İşğal olunan Xersonda referenduma hazırlıq görülür

Ukraynanın işğal edilən Xerson vilayətinin Rusiya qoşunlarının köməyi ilə təyin olunan hakimiyyəti bu regionun təcavüzkar ölkəyə birləşdirilməsi haqqında referendumun keçirilməsinə hazırlığın başlandığını bildirib.

“Biz referenduma hazırlaşırıq və onu keçirəcəyik. Xerson vilayəti qərarını verəcək və Rusiya Federasiyasına birləşəcək, tamhüquqlu subyekti olacaq”, – rusiyayönümlü müvəqqəti administrasiyanın başçısının müavini Kirill Stremousov belə deyib.

Telelgram-da o yazır ki, regionun sakinləri “ənənəvi ailə dəyərlərinə, bizim ümumi tariximizə qayıtmaq istəyirlər. Avropa pozğunluğuna və Sevginin ilahi gücünün inkarına yox”.

Səsvermənin dəqiq keçirilmə tarixi, hələlik, açıqlanmır. Bundan əvvəl Stremousov onun payızda baş tuta biləcəyini söyləmişdi.

Fevralın 21-də Moskva qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanıyıb. Fevralın 24-də Rusiyanın Ukrayna ərazisinə tammiqyaslı hərbi müdaxiləsi başlayıb. Rusiya ordusu və separatçıların bölmələri Ukraynanın şərq və cənubunda bir sıra ərazilərini tutub.

Donbasın bir hissəsi və Krım 2014-cü ilin yazından Ukrayna hakimiyyətinin nəzarətində deyil. Krım nəticələrini beynəlxalq ictimaiyyətin tanınmadığı referendum nəticəsində Rusiyanın hissəsi elan olunub. Moskva ilhaqı “tarixi ədalətin bərpası” adlandırıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button