İsfahandakı hücumla əlaqədar 'Mossad agenti'nin edam olunduğu bildirilir

İran ədliyyəsi “Mossad” agenti olduğunu iddia etdiyi bir şəxsin edam olunduğunu açıqlayıb. Həmin şəxsin ötən il İsfahan şəhərində Müdafiə Nazirliyinin zavodundakı partlayışda əli olduğu iddia edilir.

Ədliyyəyə bağlı “Mizan” xəbər agentliyinin məlumatına görə, edam martın 3-də gerçəkləşdirilib. Həmin hücuma bağlılıqda ittiham olunan dörd kürd isə yanvarda edam olunub. “Hengaw” insan haqları qrupu həmin beş nəfərdən heç birinin ədalətli mühakimə olunmadığını, ifadələrin işgəncə yolu ilə alındığını bildirib.

Martın 3-də edam olunan şəxs 2019-cu ilin fevralından İsrailin “Mossad” xarici kəşfiyyat idarəsinin agentləri ilə təmasda olmaqda ittiham edilib. İddiaya görə, 2022-ci ildə sözügedən şəxs bir neçə dronun İrana aparılmasına, onların və adamların hərəkəti üçün maşınların alınmasına kömək edib. Hücum 2023-cü ilin yanvarında baş verib.

Edam edilən şəxsin kimliyi açıqlanmasa da, “Mizan” İsfahan ədliyyəsinin başçısına istinadla onun İsfahan hücumundan 13 gün sonra saxta kimliklə ölkədən qaçdığını açıqlayıb. Onu təhlükəsizlik qüvvələri qonşu ölkədə saxlayıb, amma həbsin, onun hansı ölkədə baş verməsinin detalları açıqlanmır.

İranın Müdafiə Nazirliyi hücumun uğursuz olduğunu, itki olmadığını, zavodun damına cüzi ziyan dəydiyini açıqlayıb.

Hücuma görə məsuliyyəti götürən olmasa da, “The Wall Street Journal” adını çəkmədiyi ABŞ rəsmilərinə istinadla zərbəni İsrailin gerçəkləşdirdiyini yazıb.

İsrailin keçmiş baş naziri Naftali Bennet dekabrda qəzetdə çıxan məqalədə ölkənin 2022-ci ildə İranda bir neçə əməliyyatda, o cümlədən dron bazalarına hücumlarda əli olmasına işarə vurub. Bennet yazıb ki, İranın dron bazasının dağıdılması İranın İsrailə qarşı iddia olunan dron hücumları başlatmaq cəhdlərinə cavab tədbiri olub.

Son bir ildə İranda bir neçə insident, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) üzvlərinin, alim və mühəndislərin sirli şəkildə öldürülməsi baş verib.

Tehran insidentlərin bəzilərinə görə regional düşməni İsraili günahlandırıb. İsrail isə belə insidentlərə rəsmən şərh vermədiyini deyir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button