İşgəncələrə qarşı Komitə Azərbaycanın onlarla əməkdaşlıq etmədiyini deyir

Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi (CPT) iyulun 3-də Azərbaycanla bağlı rəsmi bəyanat yayıb. Komitə Azərbaycan hakimiyyətinin onunla davamlı olaraq əməkdaşlıq etmədiyini bildirir.

“Rəsmi bəyanat verməklə bağlı belə bir müstəsna qərarın səbəbi Azərbaycanın CPT ilə əməkdaşlıqdan qəti imtinasıdır. Komitə öz mövcudiyyətinin əsasında duran məsələlərin həllindən ötrü Azərbaycan hakimiyyəti ilə konstruktiv dialoq üçün gerçək səylər göstərib. CPT səfərlərinə dair hesabatlarında polis əməkdaşlarının yol verdiyi pis rəftar, hətta işgəncə hərəkətlərinə dair iddiaları detallı göstərib. Ancaq Azərbaycanın Daxili İşlər Nazirliyi bu təcrübəyə son qoymaqdan ötrü Komitənin çoxdan irəli sürdüyü tövsiyələri yerinə yetirmək yönündə heç bir addım atmır”, – bəyanatda deyilir.

Komitə onu da qeyd edir ki, prezidentinin Bakıya göndərdiyi məktublara cavab verilmir, CPT Bakıda yüksək səviyyələri danışıqlar keçirməklə dialoqu irəli aparmaq istəyir. “CPT-nin əldə etdiyi informasiya isə daha çox narahatlıq doğurur – Komitənin səfər edəcək nümayəndə heyəti üzvlərinin bütövlüyü və təhlükəsizliyinə hədə ehtimalı səslənib. Bu isə Konvensiyanın fundamental və misilsiz pozuntusu deməkdir”, – bəyanatda vurğulanır.

CPT bildirir ki, saxlanan şəxslərə qarşı hüquq-mühafizə əməkdaşları tərəfindən pis rəftar, hətta işgəncəyə dair məsələlərin ciddiliyini nəzərə alaraq 2022-ci ildə Azərbaycana xüsusi səfərlə bağlı hesabatı da bəyanata əlavə kimi yayır.

İyulun 3-də yayılmış rəsmi bəyanatda komitə ümidini bildirir ki, əməkdaşlığın olmaması Azərbaycan hakimiyyəti ilə münasibətlərin birdəfəlik pozulmasına gətirməyəcək. CPT Azərbaycanın Avropa Şurasına üzv dövlət kimi imza atdığı fundamental dəyərlərin qorunması yolunda qətiyyətli addımlardan ötrü hakimiyyəti dəstəkləməyə hazır olduğunu bildirir.

Azərbaycan hakimiyyəti bu bəyanata, hələlik, reaksiya verməyib. Ancaq indiyədək hakimiyyət təmsilçiləri, DİN saxlananlarla pis rəftar, işgəncə iddialarını qəti təkzib ediblər.

Bu ilin yanvarında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) səsvermə hüququ dondurulub. Buna Azərbaycanın 23 il öncə Avropa Şurasına qoşulanda götürdüyü əsas öhdəliklərini yerinə yetirməməsi səbəb göstərilib. Bakının təşkilatın prinsiplərini pozduğu, ölkədə insan hüquqlarının durumu, siyasi məhbusların sayının artması əsas gətirilib.

Bu qərar hələ verilməmişdən Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumla işbirliyini qeyri-müəyyən müddətə dayandırdığını elan edib. Nümayəndə heyətinin bəyanatında deyilirdi ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra “qarayaxma kampaniyası” ilə üzləşib. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla (Qarabağ daxil) ərazilərinə nəzarəti bərpa edib.

Prezident İlham Əliyev ilin əvvəlində deyib ki, Azərbaycan Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxa bilər. Ancaq bir müddət sonra Azərbaycanın AŞPA-ya qayıtması üçün danışıqlar aparıldığı barədə informasiya yayılmışdı.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button