İsa Qəmbərdən Müsavatdakı olaylarla bağlı sərt mövqe

İsa Qəmbərdən Müsavatdakı olaylarla bağlı sərt mövqe

“Rejim özlərini müsavatçı adlandıran bir qrupun partiya qarşısında “piketini” təşkil etdi; “Piketdə” aldananlar ola bilər, amma təşkilatçılar özlərini birmənalı olaraq ifşa etdilər”

Mayın 6-da Müsavat Partiyasının qərargahının qarşısında 15-20 nəfərdən ibarət partiya üzvü etiraz aksiyası keçirib. Aksiyada Vurğun Əyyub və digər şəxslərin partiyadan kənarlaşdırılmasına etiraz edilib. İştirakçılar Müsavat Partiyası rəhbərliyinin apardığı siyasətə, üzvlərə qarşı sərt qərarlara etiraz edərək, növbədənkənar qurultayın keçirilməsini tələb ediblər.

Aksiya iştirakçıları, həmçinin Müsavat başqanı Arif Hacılıdan və sabiq başqan İsa Qəmbərdən repressiyalara son qoyulmasını tələb edib və hazırkı başqanı istefaya çağırıblar. Aksiya iştirakçıları partiya rəhbərliyinə qətnamə də təqdim ediblər.
Aksiyanın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya olmamasına baxmayaraq polis heç bir müdaxilə etməyib.
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər özünün facebook səhifəsində partiya qərargahının qarşısında keçirilən aksiyaya münasibət bildirib: “Zamanında demişdim ki, problem Müsavatın daxilində deyil, rejimlə Müsavat arasındadır. 6 mayda bu bir daha təsdiq olundu. Rejim eyni gündə, eyni saatlarda Müsavata qarşı iki addım atdı: Bir tərəfdən fədakar və mübariz müsavatçı gənc Fərəc Kərimova siyasi sifarişlə 6,5 il cəza kəsdi, digər tərəfdən aylardır davam edən məhkəməyə vaxt tapmayan, amma özlərini müsavatçı adlandıran bir qrupun partiya qarşısında ”piketini” təşkil etdi. Nə bu məhkəmədən, nə də Müsavatın tədbirlərindən bir dəfə də olsun süjet hazırlamayan hakimiyyət TV-ləri bu “piketi” gen-bol reklam etdi.
Rejimin Müsavata qarşı qəzəbinin səbəbləri aydındır: Müsavat Partiyasının prinsipial müxalifət mövqeyi, hakimiyyətin “dialoq” imitasiyasını ifşa etməsi, hakimiyyət üçün çox həssas məsələ olan Avropa Oyunlarının açılış mərasiminin boykot perspektivini gündəmdə saxlaması —hakimiyyəti qəzəbləndirən əsas səbəblər budur.“Piketdə” aldananlar ola bilər, amma təşkilatçılar özlərini birmənalı olaraq ifşa etdilər”.
Müsavat başqanı Arif Hacılı isə bildirib ki, bircə rifahçıların partiya rəhbərliyinə təqdim etdiyi qətnamədə yazılanlar piketdə iştirak edənlərin partiyadan qovulması üçün yetərli əsasdır.
Müsavat başqanının müavini Elman Fəttah isə partiya qərargahı önündəki aksiyanın təşkilatçılarını agentura şəbəkəsinin üzvləri, iştirakçıları isə xain adlandırıb.
O, aksiyada iştirak edənləri partiyaya xəyanətdə ittiham edərək bildirib ki, onlar barədə partiyanın ciddi qərarları olacaq: “Artıq Müsavata qarşı heç kimdə şübhə olmayan təxribat fəaliyyətini genişləndirən şəxslərin partiyadan qovulması məsələsini əsaslı şəkildə qaldıracağam. Ümid edirəm ki, digər şəxslər də bu məsələyə partiya maraqları nöqteyi-nəzərindən yanaşacaqlar. Bu aksiyanın keçirilməsi həmin şəxslərin Müsavatda qalmayacağının sübutudur”.
E.Fəttah aksiyada səslənən tələblərə də toxunaraq, partiyadan qovulan şəxslərin bərpa edilməsinin qeyri-mümkün olduğunu vurğulayıb: “İndiyə qədər cəmi 6 nəfər nizamnamənin tələblərinə uyğun olaraq partiyadan çıxarılıb. Düşünmürəm ki, bu cür şərtlərdə partiyadan çıxarılmış şəxslərin bərpası mümkün olsun”.
Müsavat başqanının digər müavini Səxavət Soltanlı isə bildirib ki, bu insanlarla vidalaşmaq lazımdır: “Bu aksiyanın təşkilatçılarına, ideya müəllifi olan Vurğun Əyyuba özünə hörmət edən heç kim salam belə verməməlidir. Bu gün ifşa prosesinin sonu oldu. Azərbaycanda hakimiyyətin icazəsi olmadan 3 nəfərin bir yerə toplaşıb şüar səsləndirməsinin mümkün olmadığını hər kəs bilir. Müsavat Partiyasının qarşısında isə hakimiyyətin göstərişi olmadan heç kim toplaşıb Müsavat Partiyasına əsassız etiraz etməzdi. Özü də Fərəc Kərimli haqqında qondarma məhkəmə hökmü oxunduğu, 6 il 6 ay həbs cəzası verildiyi anlarda. Məlum aksiyanın ideya müəlliflərinin və əsas təşkilatçılarının hakimiyyətlə iş birliyində olması məndə şübhə doğurmur”.
Aksiyaçıların təqdim etdiyi qətnamədə nələrin yazıldığına gəlincə, S.Soltanlı bildirdi ki, onlar partiyanı Ədliyyə Nazirliyi ilə hədələyiblər. Arxalarında hakimiyyətin durduğunu, bu işdə hakimiyyətə arxalandıqlarını gizlətməyiblər: “Hakimiyyətin maraqlarını təmsil ediblər faktiki olaraq, Müsavata qarşı olduqlarını göstəriblər. Arif bəy də yəqin açıqlamasında bunları nəzərdə tutub”.
 
Müsavat Divanının üzvü Vəfa Cümşüdlü isə bildirib ki, rifahçılar Müsavata qarşı qurum yaratdıqlarını bir daha təsdiq etdilər: “Artıq yollarımız ayrıldı!”
Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyub isə modern.az deyib ki, Müsavat Partiyasında demokratik ənənələrə sadiq, ləyaqətli xeyli  insan var. Onların bir qismi də partiyada baş verənlərə qarşı etirazlarını bildirib: “Partiyanın qarşısında keçirilən aksiyanı normal qarşılayıram. Məni dəstəkləyən, müdafiə edən insanlara təşəkkürümü bildirirəm”.
V.Əyyub əlavə edib ki, onda olan məlumatlara görə, özəyin onu üzvlükdən çıxartması zamanı nizamnamə qaydalarına əməl olunmayıb: “İclas günü xəstə olduğum üçün özəyin rəhbərinə mesaj yazaraq bunu bildirmişəm. Xəstə olmağımı belə nəzərə almadan, guya məni özəyin dəvətinə sayğısızlıq göstərdiyimə görə partiyadan xaric ediblər. Bu da heç bir nizamnamə qaydalarına və insanlığa yaraşmayan bir hərəkətdir”.
Partiyaya üzvlük haqqı ödəməməsi məsələsinə gəlincə, V.Əyyub qeyd edib ki, bu günə kimi heç kim ondan üzvlük haqqı istəməyib: “Mənim partiyanın illər boyu təşkilatlanması və inkişafı üçün xərclədiyim şəxsi vəsaitləri heç ömür boyu üzvlük haqqı verə bilməzlər”.
Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı isə bildirib ki, partiyanın qərargahı qarşısında keçirilən aksiya müsavatçılığa yaraşmayan bir hərəkət idi: “Aksiyanın keçirilməsinə görə üzülürəm. Çünki fərqli ideoloji müstəvidə olan siyasi partiyalar bir-birinin qarşısında piket keçirib öz etirazını bu cür bildirir. Dünən aksiyanın keçirilməsi bir daha göstərdi ki, orda olan insanlar bizdən deyil. Amma Vurğun Əyyubun agent olması haqda əlimdə heç bir informasiya yoxdur. Bu məsələni təsdiq edə bilmərəm. Əgər bu işlərə Vurğun bəy rəvac verirsə, bu işlərin başında o durursa, buna çox üzülürəm. Bir insan partiyanın tədbirlərində iştirak eləmirsə, özəyin verdiyi tapşırıqları yerinə yetirmirsə, özünü müsavatçı, partiyanın strukturlarını legitim hesab eləmirsə, partiyadan çıxarıla bilər. Vurğun bəyin üzvlükdən çıxarılması özəyin verdiyi qərardır. Onların buna haqqı var”.
Nüşabə Sadıqlı vurğulayıb ki, Arif Hacılı səs çoxluğu ilə seçilən başqandır və Müsavat heç vaxt təzyiqlərlə idarə olunan bir siyasi partiya olmayıb. 5-10 nəfərin istəyi ilə Müsavat idarə oluna bilməz. Müsavatçıların böyük əksəriyyəti Arif bəyi seçiblər, onu dəstəkləyirlər və onun arxasındadırlar.
Etibar SEYİDAĞA

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button