İşi bitirdik!!!

Çürüyən əsgərin qandonduran ölüm səbəbləri «Xural»da!

 Ürəyi zəif olanların oxuması məsləhət deyil!

 Allah bu dəhşəti götürməz. Oxuduqlarınıza inanmayacaqsınız. İki gündür ki, ölkə mediası Azərbaycan ordusunun çürüyərək ölən əsgərindən yazır. Amma hələ ki, Baş Prokurorluğun faktla bağlı cinayət işi açdığı və mərhum əsgəri müalicə edən həkimlərinin açıqlamaları barədə rəsmi məlumatlar verilir. Nəhayət, mərhumun atası, anası, xalasının danışdıqlarını təqdim edirik. Mərhumun doğmalarının dediklərində ağır ittihamlar var. Məsələ burasındadır ki, bu hadisə barədə açıqlanan rəsmi məlumatlarda bir qayda olaraq valideynlər ittiham olunur. Amma mərhum əsgərin doğmalarının açıqladıqları kifayət qədər dəhşətlidir.

 Mərhumun atası Qədir Novruzovun dedikləri: «3 ay idi ki, uşağımız müalicə olunurdu. Türk həkim onu müayinə edəndən sonra cavablar gəlməyə başladı. Onkologiyadan cavab gələndən sonra həkimlər dedilər ki, bunun müalicəsi Türkiyədədir. Mən onlara deyirdim ki, uşaq 10-15 gün də ləngisə onun sifəti olmayacaq. Onlara yalvara-yalvara deyirdim ki, bu uşağın dodaqları qırılıb düşəcək. Bizim həkimlər də deyirdilər ki, heç nə olan deyil. Gördüm ki, bunlar uzadırlar, müxtəlif bəhanələr edirlər, mən məcbur olub yolu bağladım, mətbuata açıqlamalar verdim. Yol bir saat bağlı qalandan sonra mənə təklif etdilər ki, yolu açın, biz sabah uşağı Gülhanəyə göndərəcəyik. Mənə dedilər ki, get rəisin yanına pasportu, bileti götür. O, mənə heç bir möhürü, imzası olmayan bir kağız verdi. Mənə dedi ki, bu bron biletdir. Sonra Eldarın yanına gəldim, dedim oğlum, gözün aydın, sabah Gülhanəyə gedirsən. Balam mənə dedi ki, ata, sən yolu bağlamağa gedəndən mənə ancaq sistemlər qoşurlar, bir-birinin dalıyca iynələr vururlar. Eldar balam mənə dedi ki, ata, ayaqlarım tutulub. Yolda gördüm ki, gözlərinin rəngi saralıb. Bədəni sapsarıdır. Gördüm inildəyib məni axtarır. Tez onu təcili yardıma qoyub reanimasiyaya qaytarmaq istədik».

 

Əsgərin anası Xuraman Qəribova: «Elə həmin vaxt bizimlə gedən həkim kiməsə zəng edib dedi ki, işi həll etdik. Qabaqda oturan həkim pəncərəni açıb arxaya üç dənə dərman verdi. Həkim də yalandan təzyiqini ölçdü. Sonra da o iynələri vurdu. O iynədən sonra uşaq səhərə qədər inildəyib ağlayırdı ki, mama, mən ayılmaq istəyirəm».

 

Mərhum əsgərin xalası Aynurə Zahidova: «Bu işi bağlamaq üçün, bizi susdurmaq üçün 10 min manat təklif edənlər olub. İndi deyirlər ki, bu uşaq əvvəldən xəstə olub. Niyə xəstə əsgəri hərbi xidmətə yararlı kimi aparıblar?»

 

Qədir Novruzov: «Mənə hospitalda dedilər ki, biz bu uşağı müalicə edə bilirik. Bizim sənə yaxşılığımız odur ki, sənə 10 min manat verək və onu da tərxis edək. Apar özün müalicə et. Mən inanıram ki, balamın qatilləri cəzalarını alacaqlar.»

 

Və bu yerdə Müdafiə Nazirliyinin Hərbi Tibbi İdarəsinin rəisi Məcid Məsimov: «Birincisi, müəyyən edilməlidir ki, reallıq nədən ibarətdir. Günahkar kimdir, cəzalandırılsın, dar ağacından asılsın. Lap başda mən olmaqla».

 Bu açıqlamalardan da görünür ki, əslində, vaxtında müdaxilə olsaydı, mərhumun həyatını xilas etmək mümkün olardı. Lakin daha maraqlı məqam odur ki, Müdafiə Nazirliyinin rəsmiləri bu məsələ ilə bağlı verdikləri açıqlamalarda böyük tərəddüdlər edirdilər. Maraqlıdır ki, nazirliyin rəsmiləri açıqlama verərək bildirirlər ki, Azərbaycanla Türkiyə arasında hərbi müqaviləyə əsasən hər il 50 azərbaycanlı hərbçi Gülhanə hospitalında müalicə oluna bilər. Apardığımız araşdırmalar da göstərir ki, mərhum Eldar Novruzovun Türkiyəyə göndərilməsinin uzun müddət yubanması həmin 50 nəfərlik kvotanın dolmasıyla bağlıdır. Dünən qeyri-iş günü olduğundan bu il Azərbaycandan Gülhanəyə göndərilən hərbçilərin adlarını dəqiqləşdirə bilmədik. İş günlərində biz Azərbaycandan Gülhanəyə müalicə üçün yollanan hərbçilərin kimliklərini araşdırmağa cəhd edəcəyik. 

 Elvin

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button