İşıq pulunda dəyişiklik ola bilər

Azərbaycanın elektrik enerjisi bazarının tənzimləyiciləri bazar modelinin dəyişdirilməsi üzərində işləyir.

xural.com -un apa.az-a istinadən verdiyi xəbərə görə, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunur.

Məlumatda qeyd edilir ki, bu addımın əsas məqsədi istehsalçı şirkətlərin effektivliyinin artırılmasıdır. “Bu isə “Azərenerji”nin tariflərinə müsbət təsir edə bilər. Sonuncu dəfə elektrik enerjisinin tarifləri 2007-ci ildə dəyişib. İnvestisiya qoyuluşlarının azaldılmasının təzminatı tariflərin artırılması ola bilər. Lakin bu, “Azərenerji” üçün çətinlik yarada bilər”, – deyə analitiklər hesab edir.
Şirkətin yanacağa xərclədiyi vəsait əməliyyat xərclərinin yarısına bərabərdir. “2013-cü ilin dekabrından etibarən “Azərenerji”yə satılan hər 1 000 kubmetr qazın qiyməti 63% artaraq 80 manata çatıb. Lakin həmin dövrdən əhaliyə satılan elektrik enerjisinin tarifi dəyişməyib. Şirkətin gözləntilərinə görə, ortamüddətli perspektivdə elektrik enerjisi və qaz tarifləri dəyişməyəcək”, – deyə ekspertlər qeyd edir.
Tarif (qiymət) Şurasından isə bildirilib ki, hazırda hər-hansı tarifin artırılması nəzərdə tutulmayıb.
Xatırladaq ki, Şuranın 2 dekabr 2013-cü il tarixli 13 nömrəli Qərarı ilə magistral qaz kəmərlərinə birbaşa qoşulmaqla istehsal məqsədləri üçün təbii qaz istehlak edən kimya, alüminium, dağ mədən filizi əsasında polad əritmə, elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satış (aylıq istehlakı 10 mln. kubmetrdən az olmamaq şərti ilə) tarifi 1000 kubmetr üçün 80 manat təşkil edir (ƏDV daxil).
Bütün istehlakçılar üçün elektrik enerjisinin pərakəndə satış tarifi 1 kVt/saat üçün 6 qəpik (ƏDV daxil) səviyyəsində müəyyənləşib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button