İsa Qəmbər və Əli Kərimliyə açıq məktub

Hörmətli bəylər!

Bu gün Azərbaycanda siyasi müxalifəti Sizin və birgə yaratdığınız İctimai Palatanın təmsil etdiyinə şübhə yoxdur. Bu, ümummüxalifət adına arzulanan, ideal birlik deyil, amma hər halda pis format da deyil.

Azərbaycanda köklü, həqiqi siyasi dəyişkliklərin hazırda məhz İctimai Palata formatında mümkünlüyünə inananlar var və bunun məhz belə olacağına mən də inanmaq istəyirəm.

Hörmətli bəylər!

Bu yerdə bir «amma» ortaya çıxır. Bir halda ki, İctimai Palata Azərbaycanda köklü, həqiqi siyasi dəyişkliklər missiyasını öz üzərinə götürüb, o zaman əlbəttə ki, hər kəsi bu missiyanın səmimiliyinə inandırmaq məcburiyyəti yaranır. Çünki cəmi bir neçə nəfərlik rəhbər strukturunda – Koordinasiya Şurasında baş redaktoru olduğu qəzetdə hazırkı siyasi sistemin başçısı və onun ailəsi haqqında tənqidlərə qadağa qoymuş, bu da azmış kimi bütün gücünü İlham Əliyevin «demokratik islahatlara meylli şəxs» obrazının yaradılmasına yönəltmiş Rauf Arifoğlunun təmsil olunduğu bir İctimai Palatanın prinsiplərə sadiqliyinə, tutarlılığına dair daim şübhələr olacaqdır. Ortaya suallar çıxacaqdır.

Hörmətli bəylər!

Ortaya suallar necə çıxmasın ki, İctimai Palata hakim ailənin sərvətləri barədə dinləmələr təşkil edir, amma İctimai Palatanın üzvü olması bir yana, üstəlik, onun Koordinasiya Şurasının üzvü olan şəxs öz qəzetində bu barədə bir cümləlik xəbər vermək cəsarətini özündə tapmır.

Ortaya şübhələr necə çıxmasın ki, hakim ailə üzvlərinin ofşor zonalarda qeydiyyatdan keçən şirkətləri ifşa olunur, amma real müxalifət birliyi adlandırılan İctimai Palatanın Koordinasiya Şurasının üzvü olan qəzet baş redaktoru bu haqda yazmağa qadağa qoyur.

Daha biabırçısı: ortaya şübhələr necə çıxmasın ki, Türkiyənin hüquq-müdafiə təşkilatlarından biri Əliyev hakimiyyətini kəskin tənqid edən hesabat açıqlayır, amma İctimai Palatanın Koordinasiya Şurasının üzvü olan qəzet baş redaktoru dərhal Əliyevin cangüdənliyini üzərinə götürür, onu nəyin bahasına olur-olsun qorumaq missiyasını üstlənir, həmin təşkilatı PKK yanlısı adlandıracaq qədər irəli gedir, amma hesabat müəlliflərinin zaman-zaman PKK-nı da ən ağır dildə tənqid etdiyi məlum olunca susur.

Hər ayın başı, ortası, axırı İlham Əliyevin demokratik islahatlara hazırlaşması barədə miflər uydurur, onun yaxşı, ətrafının pis obrazını yaratmaq üçün əldən-ayaqdan gedir. Hazırda İctimai Palatanın Koordinasiya Şurasının üzvü olan baş redaktorun qəzetində İlham Əliyev və onun ailəsi barədə təriflər heç bir sərhəd tanımır.

Hörmətli bəylər!

Bütün bu sadalananlardan sonra mənə çox maraqlıdır: Rauf Arifoğlu hələ də hansı məntiq və səbəblə ölkədəki siyasi dəyişikliklərin əsas ünvanı olan İctimai Palatanın Koordinasiya Şurasının üzvüdür? Məni və mənim kimi yüzlərlə, minlərlə sıravi insanı, rəhbərlərindən birinin Rauf Arifoğlu olduğu bir qurumun ölkədə həqiqi, real dəyişikliklər arzusunun səmimi olduğuna necə inandırmaq mümkündür? Rəhbərlərindən birinin hakim ailənin və hakim ailə başçısının məddahına çevrilmiş bir İctimai Palata bu tutarsızlığını, prinsipsizliyini niyə və nə qədər davam etdirmək fikrindədir, əcəba?

Hörmətlə:

Elnur Astanbəyli

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

2 şərh

  1. Bəlkədə siz haqlısınız.amma tələsməyə dəyməz.Rauf bəylə əlaqədar iradlara
    gəldikdə ola bilsin onun hakimiyyətin əlində olan müəyyən problemləri var. ondan
    çəkinir odur ki etiyatla davranır.bu mənim şəxsi fikrimdir.

  2. Elnur bəyə təşəkkürlər.R.Arifoğlu indiki mövqeyi ilə müxalifəti İP-da təmsil etməyə
    haqqı yoxdur.Bizim Rauf bəy bir çoxları kimi artıq keçmişdə qaldı.Sözsüz ki Elnur
    bəyin suallarına hörmətli İsa bəy və Əli bəy aydınlıq gətirməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button