Isa Qəmbər xəstəxanadan çıxıb

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər martın 14-də Türkiyədə müalicə aldığı Hacettəpə xəstəxanasından çıxıb. Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı Facebook səhifəsində yazıb.

“İsa bəyin Ankarada müayinə və müalicəsi uğurla başa çatdı. Xəstəxanadan çıxdı. Yaxın günlərdə Bakıya dönəcək”, – A.Hacılı qeyd edib.

Bu il yanvarın 13-də ürəyində narahatlıq yaranan İ. Qəmbər Mərkəzi Klinikaya yerləşdirilib, ürəyinə stend qoyulub və yanvarın 18-də evə buraxılıb.

Fevralın sonlarında yenidən Mərkəzi Klinikaya müraciət edib, klinika bunun sırf profilaktik xarakterli olduğunu bildirib.

Fevralın 28-də İ. Qəmbər Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Türkiyəyə gedib. O, Ankara Hacettepe Universiteti xəstəxanasının nevrologiya şöbəsində müalicə olunub.

Xəstəxananın nevrologiya şöbəsindən BBC radiosuna bildiriblər ki, İ. Qəmbər Bakıda beyin qanaması keçirib.

“Qanaması böyükdür, amma vəziyyəti stabildir. Bütün nevroloji müayinələri normaldır. Danışır. Yemək yeyir. Hərəkətdədir. Beyin qanaması ona fiziki mənada heç bir təsir göstərməyib. Beyin qanaması ilə bağlı hər hansı nevroloji defisiti yoxdur. Gücü, qüvvəti yerindədir. Həftə içində Bakıdakı hər hansı xəstəxanaya köçürməyi düşünürük. Sadəcə, onun istirahət etməsi lazımdır”,- BBC xəstəxanadakı mənbəyə istinadən yazıb.

İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularındandır, 1992-1993-cü illərdə parlamentin sədri olub, müəyyən müddət prezident səlahiyyətlərini icra edib.

1992-ci ildən 2015-ci ilə kimi Müsavat Partiyasının başqanı olub.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button