İsa Qəmbər: “Qiyamın qarşısını almaq olardı”

“Heydər Əliyev parlament sədri vəzifəsinə gələn kimi bir daha göründü ki, bu adam həmin vəzifəylə kifayətlənmək istəmir, prezident olmaq, bütövlükdə hakimiyyəti ələ keçirmək niyyətindədir”

Milli hökümət dövründə parlamentin sədri olmuş, Müsavat Partiyasının eks başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər 1993-cü il 4 iyun Gəncə qiyamı ilə bağlı “Basta”ya müsahibə verib. Xural.com müsahibəni təqdim edir:

 

-İlham Əliyev demək olar ki, bütün çıxışlarında 4 iyun qiyamı ərəfəsində Azərbaycanın vətəndaş müharibəsi şəraitində oluğunu vurğulayır. Haqlıdırmı, yoxsa  bu sünii yaradılmış bir görüntü və Azərbaycanın müstəqilliyi əlehinə siyasətin bir parçası idi?

– Azərbaycanda 4 iyun qiyamı ərəfəsində deyil, 4 iyun qiyamı nəticəsində vətəndaş müharibəsi təhlükəsindən danışmaq olar.

4 iyun hadisələrinin gerçək hədəfi milli demokratik hakimiyyəti devirmək idi. Və bu xüsusi ilə Rusiya xüsusi xidmət orqanlarının müəyyənləşdirdiyi hədəf  idi. Bunun üçün ölkədə xaos yaratmaq da Rusiyanın əsas məqsələrindən biri idi və Rusiyanın Azərbaycandakı şəbəkəsi, əlaltıları və hakimiyyət hərisi olan müxtəlif  qüvvələr də bu  fəaliyyətdə bilavasitə iştirak edirdilər. Xaos, vətəndaş müharibəsi görüntüsü yaratmaq üçün müxtəlif addımlar atılırdı. Moskvanın təxribatı və bəzi yerli qüvvələrin xəyanəti nəticəsində Lənkəranda guya müxtar bir dövlət qurmaq cəhdi və başqa bu tipli addımlar da var idi. Təbii ki, həmin qüvvələr tərəfindən gərginlik artırılırdı və hansısa mərhələdə də qarşıdurma yaradıldı. Lakin bu Azərbaycandakı təbii hadisələr nəticəsində yaranan vəziyyət deyildi. Bu, Rusiyanın və  əlaltılarının yaratdığı vəziyyət idi. Artıq qiyam baş verdikdən və genişləndikdən sonra, Azərbaycandakı müxtəlif siyasi qüvvələr də Milli demokratik hakimiyyəti, legitim hakimiyyəti müdafiə etmək əvəzinə, Azərbaycanın bağımsızlığını, müstəqilliyini müdafiə etmək əvəzinə qiyamçılara dəstək verməyə başlayanda vətəndaş qarşıdurması ehtimalı kifayət qədər ciddiləşmişdi.Yenə deyirəm bu, Azərbaycandakı təbii proseslərin nəticəsi deyildi, kənardan yaradılmış stiuasiya idi.

-Azərbaycanda qiyamın təşkilatçılarının daxili güclər və Rusiya olduğu haqda konkret məlumatlar olsa da Türkiyə mediasında bu qiyama BP-nin də dəstək verdiyi, Heydər Əliyevin BP ilə silah qarşılığında neft müqaviləsi bağlaması barədə iddialar var. İddia olunur ki, Sürət Hüseynovun qiyam zamanı istifadə etdiyi silahlar məhz BP-nin neft qarşılığında verdiyi silahlardı. Sizcə bu məlumat nə dərcədə həqiqətə uyğundur?

 

– Mən əminəm ki, qiyamın arxasında dayanan Rusiya idi. Və qiyamçıların qiyamda istifadə etdiyi silahların yüzdə doxsan doqquzu, bəlkə də yüzdə yüzü Rusiya silahı idi. Azərbaycanda hökümətin dəyişməsinə maraqlı olan dövlət Rusiya ilə yanaşı, İran höküməti idi. İranın da Azərbaycanda hakimiyyətin dəyişməsinə maraqlı olduğu göz qabağındadır. BP-nin  bu prosesdə bilavasitə iştirak etməsi barədəki fikirlər mənə inandırıcı görünmür. Aydın məsələdir ki, nəinki böyük dövlətlər, hətta böyük şirkətlər də əməkdaşlıq etdikləri ölkələrdə gedən prosesləri ciddi öyrənirlər, araşdırırlar. Həmin ölkələrdəki müxtəlif qüvvələri; hakimiyyət qüvvələrini, müxalifət qüvvələrini, kənardan iştirak edən qüvvələri araşdırırlar. Və öz risklərini qiymətləndirməyə çalışırlar. Şübhəsiz, həmin şirkətlər Elçibəy hakimiyyəti kimi milli bir hakimiyyətin, Azərbaycanın maraqlarından kənar heç bir addım atmayan, heç bir halda öz marağına görə Azərbaycanın marağından güzəştə getməyən adamlarla anlaşmağın kifayət qədər çətin məsələ olduğunu dərk edirdilər. Kiminsə ürəyindən keçə bilərdi ki, daha zəif, öz marağını düşünən bir qüvvə hakimiyyətdə olsaydı bizim üçün rahat olardı. Ancaq bu o demək deyil ki, qiyamın arxasında dayanan həmin qüvvədir. Jurnalistlər həmin dövrdə nəinki qapalı informasiyanı, hətta açıq informasiyanı, o zamankı mətbuatı izləsə bir çox gerçəklərə cavabı elə orada taparlar. ABŞ və digər qərb ölkələri də Elçibəy hakimiyyətinə, Azərbaycandakı demokratik hakimiyyətə müsbət yanaşırdılar, rəğbətlə yanaşırdılar. Burada Rusiyanın əli ilə hakimiyyətin dəyişməsini, Rusiya meylli qüvvələrin hakimiyyəti dəyişməsini istəməzdilər. Onların rəsmi müraciətləri, açıqlamaları mediada var. Açıq-aydın onların mövqeyi görünür. Amma bu o demək deyildi ki, onlar Azərbaycan xalqının marağını öz maraqlarından üstün tutası idilər. Onlar görəndə ki, qiyamçılar üstün gəlirlər, onu da öz siyasətlərində nəzərə alırdılar. Yenə deyirəm, bu o demək deyil ki, bu qiyamın arxasında həmin qüvvələr dururdular. Bu mənim üçün inandırıcı deyil. Kimlərsə də daha ciddi arqumentlər, sübutlar varsa ortaya qoysalar, baxarıq.

-Əbülfəz Elçibəy Heydər Əliyevi Bakıya dəvət edəndə təhlükəni hiss edirdi, yoxsa baş verənlər onun özü üçün də gözlənilməz oldu?

 

-Əbülfəz Elçibəyin Heydər Əliyevi Bakıya dəvət etməsi hakimiyyəti təhvil vermək məqsədi daşımırdı. Yəni məqsəd siyasi müxalifətin aparıcı qüvvələrindən, əsas təmsilçilərindən biri olan Heydər Əliyevi də hakimiyyətə cəlb etməklə hərbi müxalifəti məğlub etmək, qiyamı yatırmaq idi. Əbülfəz bəy ilk mərhələdə hesab edirdi ki, Heydər Əliyev də bu məsələdə qanuni, legitim prezidentə dəstək verə bilər. Çünki 1993-cü ilin fevralında da bir böhran yaşanmışdı və həmin böhran zamanı Heydər Əliyev bəyanat verərək bütöv qüvvələri Azərbaycanın qanuni prezidenti Əbülfəz Elçibəyə dəstək verməyə çağırmışdı.Və bu gözlənti həmin mərhələdə də var idi. Amma Heydər Əliyev Parlament sədri vəzifəsinə gələn kimi bir daha göründü ki, bu adam həmin vəzifəylə kifayətlənmək istəmir, prezident olmaq, bütövlükdə hakimiyyəti ələ keçirmək niyyətindədir. Həmin mərhələnin də hadisələri kifayət qədər bilinir, sadəcə olaraq güman etmək olar ki, Əbülfəz Elçibəy Ayaz Mütəllibov kimi, Sürət Hüseynov kimi şəxslərin Azərbaycanın dövlət başçısı olub öz maraqlarına görə Azərbaycanın müstəqilliyindən də keçə  biləcəkləri ehtimallarını nəzərə alıb Heydər Əliyev kimi ən azı öz şəxsi marağına görə Azərbaycanın müstəqilliyindən vaz keçməyəcəyini güman etdiyi bir şəxsə üstünlük verdi. Amma bu, dediyim kimi, Əbülfəz Elçibəyin Heydər Əliyevi dəvət etməsi də əsas arqument deyildi, Heydər Əliyev gələndən sonra yaranmış vəziyyətdə arqument kimi ortaya çıxdı.

-Bəs İsa Qəmbər niyə istefa verdi?

 

-Həmin dövrdə bizim hakimiyyət komandasında vəziyyət müzakirə edilərkən iki əsas fikir, əsas yanaşma olub. Biri qiyamı yatırmaq, qiyamçılar dövlətin, legitim hakimiyyətin üzərinə silahlı qüvvə ilə gəlirlərsə, silahlı qüvvə ilə də onları məğlub etmək idi. İkinci mövqe isə ondan ibarət idi ki, siyasi müxalifəti hərbi müxalifətdən ayırmaq, hərbi müxalifətlə birləşməsinə imkan verməmək üçün siyasi müxalifəti də hakimiyətə cəlb etmək xətti seçilsin. Və həmin ikinci xətt seçildi. Seçiləndən sonra da Parlament sədri vəzifəsini biz öz nəzarətimizdə saxlamaq iddiasında olsaydıq həmin xətt inandırıcı görünməzdi. Ona görə mənim vəzifədən imtina etməyim, vəzifədən  getməyim labüd hala gəldi. Mən də 12 iyuna qədər bu prosesləri izlədim. 12 iyunda qiyamçılar Yevlax şəhərini nəzarətə götürdülər. Halbuki biz dövlət qüvvələrini Yevlax şəhərində yerləşdirmişdik ki, qiyamı Yevlaxa qədərki ərazidə lokallaşdıraq, qiyamçılarınYevlaxdan bu tərəfə keçməsinə imkan verməyək. Amma iyun ayının 12-də Azərbaycanın silahlı qüvvələri heç bir müqavimət göstərmədən Yevlaxı qiyamçılara təslim etdikdən sonra mənim artıq Parlament sədri vəzifəsində qalmağım hakimiyyətimizin qəbul etdiyi yanaşmaya zidd bir yanaşma olardı. Elə çıxardı ki, hakimiyyət bu böhranı dinc yolla, qansız həll etmək istəyir, İsa Qəmbər isə öz vəzifəsindən imtina etmək istəmədiyi üçün bu sülh yolu alınmır. Bu halda mənim istefa verməyim məcburi addım idi.

-Ümumiyyətlə, sizcə 4 iyun qiyamının qarşısını almaq mümkün idi?

 

-O zaman da mən o fikirdə idim, indi də o fikirdəyəm ki, qarşısını almaq olardı. Həm qiyamdan əvvəl qarşısını almaq olardı, elə addımlar atmaq olardı ki, heç qiyam stiuasiyası yaranması, həm də Sürət Hüseynov və tərəfdarları qiyamı başladıqdan sonra onun qarşısını almaq mümkün idi. Sərt qərarlarla, addımlarla bunu etmək mümkün idi. Amma bir sıra obyektiv, subyektiv səbəblərdən bu mümkün olmadı.

-Komanda olaraq Elçibəyi qaytarmaq üçün cəhd etdiniz?

 

-17 iyundan sonra dəfələrlə o barədə söhbət oldu, məsləhətləşmələr oldu. Amma göründü ki, qərar Elçibəyin Bakını tərk etməməsindən qabaq verilib.  Getmək haqqındakı qərarı qısa müddətli qərar deyil, ən azı müəyyən müddəti əhatə edəcək.

-Milli hökümətin qurulmasında iştirak edən bir kəsim insanlar da, başqa bir qrup da Elçibəyi paytaxtı tərk etdiyinə görə ittiham edirlər. Onlar nə dərəcədə haqlıdırlar?

-Çox çətin sualdı. Çünki tarix iki variantda, üç variantda mövcud olmur. Tarix bir variantda baş verir və o baş verən variantı təhlil etmək, nəticə çıxarmaq, sonradan hansısa fikirlər söyləmək problem deyil. Mən bir qədər əvvəl də dedim ki, sərt şəkildə yatırmaq mümkün idi. Ancaq biz qiyamı sərt şəkildə yatırmaq xəttini sona qədər davam etdirsəydik nələr baş verəcəkdi? Onu biz yoxlamamışıq, yoxlamadığımız üçün də bilmirik. Ona görə ki, tarix bir variantda baş verir və onu artıq dəyişdirmək də mümkün olmur.

Əbülfəz Elçibəy mahiyyət etibarı ilə  də humanist bir insan idi, həmin o konkret stiuasiyada da onsuz da qırğınlar, itkilər olmuşdu. Əbülfəz bəy qırğınların, itkilərin artmasını istəmirdi. O hesab edirdi ki, dinc yolla, qan tökmədən problemi həll etmək mümkün olacaq. Hesab edirəm ki, o Kələkiyə qısa müddətli getməsə də, uzun müddətli də getmək fikrində deyildi. Bir pauza götürüb vəziyyəti dəyişmək üçün yeni stiuasiyanın yaranmasını planlamışdı. Başa düşdüyüm, anladığım qədər. Təəssüf ki, hadisələr başqa cür davam etdi və onun qısa müddətdə geri qayıtması mümkün olmadı.

 

Könül Alı

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button