“İslam mədəniyyətinin modernləşməsində Aida İmanquliyeva imzası” konfransı – FOTO


DSC_0433Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Etatist.com və Milli Fikir Mərkəzinin təşkilatçılığı ilə “Dəyərlərimizə qayıdaq” kampaniyası çərçivəsində “İslam mədəniyyətinin modernləşməsində Aida İmanquliyeva imzası” adı konfrans keçirilib.

Bu haqda məlumatı xural.com-a etatist.com və Milli Fikir Mərkəzindən veriblər. Azərbaycan Dövlət Himni səsləndikdən sonra konfrans iştirakçılarına görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsinə ithaf olunmuş video təqdim olunub. Daha sonra aparıcı Azər Həsrət kampaniya və mövzu haqqında ümumi məlumat verib:

 “Dünyada çox dəhşətli hadisələr baş verir. Xüsusilə Yaxın Şərqdə İslam adına törədilən hadisələri hamınız dəhşətlə izləyirsiniz və düşünürsünüz ki, bütün bunlar niyə İslam adına edilir. Bu suallar hamımızı düşündürür. Biz bilirik ki, əslində İslam terror dini deyil. Artıq Türkiyə də bu savaşın içinə sürüklənib. Əslində İslam dini ilə bağlı Sovet dönəmində belə Azərbaycanda müəyyən işlər görən adamlar olub ki, o insanların araşdırmaları, kültürümüzə gətirmək istədikləri diqqətimizdən qaçıb. Bu baxımdan Aida İmanquliyevaya müraciət edilməsi şəxsən mənim üçün də maraqlıdır. Mən Şəhriyar Məcidzadəyə təşəkkür edirəm ki, belə bir mövzunu gündəmə gətirir. Bu, bizim tolerant dövlət idealımızı Aida İmanquliyeva imzası ilə möhkəmləndirmək üçün cəhddir.”

 Daha sonra A.Həsrət sözü məruzəçi, Etatist.com internet qəzetinin baş redaktoru Şəhriyar Məcidzadəyə verib. Ş.Məcidzadə çıxışı zamanı 6 avqustun senzuranın ləğv edildiyi gün oluğunu xatırladıb və sonra mövzuya keçib. O, bildirib ki, XXI əsrdə dünya keçmişdən qalma geopolitik problemlərlə daha kəskin şəkildə üzləşir:

 “Hər iki qütbün ideoloqları tərəfindən Qərb və Şərq tandemi təhlil edilərkən bir-birini inkar etməklə qarşılıqlı qınaq və ayrılığa əsaslanırlar. Bunun köklü səbəbi bu iki qütbün iki dünya görüşünün bir-birini tanımaması və tanımadığı üçün qorxmasıdır. Qorxu bilinməzlikdir. İnsan yaradılışı etibarı ilə əhəmiyyətini təsvir edə bilmədiyi, nəticəsini görə bilmədiyi hər şeydən qorxur.”

 Şəhriyar Məcidzadə deyib ki, Bu gün Şərq insanı üçün Qərb xristianlığın, Qərb insanı üçünsə Şərq İslamın yatağıdır:

 “Ancaq həm Şərqin, həm Qərbin dini görüşünün içində, hər nə qədər subyektiv fikirlərlə, nifrətə köklənsə də, sevgi var.

 2 min il bundan əvvəl İsa Məsih necə bağışlamaqdan, xoşgörüdən, mərhəmətdən danışarkən ona şair deyirdilərsə, 1400 il əvvəl də İslam peyğəmbəri cahillik və zorakılıqla zülm edənlərin qarşısına çıxıb ilahi vəhi çatdıranda cahillər ona da şair deyirdilər. Çünki, bütün zamanlarda dövrün aydınları ruhun diliylə danışırdılar. Bundan öncə vurğuladığım kimi, ruhun dili – sevgi dilidir”.

 Daha sonra o, Şərq və Qərb arasındakı anlamsız ayrılığı duyan, eyni zamanda Şərq və Qərb ədəbiyyatının əlaqəsi nəticəsində bəşəri anlam qazanacağını araşdırmalarında müəyyən edən ilk alimin Aida İmanquliyeva olduğunu qeyd edib:

 “Aida İmanquliyevanın araşdırmaları sübut etdi ki, Şərqin Qərblə ilk körpüsü ədəbiyyatdır. Çünki ədəbiyyat müşahidədir, müşahidə isə düşüncə. Qərb intibah dövrünü məhz ədəbiyyatla başladı. Ədəbiyyat düşünməyi və fəlsəfəni doğurdu. Fəlsəfə isə insanların təbii ehtiyaclarını texnoloji proqressə çevirdi. Bu gün bütün İslam dünyasının qarşısında sual dayanır: Niyə Qərb texnoloji inkişafa getdiyi halda Şərq bu inkişafdan dayandı? Niyə Qərb geyimdən nəqliyyata qədər hər şeyi icad etdiyi halda, Şərq bir-birilə danışa bilmək üçün Qərbin icad etdiyi adi bir telefona möhtacdır? Çünki Şərq 500 ildir ki, fundamental ehtiyaclar barəsində düşünən yazarların, şairlərin yetişməsinə imkan vermir. Çünki Şərq “günah” qorxusu səbəbindən özünün ən aydın beyinlərinə asanlıqla “kafir”, “dindən dönmüş”, “azmış” damğaları vurmaqdan çəkinmir. Və beləcə aydın beyinlərindən xoflanan cahillər bu gün də düşüncə adamlarını aşağılamaq üçün şeiri, ədəbiyyatı haram sayan fətvalar verir, nə yazıq ki, düşüncəni tərənnüm edənlərə “bu fəlsəfədir” deyib haram sayanlar var. Ancaq İslam bütünlüklə düşüncənin, axtarışın, saf niyyətin dinidir. Quranda bununla bağlı kifayət qədər ayə var. Bir ayəni diqqətinizə çatdırmaq istəyirəm: Yaradan, heç yaratmayan kimidirmi? Artıq öyüd alıb düşünməzsinizmi? (Nahl surəsi, 17)”.

 Ş.Məcidzadə qeyd edib ki, Aida İmanquliyeva öz yaradıcılığında sadəcə Şərq və Qərbin ədəbi mühitinin yetirmələrinin yaradıcılığını təhlil etməyib:

 “O, eyni zamanda bu təhlillərin içərisində çıxış yollarını müəyyən edir və hədəflər sıralayırdı. O, kitablarının birində açıq-aşkar bu hədəflər üçün mübarizənin vacibliyini vurğulayır və bizə – Azərbaycanın gələcək nəsillərinə səslənirdi: Sadəcə ədalətin, qardaşlığın və sevginin hakim olduğu insan cəmiyyətinin yaradılması üçün mübarizə aparmaq lazımdır.”

 Məruzəçi Aida İmanquliyevanın araşdırdığı şəxslərin hər birinin adının bu gün dini dözümlülüyün, sevginin və ən önəmlisi azadlığın rəmzinə çevrildiyini qeyd edib:

  “O, bizə – gələcək nəsillərə vərasət kimi saxladığı araşdırmalarında azad düşüncənin izini qoyur və bizə istinad mənbələri təmin edirdi.

 “Kimləri araşdırıb Aida İmanquliyeva: Cübran Xəlil Cübranı, Mixail Nuayməni, Əmin əl Reyhanini. Həmin bu şəxslərin yaradıcılığına, ifadə tərzlərinə diqqət yetirsək əmin ola bilərik ki, o, bizə simgəsəl şəkildə Tanrının bəxş etdiyi ən önəmli nemət olan iradəni, azadlığı miras qoyub. Tanrı bütün canlıları, təbiəti, heyvanlar aləmini, bitkiləri seçim hüququndan məhrum edib, külli iradəyə təslim edərkən, yalnız insana iradə azadlığı bəxş edib. Yalnız iradə azadlığı dünyanı sevgiyə və birliyə apara bilər. Yalnız iradə azadlığı yaradıcılığın təkanverici qüvvəsidir. Aida İmanquliyeva bizə bu mirası qoyub.”

 Çıxışının sonunda Şəhriyar Məcidzadə deyib ki, bu araşdırmaların tədqiqində İslam mədəniyyətinin modernləşməsinin qarşısında dayanan ən başlıca amilin özünüdərkin yoxluğu olduğunu müəyyən ediblər:

 “Bunun üçün A.İmanquliyeva mühafizakər düşüncədən xilas olmağın yolunu məhz düşüncəni tətikləyəcək ədəbiyyatda görür. İslam mahiyyətində gözəl dindir. Xoşgörü və dözümlülük həm Quranda, həm hədislərdə təsdiq edilir. “İslam mədəniyyətinin modernlərşməsi” deyərkən biz, mövcud şəriəti və İslam qaydalarını dəyişməkdən danışmırıq. Əksinə, o qaydaların üzərində düşünməyə və düşüncə azadlığını təmin etməyə çağırırıq. Düşüncəsiz, kor-koranə Allahı zikr etmək, Allahın xəlq etdiyi varlığın gözəlliyini tərənnüm etmək mümkün deyil. Bütün insanlığa və yaradılanlara sevgini qavramaq üçün ən vacib amil düşüncədir.

 Biz cəmiyyətimizi bilinməzlik qorxusundan azad etmək üçün ilk addımı Şərq və Qərbin sintezininin rəmzinə çevrilən A.İmanquliyevanın tədqiq etdiyi şəxsiyyətləri tanımaq və tanıtmaq üçün atırıq.

 Ruhunuza azadlıq verin! O, öz yolunu tapacaq!”

 Sonra söz AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun tarix üzrə fəlsəfə doktoru Cavid Qasımova söz verilib. O, çıxışı zamanı bildirib ki, indi böyük alimlərin qoyub getdiyi irs lazımınca qiymətləndirilmir:

 “2005-ci ildən etibarən Türkiyənin bir sıra universitetlərində Azərbaycandakı ərəb çalışmaları ilə bağlı ciddi araşdırmaya başlayıblar. Mən Aida xanımla bağlı 5-6 dissertasiyaya rast gəldim. Biz bu cür böyük xəzinələrdən məhrum qalmışıq. Biz elm adamları üzərindən çalışmalar aparmalıyıq. İslam dini barəsində məsələ artıq primitivləşib və çayxana səviyyəsinə enib. Ona görə mən Şəhriyar bəydən xahiş edirəm ki, bu çıxışını ictimailəşdirsin. Bu olduqca vacib məsələdir. Aida xanımla bağlı qəzetlərdə, jurnallarda məlumatlar gedir, amma hələ də onun elmi irsinin akademik səviyyədə araşdırılması məsələsi lazımi səviyyədə deyil. Hər kəs alim ola bilər, amma ən böyük alim odur ki, onun yaradıcılığı tədqiqat obyektinə çevrilsin. Aida xanım da bu cür alimlərdəndir. Onun yaradıcılığı qonşu ölkələrdə tədqiqat obyektidir. Biz niyə bundan geri qalaq? Bunu düşünmək lazımdır”.

 C.Qasımov sonda təkliflə çıxış edərək bildirib ki, Milli Fikir Mərkəzi bunu gündəliyə çıxarıb alimlərin diqqətinə çatdırsa yaxşı olar.

 Sonra söz “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovaya verilib. O da çıxışı zamanı bildirib ki, məruzədə yalnız İslam mədəniyyətinin modernləşməsi və Qərblə sintez məsələsindən daha köklü konsepsiya görüb:

 “Gələcək dövlətçiliyin daha da möhkəmləndirilməsi üçün, yeni bir modelin yaradılması üçün konsepsiya. Qərb və Şərqin intihar etdiyi bir anda, həqiqətən də 50 il bundan əvvəl bu məsələnin aza düşüncə ilə ortaya çıxarılması, sevginin təbliğ edilməsi… Çox maraqlı məqamlar var burda. Mənim üçün çox maraqlı oldu. Siz bu konsepsiyaları daha da inkişaf etdirsəniz mükəmməl bir dövlətin – daha da formalaşmış, Qərb və Şərqdən bəhrələnmiş yeni bir modelin ortaya qoyulmasına gətirib çıxara bilər. Bu artıq ortaya qoyulub, amma bunu daha da inkişaf etdirmək gənclərin işidir. ”

M.Zeynalova qeyd edib ki, bütün bunlar Azərbaycan qadınının dünyaya çıxa biləcək səviyyədədir və artıq çıxa bilib:

 “Təəssüflər olsun ki, Sovet dönəmində bunu təbliğ etmək mümkün olmayıb. Bizim də borcumuz bunu təbliğ etməkdir. Bütün dünyaya təbliğ etmək. Bu konsepsiyalarda yeni bir dünya görüşü var, yeni fəlsəfə var. Bu konsepsiyalarda yeni baxış var. Hansı ki, orda zorakılıq yox, sevgi var. Bu məsələlərin müzakirəsi çox vaxtında və yerindədir ki, gənclər bu məsələlərə fərqli baxacaq və inkişaf etdirəcək.”

 Daha sonra gənclər Şəhriyar Məcidzadəyə sual ünvanlayıblar və konfrans müzakirə ilə davam edib.

 Xatırladaq ki, Etatist.com internet qəzeti və Milli Fikir Mərkəzi “Dəyərlərimizə qayıdaq” kampaniyasına iyul ayının 29-da start veriblər.

xural.com

DSC_0433 DSC_0442 1 DSC_0318 DSC_0365 DSC_0466 DSC_0385 DSC_0315

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button