İsa Qəmbər 100 nəfərə üzvlük vəsiqəsi verdi

Müsavat Partiyası möhtəşəm 100 il tədbirini davam etdirir

 Аzərbaycanın ən qədim partiyası olan Müsavat Partiyasının yaranmasının 100 illiyi münasibəti ilə keçirilən tədbirlər silsiləsi davam edir. Dünən Partiyanın mərkəzi qərargahında izdihamlı toplantı keçirilib. Zal balaca olduğundan yüzlərlə vətəndaş tədbiri qərargahın qarşısında quraşdırılan monitordan izləyib.

Hakimiyyətin qısqanclığı özünə zərər verdi

Xatırladaq ki, oktyabrın 8-də başlayan tədbir “Ambassador” otelində baş tutmalıydı. Lakin hakimiyyətin təzyiqləri üzündən otel və “Niaqara” restoranının sahibləri Müsavat Partiyası ilə bağladıqları anlaşmanı pozdular. Hakimiyyətin inadına baxmayaraq,  oktyabrın 8-də  “Müsavat – 100 il azadlıq və istiqlal uğrunda mübarizədə ” adlı beynəlxalq forum keçirilib. Almaniyanın Fridrix Naumann Fondunun (FNF) dəstəyi ilə keçirilən tədbirdə, Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Unal, Avropa Birliyi parlamentinin deputatları, Avropa Liberal Demokrat İslahat Partiyalar İttifaqının, Almaniyada hakimiyyətdə olan Azad Demokratlar Partiyasının, Nederlandın  Demokratiya və Azadlıq Uğrunda Xalq Partiyasının, Türkiyə,  Belçika, Finlandiya, Gürcüstan və digər ölkələrdən gələn çoxsaylı qonaqlarla yanaşı, ölkənin siyasi partiyalarının liderləri, tanınmış ictimai-siyası xadimlər iştirak edib.

 Zal doldu, yüzlərlə vətəndaş bayram tədbirini ayaqüstə monitordan izlədi

 Müsavat Partiyasının 100 illik bayram tədbiri ölkədə çox ciddi siyasi hadisə kimi qəbul edilib. Hakimiyyət bayram tədbirlərini keçirilməsi üçün yer vermədiyindən bayram törənləri partiyanın akt zalında qeyd edilib. Tədbirə qatılmaq üçün gələn yüzlərlə vətəndaş çıxışları partiyanın qarşısına quraşdırılmış monitorldan izləyib. Dünən keçirilən tədbirdə bir sıra əlamətdar hadisələr baş verib. Tanınmış hüquq müdafiəçisi Səidə Qocamanlı Müsavat Partiyasının sıralarına keçdiyini bəyan edib. Müsavat Partiyasının başqanı İsa Qəmbər bu günlərdə partiya sıralarına qəbul edilmiş yazıçılar Elnur Astanbəyliyə, Əli Əkbərə, Seymur Baycana və tanınmış bəstəkar Elmir Mirzoyevə partiya vəsiqələrini təqdim edib. Ümumiyyətlə, dünənki bayram tədbirində İsa Qəmbər Müsavat Partiyasına son ayda üzv olan 100 nəfərə vəsiqə verib.

 Çümhuriyyət Xalq Partiyasında Müsavata dəstək

 Dünənki tədbirdə, ilk çıxış üçün söz Türkiyə Cümhuriyyət Xalq Partiyasının başqan müavini Osman Faruk Loğoğluya verildi. Uzun illər Azərbaycanda səfir işləyən qonaq,  təmsil etdiyi partiyanın başqanı Kamal Kılıçdaroğlunun Müsavat və İsa Qəmbərə təbrik məktubunu təqdim elədi. Təbrikdə qeyd edilir ki, 100 illiyini qeyd edib 2-ci yüz ilə başlamaq hər partiyaya nəsib olmur. “Müsavat Partiyası elə böyük ideyalara malik partiyadır ki, məhz ona bu böyük tarixə gəlib çatmaq nəsib olub. CHP Azərbaycanın, Müsavatın hər zaman yanında olacaq. Azərbaycan müstəqilliyə cəmi 20 ildir qədəm qoyub və bu müddətdə bir sıra mühüm işlər görülüb. Amma bununla bərabər, irəliləməyən tərəflər də var ki, buna nail olmaq lazımdır. Görülməli iş çox, yol isə uzundur. Bu yolda CHP sizin yanınızda olacaq”.

 Cəmil Unal alqışlarla qarşılandı

 Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünalın tribunaya qalxması alqışlarla qarşılandı. C.Unal təbrik nitqinə böyük öndər Məhəmməd Əmin Rəsulzadəni və Əbülfəz Elçibəyi anmaqla başladı. C.Ünal müsavatçılıq ideyasının Azərbaycan xalqının gerçək kökü olduğunu bildirdi: “İstərdim ki, Müsavatın 100 illiyi ildönümündə Azərbaycan hakimiyyəti burada olsun. Çünki Müsavat onların da köküdür. Keçmişdə Müsavata yapılanları bilirik. Bolşeviklər müsavatçıları güllələdilər. Təəssüf ki, 91 il bundan öncə bolşeviklərin Müsavata kini hələ də yaşayır. Bu gün iqtidarda olanlar Müsavata kin bəsləmək, düşmən kimi baxmaq əvəzinə, Müsavata sayğı göstərməlidirlər. Əgər onlar burada toplaşan müsavatçıları bəyənmirlərsə, ayrıca olaraq Müsavatı meydanlarda ana bilərdilər. Çünki Müsavat Azərbaycana cümhuriyyət verib. Azərbaycanda siyasi partiyaların yaşaması üçün şərait yoxdur. Müsavat Partiyasına basqılar var. Lakin inanıram ki, Müsavat Azərbaycanda iqtidarın tək hakimi olacaq. Azərbaycan bu gün Rəsulzadə ruhuna sarılıb onun ideyaları ilə iqtidarı idarə etsə, xalq daha xoşbəxt olar. Mən istərdim ki, Müsavatın 100 illiyi ilə bağlı iqtidarla Müsavat Qarabağ probleminin həllində bir araya gəlsinlər. Çünki bu milli davadır. Mən istərdim ki, bu yubiley “Azadlıq” meydanında keçirilsin, iqtidar bu yubileyi dövlət səviyyəsində qeyd etsin. Bir tərəfdə Məhəmməd Əmin Rəsulzadənin, bir tərəfdə Əbülfəz Elçibəyin, bir tərəfdə Heydər Əliyevin heykəli yan-yana olsaydı, inanın ki, Azərbaycan udardı. Bu gün iqtidar bilməlidir ki, əyləşdikləri iqtidarın kökündə Müsavatın qanı var. Bu dövləti var edən Müsavatdır. Bugünkü şərtlər nə olur-olsun bilin ki, Azərbaycanın gələcəyi Müsavatındır”.

İ.Qəmbər isə onun çıxışına replika verərək deyib ki, “əgər iqtidar bura gəlmirsə, biz iqtidara gələcəyik”.

Cəmil Ünal Azərbaycan Kültür Dərnəyinin adından xüsusi hazırlanmış mükafatı İsa Qəmbərə tədim etdi.

İsa Qəmbər isə “Türkiyə-Azərbaycan birliyi yönündə yorulmaz fəaliyyətinə və Müsavatın yaranmasının yüz illiyi münasibətil Cəmil Ünalı xüsusi təltif etdi. 

Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı Azərbaycan Kültür Dərnəyinə xüsusi xalça hədiyyə etdilər.

 “İsa Qəmbər olmasaydı, Müsavat Azərbaycanda ən nüfuzlu partiya olmazdı”

 Müsavatçıları təbrik eədn AXCP sədri Əli Kərimli dövlətin partiyanın yubiley tədbirini keçirməyə borclu olduğunu bildirdi: “Ancaq yenə də cılızlıqlarını ortaya qoydular. Azərbaycan hakimiyyəti Müsavatın 100 illik yubiley tədbirlərini əngəlləməklə öz cılızlığını göstərdi: “AXCP ilə Müsavatın sıx birliyi var. Dünyada bu qədər bir-biri ilə sıx əlaqədə olan, bir-birinə bağlı olan təşkilatlar tanımıram. Hətta hakimiyyət bizə böhtan atanda belə “AXCP-Müsavat cütlüyü filan məsələni belə etdi” deyir. Mən hesab edirəm ki, əgər bu partiyanın başqanı İsa Qəmbər olmasaydı, Müsavat Azərbaycanda ən nüfuzlu partiya olmazdı. Asan deyil avtoritar rejim şəraiti olan ölkədə əqidəsinə sədaqətlə, yolundan sapmadan 20 ilə yaxın uzun bir yol qət eləmək. İsa bəyin xidmətlərini qeyd etməliyik. Bu hakimiyyətin isə perspektivi yoxdur. Onların sonu gələcək. Artıq bu ölkədə avtoritarizmin perspektivi yoxdur. İndiki avtoritarizm müvəqqətidir. Bundan nə qədər tez xilas olmaq bizim səylərimizə bağlıdır.

Müsavat Partiyasının səyləri ilə indiki dövləti qurulub. AXC-Müsavat partiyasının çox sıx və ayrılmaz fəaliyyəti göz qabağındadır. Böyük insan Məhəmməd Əmin Rəsulzadə demişdi ki, bizim bu başlatdığımız iş mütləq davam edəcək. Bu gün Xalq Cəbhəsi ilə Müsavatı bağlayan tellərdən biri böyük Rəsulzadə irsidir. Bizi şərəfli tarix deyil, ümumi gələcək də birləşdirir. Biz nəinki olanları qoruyub saxlamalıyıq, onu daha da artırmalıyıq. AXCP hər zaman öz gələcəyə yönəlik planlarını quran zaman müttəfiqi olan Müsavata güvənir, arxalanır”.

 Müsavat haqqında qanun qəbul edilsin

 Türkiyə Demokrat Partiyasının sədr müavini Mecid Hazır isə çıxış edərək həm öz təbriklərini, həm də təmsil etdiyi partiyanın başqanı Namiq Kamal Zeybəkin təbrikini Müsavat Partiyasına çatdırdı.

Pənah Hüseyni biletsiz müsavatçı adlandıran İsa Qəmbər sözü ona verdi. Pənah Hüseyn müsavatçılıq və Müsavat Partiyası haqqında ayrıca qanunun qəbul edilməsinin zəruriliyini qeyd etdi: “Bu qanunla Müsavat və müsavatçılıq Azərbaycan xalqının milli irsi elan olunmalıdır”.

İsa Qəmbər tədbirdə iştirak edən nüfuzlu ziyalıları, akademik Rafiq Əliyevi, Abbas Abdullanı, həmçinin mərhum müsavatçı İbrahim Bayandurlunun atası Kərim bəyi salamladı. Dünyasını son illərdə dəyişmiş müsavatçıları ehtiramla yad etdi.

Azərbaycan Kültür Dərnəyinin baş katibi Tuncer Kırhan müsavatçıların qəhrəmanlıqlarından danışdı. Bu gün də müsavatçıların şanlı mübarizə yolunu davam etdirdiyini deyən T.Kırhan bildirdi ki, Türkiyə Cümhuriyyətinin əsası Sivasda bir liseydə qoyulub. Müsavatın çox yaxında iqtidara gəlişinin özülü də bu gün bu salonda atıldı”.

AMİP sədri Yusif Bağırzadə Müsavatı təbrik etdikdən sonra söz Azərbaycan Kültür Dərnəyinin Mərkəzi İdarə Heyətinin üzvü Səlcuq Önala verildi. S.Önal təbrik nitqində Arif Hacılı başda olmaqla həbsdə olan bütün müsavatçıları aslan adlandırdı.

Müsavat başqanının müavini Tofiq Yaqublu Arif Hacılının həbsxanadan Müsavat Partiyasının yubileyi münasibətilə göndərdiyi təbrik məktubunu təqdim etdi. Təbrik məktubu alqışlarla qarşılandı.

Xanım Xəlilova Müsavata MHP millət vəkili Atilla Kayanın, Türkiyə Akademisyenler Birliyinin başqanı Şükrü Koçun, Türkiyə Qadınlar Birliyinin təbriklərini çatdırdı.

İsa Qəmbər Ukraynanın sabiq prezident Viktor Yuşşenko, Belarus müxalifətinin lideri Aleksandr Milinkeviç, Ukraynanın sabiq xarici işlər naziri Boris Tarasyuk, Ukrayna Xalq Partiyasının sədri, deputat Nikolay Koterinçuk Müsavata təbrik məktubu ünvanladığını bildirdi. Güney Azərbaycandan da çoxlu sayda təbriklər ünvanlanıb.

Müsavat başqanı İsa Qəmbər sonda bəyan etdi ki, yubiley tədbirləri yaxın günlərdə də davam edəcək. Yubiley mərasimi Azərbaycanın dövlət himninin ifası ilə yekunlaşdı.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 055 (464), 09 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button