İsgəndər Həmidov “Azadlıq salnaməsi”ndə: “Eldar Həsənov 50.000 manat gətirdi ki, ölkədən get!”-VİDEO

Kaş Zərdüşt Əlizadəni döyməyəydim, öldürəydim


Keçmiş Daxili İşlər naziri Rəsul Quliyevdən, Eldar Həsənovdan, Eldar Mahmudovdan, Mədət Quliyevdən, Ramil Usubovdan danışdı…

 

Elçibəy dövrünün Daxili İşlər naziri İsgəndər Həmidovla “Azadlıq salnaməsi”ndə bu müsahibə ötən ilin dekabr ayında götürülüb. İsgəndər Həmidovla nazir işlədiyi dövr haqqında danışmışıq. O dövrün ən ziddiyyətli məmurlarından biri kimi Elçibəy dövründə baş verənlər, polis orqanlarının fəaliyyəti, aparılan islahatlar və digər məsələlər haqqında bir də bu günün pəncərəsindən o illərə baxmışıq. Maraqlı, maraqlı olduğu qədər də ibrətamiz məqamlar ortaya çıxıb. İsgəndər Həmidov işə götürdüyü və indi general rütbəsi daşıyan adamlardan tutmuş, keçmiş və indiki nazirlərə qədər çox şeydən danışıb. Zamanın artıq hamı tərəfindən bilinən “jurnalistdöymə” hadisələrinə də aydınlıq gətirib və bu aydınlıq bir çox tərəfləri ilə yenidən gündəmə damğasını vuracaq mahiyyətdədir. Sabiq nazir Eldar Həsənovdan, Rəsul Quliyevdən, Eldar Mahmudovdan, Mədət Quliyevdən maraqlı hadisələr danışır və onları bəzən şərh edir. Bu da tarixlə maraqlanan Oxucular üçün ilk əldən informasiya mənbəyidir.

Bütün hallarda zamanın vəzifəli adamları danışdıqca, tarixin qatlarının açıldığı hiss olunur. İş başında çox qısa müddətdə qalsalar da, dövr o qədər zəngin hadisələrlə dolu olub ki, bəzi detalların aydınlaşdırılması illər alır. Zənnimizcə, bu müsahibə də o aydınlaşmaya xidmət edən müsahibələrdən biridir.

Müsahibənin bu qədər gecikməsinin obyektiv səbəbi var. Dekabrın əvvəllərində götürdüyümüz müsahibənin hazırlanması İsgəndər Həmidovun təşkilatçılığı ilə başlanan Azərbaycan Xalq Hərəkatının təşkilatlanması dövrünə təsadüf etdi. Ona görə də prosesə təsir etməsin deyə, İsgəndər bəyin özünün də təklifi ilə müsahibənin dərcini bu günlərə qədər gözlədik. Ümid edirik ki, digər müsahibələrimiz kimi, bu müsahibə də Oxucularımız və tamaşaçılarımız tərəfindən qiymətini alacaq – istər müsbət, istərsə də mənfi mənada. Əlahəzrət hakim tamaşaçıdır və qiyməti onun təqdiri verir.

Beləliklə, “Azadlıq salnaməsi”nin 30-cu qonağı Əbülfəz Elçibəy dönəminin Daxili İşlər naziri, general İsgəndər Həmidovdur. Buyurun, dinləyin. Onunla çox maraqlı məqamlardan danışmışıq…

Əvəz Zeynallı

“Azadlıq salnaməsi”

 

 

İsgəndər Həmidov “Azadlıq salnaməsi”ndə deyir ki:

– Korrupsiya cinayəti ancaq hakimiyyətə bağlı cinayətdir, onu vətəndaş edə bilməz.

– 1990-cı ildən korrupsiya ilə mübarizə aparıram

– 1990-cı ilin yanvarına qədər Əbülfəz Elçibəyin tapşırığı ilə kölgədə qalmalı oldum.

– Ruslar öz səfirliklərini vurmaq istəyirdilər – hərəkatı gözdən salmaq üçün

– Yaqub Məmmədovun fərmanı ilə Daxili İşlər naziri oldum – Əbülfəz bəy əlini masaya vurdu ki, sən Daxili İşlər naziri olmalısan

– Elçibəy hökumətinin ilk naziri mən oldum

– İxtiyar Şirini respublika prokuroru qoyanda, Dadaş Rzayevi Müdafiə naziri qoyanda nəinki etiraz eləmişəm, hətta yazılı Əbülfəz bəyə müraciət eləmişəm – onların əleyhinə

– Hacı Əbdül süpürgə götürüb Meydanı süpürürdü

– AXC-dən hakimiyyətdə iki nəfər vardı – biri Əbülfəz Elçibəy idi, biri mən

– Yatsam yuxuma girməzdi Daxili İşlər naziri olacağam

– Bakatinə salam vermədim ki, əlin mənim xalqımın qanına batıb

– Məni mühakimə edən hakim dedi ki, sənə iş verəcəm və çox iş verəcəm, amma çalışacam ki, güllə olmasın – mən də güldüm

– Mədət Quliyevi işə mən götürmüşəm

– Eldar Həsənovu Gəncədə işdən mən çıxardım. Onunla yaxın qohum olmuşam. Eldar Həsənov mənim başımın üstündən yuxarı adamlara çıxmışdı. Mən DİN-ə gedənə qədər Əbülfəz Elçibəy mənə zəng elədi. Dedim, o zaman mən çıxıram.

– Novella xanım mənə həbsimdən bir gün əvvəl zəng edib dedi ki, səhər səni həbs edəcəklər, Azərbaycandan çıx. Həmin gecə Eldar Həsənov bax bu evə gəlib dedi ki, səhər səni həbs edəcəklər, Azərbaycandan çıx. Dedim ki, mənim həbs sanksiyamı sənə verdirib səni respublika prokuroru qoyacaqlar. Dedi, yox, mən Əli Ömərovla yaxın dostam. Dedim, mən səni yaxından tanıyıram, sən Əli Ömərovun başını yeyəcəklər.

– Eldar Həsənov mənə 50.000 manat gətirdi ki, ölkədən gedim

– Məni İstanbula konsul təyin etmişdilər

– Mədət Quliyev çox cəsarətli və ürəkli adamdır

– İşə qoyduğum adamlardan 7-si indi generaldır

– Eldar Mahmudovu sal murdar suya iç, amma…

– Hamı bilirdi ki, Eldar Mahmudov 10 ildir MTN-də pul yığır

– Mənə Ayaz Mütəllibovun dövründə Milli Təhlükəsizlik naziri vəzifəsi təklif edib, qəbul etməmişəm

– Əbülfəz Elçibəy mənə həm Milli Təhlükəsizlik Nazirliyini, həm də Müdafiə Nazirliyini təklif etdi, istəmədim

– Rəsul Quliyevə qarşı cinayət işi qaldırdım. Rəsul Quliyevin cinayətlərinə görə verdiyim hər təqdimatda Rəsul Quliyevin vəzifəsini artırdılar.

– Hüquq mühafizə orqanlarının İstintaq İdarələrinin hamısının birləşdirilib prezidentə bağlanmasını təklif etmişdim

– İşlədiyim zamanda 5 böyük əməliyyat oldu

– Ələkrəm Hümmətova həbsxanada hər gün Azərbaycanın himnini oxudurdum

– Hər zaman oğru aləminə hörmət eləmişəm

– “Qızıl Amnistiya” ilə türmələri boşaltdıq

– Mahal İsmayıloğlu mənə dedi ki, Rəsul Quliyevlə Babək Hüseynoğlu məni məcbur etdilər ki, yaz ki, İsgəndər məni döyüb

– Kaş Zərdüşt Əlizadəni döyməyəydim, öldürəydim

– Canlı yayına ona görə müdaxilə etdim ki, Kəlbəcərin harayını çatdırım

– İstefamın səbəbi Kəlbəcər oldu

– Elə söhbətlər var ki, mənimlə məzara gedəcək

– Kaş ki, Pənah Hüseynlə münasibətlərim indiki kimi olaydı – hakimiyyətdən getməzdik

– Bizim hakimiyyətin 1-ci cinayəti müstəqilliyə nail olmaq, 2-ci cinayəti xalqını sevmək, 3-cü cinayəti ərazi bütövlüyümüzü bərpa etməyə çalışmaq, 4-cü cinayəti test imtahanlarını gətirmək, 5-ci cinayəti rus ordusunu çıxarmaq, 6-cı cinayəti – ən böyük cinayətimiz idi – vəzifələrə pulsuz adam qoymaq idi.

– Cinayətkarı da tutanda Əbülfəz Elçibəy “balası var, gör nə edirsiniz, kömək edin” deyirdi

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button