu gün Azərbaycan iqtidarında olduğu kimi, müxalifətində də monopoliya var. Özlərinin yandaş qəzetləri vasitəsilə onlar bu monopoliyanı çox güclü şəkildə sxemləşdirərək mexanizm halına salıblar və siyasi qüvvələrin heç birini ictimaiyyətlə kontakta buraxmırlar. Əli Kərimli onun namizədliyini dəstəklədiyim halda mənə çox ciddi siyasi fəaliyyət şəraiti yaradılacağına söz verdi və bunu da belə əsaslandırdı ki, onsuz da İsa Qəmbər heç zaman sizinlə yenidən müttəfiqlik etməyəcək. Ona görə ki, siz «Bizim Azərbaycan» blokunu özününküləşdiribsiniz. İsa Qəmbər də bu məsələdə çox kinlidir. Amma Əli Kərimli əsas siyasi partiyalardan biri kimi bizim mövqe tutmağımıza dəstək ola bilər. Bunun üçün İTV-dəki çıxış zamanı Əli Kərimlini dəstəklədiyimizi bildirmək kifayət edirdi. Bu, bir siyasi ticarət idi ki, Əli Kərimliyə verəcəyim dəstəyin əvəzində mənə sifasi fəaliyyətim üçün geniş imkanlar açacaq, hətta İsa Qəmbəri də inandırmağa çalışacaq ki, birlikdə əməkdaşlıq etsin. Yəni İsa Qəmbər mənə qarşı o qədər mənfi münasibətə malikdir ki, Əli Kərimli bunun qarşılığında onun münasibətlərini yumşaltmaq imkanı verirdi. Bu görüşdə bu söhbət baş tutmadığına görə, digər məsələlər də alınmadı. Nə Əli Kərimli ilə 12 il əvvəl olan münasibətlər bərpa olundu, nə də də digər məsələlər. Mən həmin görüşə yalnız bir məqsədlə gəlmişdim. O da ondan ibarət idi kİ, «Yeni Müsavat» tərəfindən mənə və təbliğat kampaniyama vurulmuş zərbəni aradan qaldırım. Bilirsiniz ki, müxalif elektorat «Yeni Müsavat»ın Oxucularıdır və həmin yazıdan sonra mənə yüzlərlə adam zəng vurub dedi ki, «siz doğrudanmı Əli Kərimlinin xeyrinə namizədliyinizi geri götürəcəksiniz?», «Siz doğrudanmı geri çəkiləcəksiniz?» Təbii ki, seçkidə iştirak edən hər bir kəs yaxşı bilir ki, belə bir hadisənin olması təbliğat kampaniyası üçün nə qədər böyük zərbədir. Bunu aradan qaldırmaq üçün mən yenidən mətbuata açıqlama verməli oldum və İTV-nin efirindən seçicilərimə olanları anlatdım.

– Amma rəsmi açıqlamalara görə 94 səs toplamısınız…

– 1 səs azaldıblar, 95 idi. Seçkinin nəticələri həqiqəti əks etdirmir. Bunu həm mətbuatın, həm də siyasətin önündə gedən adamlar yaxşı bilirlər. Həddindən artıq saxtalaşdırmalar baş verdi. Bu saxtalaşdırmada hərə bir cür cərimə aldı. Mənə verilən cəriməni açıqlamaq istəyirəm. Baxmayaraq ki, 31 saylı seçki dairəsindən hakimiyyət maraqlı idi ki, çox namizəd qeydə alınsın, amma mənim qeydə alınmamağımla bağlı göstəriş verilmişdi. Hakimiyyətin planının pozulmaması üçün qərara alınmışdı ki, mən seçkidən kənarda saxlanılım. Ammaciddi müqavimət göstərməyim, MSK-ya şikayətlər ünvanlamağım, MSK-dakı bəzi dostlarımızın bu məsələdə mənə tam ədalətin bərpa edilməsi üçün yardımçı olmaları, həmin qərarı bir növ ertələdi. Qeydiyyatdan keçdik. İmza vərəqələrinin verilməsi zamanı da ədalətsizliklə üzləşdim. Əli Kərimliyə 15 imza vərəqəsi verildiyi halda, mənə 10 vərəqə verilmişdi. MSK-ya və digər müvafiq qurumlara müraciət edəndən sonra 14 vərəqə almağa nail oldum. Ən radikal müxalifət kimi hesablanan Əli Kərimli AXCP sədri olduğu halda, mən ondan da çox hüquqları tapdanmış şəxsə çevrildim. Oktyabrın 13-də Fərəc Quliyev artıq təbliğata başladı və bu haqda dairəyə şəkillər təqdim etdik. Şəkillərə baxdılar və qərara gəldilər ki, təqdim etdiyim şəkillər fakt sayıla bilməz. Fərəc Quliyev təbliğat kampaniyası dönəmində dəfələrlə qaydaları pozdu, dəfələrlə qanunlara riayət etmədi, dəfələrlə dairə seçki komissiyasının ona etdiyi xəbərdarlıqları nəzərə almadı. Amma heç bir halda Fərəc Quliyevə qarşı ciddi tədbir görülmədi. Bu da onun göstəricisi idi ki, artıq hakimiyyətdə müəyyən fikir var imiş ki, həmin dairədə Fərəc Quliyevin namizədliyinə üstünlük verilsin. Biz dəfələrlə şikayətlərimizi bildirsək də, dinləyən olmadı. Hətta keçirilən virtual səsvermə saytı olan seçki.info–da da Fərəc Quliyev saxtakarlıq etmişdi. Üç gün içərisində birdən-birə bu adam məni də, Əli Kərimlini də ötərək birinci yerə çıxmışdı. Bu saxtakarlığın ortaya çıxmasında bizim xidmətimiz oldu. Mən saytın rəhbərliyi ilə danışdım və etirazımı bildirdim ki, belə bir şey mümkün ola bilməz. Bunun üçün gərək hər gün min nəfər Fərəc Quliyevə səs versin. Bilirdim ki, Fərəc Quliyevin bu cür imkanları və seçici dəstəyi yoxdur. Onlar məsələni araşdırdılar və həmin saxta səslər Fərəc Quliyevin hesabından çıxarıldı. Bu bizim saxtakarlığı aradan qaldırmaq üçün atdığımız ilk virtual addım oldu. Amma təəssüflər olsun ki, real aləmdə bu addımı ata bilmədik…

– Deyirsiniz ki, Fərəc Quliyev də digərləri kimi təyin olunub, seçilməyib?

Sonu gələn sayımızda

Hazırladı:
XuralTAC

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

2 şərh

  1. Xətrini dünyalar qədər istədiyim Vüqar Bəyturana 3 sualım var:
    1) Vüqar bəy, Siz əsgərlikdə olmusunuzmu və harada xidmət etmisiniz?
    2) Əsgərlikdə olmamısınızsa, niyə olmamısınız, Sizə əsgəri xidmət keçməyə mane olan səbəb nədir?
    3) Əsgəri xidmətdən yayınan birinin millətçilikdən danışması bir tərəfə, millətçi bir partiyaya rəhbərlik etməsi və millət vəkilliyi arzusu sizcə doğrumu?

    Mən əminəm ki, həmişə açıq danışması ilə başqalarından seçilən, obyektivlikdən bir an belə pəs etməyən, doğruları söyləyən, millətin dərdini öz dərdindən üstün tutan, milləti üçün LAZIM gəlsə canından belə keçməyə hazır olan çox hörmətli Vüqar Bəyturan bir hayranı olaraq mənim bu suallarımı ətraflı şəkildə cavablandıracaq. Əvvəlcədən təşəkkürümü bildirirəm.
    Hörmət və sayğılarımla Azərbaycanın ən böyük millətçisi Vüqar Bəyturanı özünə siyasi kumir olaraq seçmiş Fərəməz Novruzoğlu

    1. Birincisi, arzu etməzdim ki, sənin kimi şəxs məni kumir seçsin. Bu, bir az mənlik olmaz. Sən Fərəc Quliyevi kumir seçə bilərsən, neçə ki, seçkidə belə etdin. Bu şərhi də ona xoş gəlmək üçün yazdığın sirr deyil. Əvəzində nə alacaqsan, özün bilərsən. Bu təyin olunmuş birinin quru “sağ ol”u ola bilər, ya da… Hər halda insan layiq olduğunu alır. Mənə ilişmək məqsədilə yazdığın bu sualların cavabını verəcəyim ünvan sən deyilsən. Mənim millətçiliyimə şübhə edənin ….Yəqin başa düşdün. Bu şərhləri oxuyan oxucu bilsin ki, 1992-ci ildə 1-ci kursda təhsil alarkən mən ərizə yazıb, könüllü hərbi xidmətə getmək istəmişəm. 1997-ci ildə hərbi komissar məni otağından qovub ki, səni hərbi xidmətə apara bilmərik. İndi isə Novruzoğlunun xidmət etdiyi şəxsin nökərlik etdiyi hakimiyyət mənim bir boş yerimi taparsa, yəni qanunsuz nəsə aşkar edərsə, o saat mənimlə hesablaşar. Yəni, mənim alnım açıq, üzüm ağdır. Fərəməz bəy bilsin ki, MƏN AZƏRBAYCANDA XİDMƏT ETMİŞƏM, XİDMƏT ETDİYİM ÜNVAN İSƏ TÜRK MİLLƏTİ OLUB! Sənin kerçək kumirin kimi hərbi xidməti reklama çevirməmişəm, Bir vətənpərvər milli borcunu yerinə yetirirsə, buna görə millətin üzərinə minnət qoymamalıdır! Biz millətimiz uğrunda erkən yaşlarımızdan döyüşlərdəyik, hansı namussuz bizim millətçiliyimizə şübhə edə bilər?Necə deyərlər, eyvallah, işinizdə olun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button