İşdən çıxarılan icra başçısının qardaşı dələduzluqda ittiham olunur

Mahmud Quliyev
Mahmud Quliyev

Bakı şəhərində məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq etməkdə ittiham olunan şəxs Cəbrayıl Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyevin qardaşıdır.

Bu barədə report.az-a M.Quliyevin yaxınlarından biri məlumat verib.

Məlumata görə, Cəbrayıl rayon sakini 64 yaşlı Saleh Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək 2015-ci ilin mart ayında həmyerlisi, 54 yaşlı Səfərov Hümbət Nayfalı oğluna şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini deyib. S.Əliyevin satdığı şadlıq sarayı Bakı şəhəri, Telnov kuçəsi 3 B ünvanında yerləşir.

Məlumata görə, Mahmud Quliyevlə Hümbət Səfərov doğma qardaş olsalar da, soyadları fərqlidir.

Hümbət Səfərov eksklüziv olaraq modern.az saytına açıqlamasında deyilənlərin böhtan olduğunu vurğulayıb:

“Bunların hamısı şərdir, böhtandır. Heç bir sənəddə Saleh Əliyevin adı, soyadı, heç izi də yoxdur. O adam yalnız onun-bunun üzünə durmaqla iş aparır”.

H.Səfərov şadlıq evinin alqı-satqısı məsələsinin həqiqətən baş verdiyini bildirib:

“Bəli, şadlıq evi alqı-satqısı olub, amma başqa bir adamla, Famil adlı şəxslə. Şadlıq evi Familin adına keçirilib. Saleh orada sadəcə işçi olub, onun heç bir səlahiyyəti yoxdur. İndi durub nələrəsə iddia irəli sürür.

Hazırda tərəfimizdən sənədlər hazırlanır. Onu məhkəməyə verəcəyəm. Etdiyi əməllərə görə məhkəmədə cavab verəcək”.

H.Səfərov “bəs həmin şəxs də sizi məhkəməyə verib və sizə qarşı dələduzluq maddəsilə cinayət işi açılıb” sözlərinə “kim nə eşidir yazır. Bu o demək deyil ki, hamısı həqiqətdir. Çox şey deyilir. Ölkəmizdə saytlar da çoxdur, kiminsə ağzını yummaq olmur. Hər halda həqiqət öz yerini tutacaq. Mənə qarşı heç bir cinayət işi açılmayıb”,-deyə bildirib.

O, həmçinin Cəbrayılın sabiq başçısı Mahmud Quliyevlə doğma qardaş olduqlarını təsdiq edib:

“Qardaşımı danmaq fikrim yoxdur. O vaxtı soyad itməsin deyə, mənim soyadım Səfərov olub. Qeyd edim ki, bu məsələlərdə qardaşımın heç bir aidiyyatı yoxdur. Biz heç danışmırıq”.

M.Quliyev isə report.az-a açıqlamasında qardaşı ilə bağlı şikayətdən xəbərsiz olduğunu bildirib:

“Hazırda xarici ölkələrdən birində istirahətdəyəm”.

Məlumat üçün bildirək, faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi cinayət işi başlanılıb.

Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev məsələyə münasibət bildirib. Onun sözlərinə görə, əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərib ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Onun sözlərinə görə, Laçın və Cəbrayıl rayonlarının icra hakimiyyəti başçıları da məhz elə o səbəbdən vəzifələrindən azad ediliblər:

“Onlar öz fəaliyyətlərini Azərbaycan prezidentinin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər. Vəzifədən azad edilən icra başçıları amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdiriblər və nəticədə rayonun problemlərindən uzaq düşüb, sakinlərin haqlı tələblərinə məhəl qoymayıb, əhali arasında nüfuzlarını itiriblər”.

Qeyd edək ki, prezident İlham Əliyev martın 3-də imzaladığı sərəncamla Mahmud Nayfalı oğlu Quliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, Akif İsmayıl oğlu Səlimov isə Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button