İsa Qəmbərin David Şahnazaryanla maraqlı dialoqu…

İsa Qəmbərin Türkiyə səfəri davam edir

Müsavat Partiyasının başqanı İsa Qəmbər İstanbulda keçirilən “21-ci yüz ildə Türkiyənin Təhlükəsizliyi: yerləşik sturukturları, yeni fürsətlər və sorunlar” mövzusunda keçirilən forumda çıxış edib. Müsavat başqanının çıxışı zamanı maraqlı diskusiyalar yaranıb.
Forumda çıxış edən İsa Qəmbər Müsavat Partiyasının yaranma tarixindən, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadədən danışıb. Müsavat başqanı eyni zamanda  Qafqazda gedən siyasi proseslər barədə geniş məruzə ilə çıxış edib.
Müsavat başqanının  çıxışından sonra söz Erməni Milli Konqresinin üzvü David Şahnazaryana verilib. Şahnazaryan çıxışını əsasən Dağlıq Qarabağ probleminə həsr edib. David Şahnazaryan Dağlıq Qarabağ konfliktinin həllinin demokratiyadan keçdiyini vurğulayıb.
Çıxışlar başa çatdıqdan sonra məruzəçilərə suallar verilib. İsa Qəmbərə “ATƏT-in Minsk qrupunun problemi həll etməsinə razısınızmı” sualı verilib.
Müsavat başqanı problemin kim tərəfindən həll edilməsinin önəm daşımadığını bildirib: “ Minsk qrupu və ya başqa bir qrup. Mən istərdim ki, bu məsələni iki ölkə özü həl etsin. Hesab edirəm ki, bunun üçün hər iki tərəfin güclü siyasi iradəsi olmalıdır. Bunun üçün də demokratik seçkilər və xalq tərəfindən seçilən dövlət rəhbərləri olmalıdır. Dağlıq Qarabağ konflikti Rusiya və İranın  maraqlarına sərf etdiyindən bu problemin həllində maraq göstərmir və öz maraqlarına uyğun hərəkət etməkdədirlər. Bu məsələnin bu qədər şişməsində günahkar məhz onlardır”.
Erməni Milli Konqresinin üzvü David Şahnazaryan Müsavat başqanı İsa Qəmbərin cavabına qoşulduğunu bildirib.

D.Şahnazaryan da forum iştirakcılarının suallarını cavablandırıb. Ona Ermənistandakı Atom Elektrik Stansiyası ilə bağlı sual ünvanlanıb. D.Şahnazaryan problemin həllinin Rusiyadan asılı olduğunu bildirib: “Yəqin bu problemi Ermənistan rəhbərliyi Rusiya federasiyası ilə həll edəcək. Amma mən biləni bu problemin bir dəfəlik aradan qalxmasında Fransa rəhbərliyi də iştirak etmək istəyir. Mən bu problemin Fransa ilə həll edilməsinin tərəfdarıyam. Ona görə mən hesab edirəm ki, Fransa avadanlıqları daha keyfiyyətli və daha təhlükəsizdir. Rusiya avadanlıqları çox bahadır və bu, Ermənistan büdcəsi üçün sərfəli deyil. Amma qiyməti bir yana, Ermənistan hakimiyyətinin Rusiyadan başqa bir seçim etməyə cəsarəti çatacağına inanmıram” deyə cavab verib.
Müsavat başqanı İsa Qəmbər erməni həmkarının fikirlərinə münasibət bildirib: “Hələ 93-cü ildə biz hakimiyyətdəykən Ermənistana təklif etmişdik ki, Qarabağda bizə problem yaratmasınlar, Bakı-Ceyhan kəməri Ermənistandan keçsin. Bu marşrut daha yaxın, daha təhlükəsiz və daha sərfəli idi. Təəssüflər olsun ki, Ermənistan o zaman bizim bu təklifimizi qəbul etmədi. Lakin məsələ o zaman həll olunsaydı, Ermənistanın elektriklə bağlı problemi olmazdı.”

Türkiyədən aldığımız məlumata görə, Müsavat başqanı İsa Qəmbər qardaş ölkədə təhsil alan Azərbaycanlı tələbələrlə görüşlər keçirib.

 Ə.Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 062 (472), 17 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button