“İslam mədəniyyətinin modernləşməsində Aida İmanquliyeva imzası”

MFMMilli Fikir Mərkəzinin ofisində mərkəzin idarə heyətinin üzvlərinin toplantısı keçirilib. xural.com-a MFM-dan daxil olan məlumatda bildirilir ki, toplantıya səbəb Yaxın Şərqdə dini zəmində qarşıdurmaların Azərbaycanın daxilində gedən proseslərə təsir imkanlarını müzakirə etmək və gənclərin milli maraqlar istiqamətində birgə işləməyə təşviq etmək olub.

Etatist.com xəbər verir ki, toplantı zamanı Azərbaycanın sosial-ictimai həyatında din mövzusunun olduqca mühim əhəmiyyət kəsb etdiyi vurğulanıb, bu əhəmiyyətin kökündə Azərbaycan cəmiyyətinin xoşgörü və tolerantlıq prinsiplərinə sadiqliyi, prinsiplərin əsrlərə söykənən ənənə halını alması və hər cür dini, milli, irqi zəmində yarana biləcək problemlərin qarşısında cəmiyyətimizin bütövlüyünü simvolizə etdiyi bildirilib.

 Çıxış edənlər Azərbaycanın etnoqrafik kimliyi, bölgə amili ilə dini görüşü və digər regionlarda baş verən proseslərin Azərbaycana təsirini ətraflı şəkildə müzakirə edib, bu məsələyə dair konkret təkliflərlə çıxış edərək bölgədə müşahidə olunan dini qarşıdurmanın, xüsusi ilə Türkiyədə son dönəmlər baş qaldıran qarışıqlığın ölkəmizin daxili əhvalına toxunmaması üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

 Tədbirdə çıxış edən MFM sədri Şəhriyar Məcidzadə bildirib ki, İslam bir svilizasiyadır və bu sivilizasiya, mədəniyyət bu gün müxtəlif qüvvələrin əlində ölkələrin daxili siyasətinə müdaxilə edilməsi üçün vasitəyə çevrilir:

 “Bu gün Türkiyədə baş verən proseslər buna əyani sübutdur. Bu kimi hadisələr nəinki ölkələrin, hətta bölgənin, regionun və dünyanın özünə təhlükə problemi yaradır

Din insan ruhunun əsasıdır. Heç bir halda imkan vermək olmaz ki, səmimi insanın ilahi məhəbbəti hansısa qüvvələrin əlində öz cəmiyyətinə, toplumuna qarşı istifadə edilsin. Tarix göstərdi ki, 1400 il bundan əvvəl İslam peyğəmbərinin Ərəbistan yarımadasında başladığı elm və sevgi işığı bəşəriyyət üçün nə qədər xidmət göstərdi. Elə həmin tarix yenə də göstərdi ki, bilgisiz insanlar cəmiyyət və bütün insanlıq üçün bəzən necə asan təhlükə mənbəyinə çevrilə bilir. Buna görə bu bilgisizlik qaranlığını ancaq insana verilən iradə və düşüncə ilə yara bilərik.

 Bizim vətəndaşlarımız Suriyaya gedirsə, nurçu olursa, hansısa məzhəblərə qoşulursa, Konstitusion quruluşumuza qarşı fəaliyyət göstərirsə, deməli dini sahədə boşluq var. Bizim bu sahəyə İslamın mahiyyəti ilə – xoşgörüyə əsaslanan baxışımız olmalıdır. Yoxsa boşluqdan yararlananlar çoxalacaq.

Bizim insanımız bir-birinin haqqını qəsb edəcək qədər zalım olmayıb. Çünki bizim düşüncəmizin kökündə insan amili var. Bu amil, dini ayrıseçkilik və məzhəbə dayanmır, 1400 il bundan əvvəl peyğəmbərin dilindən səsləndiyi kimi, “bir insanı öldürən şəxs, bütün insanlığı öldürüb”. Bu ifadə sevgi və dözümlülüyü şərtləndirdiyi kimi, həm də məzhəbi, dini ayrı-seçkiliyi inkar edir.

 “Azərbaycan cəmiyyəti Aida İmanquliyevanın kitablarını oxumalı və düşüncələri ilə tanış olmalıdır”

 Ş.Məcidzadə bildirdi ki, araşdırmalarının sonunda Şərq və Qərbin düşüncə tərzini özündə ehtiva edən köklü bir fəlsəfi baxışa ehtiyac olduğu qənaətinə gəlib:

 “Bu ancaq ədəbiyyat ola bilər. Bu gün qəti şəkildə deyə bilərəm ki, Azərbaycan xalqına və dövlətinə, yalançı dinin istifadə olunmaması, insanlarda bir-birinə qarşı düşmənçiliyin yaranmaması üçün, insanı sevdirən, oxumağa sövq edən, axtarışlarını davamlı qılan, dəyərlərimizə qaytaran, bir sözlə, coğrafi mövqeyimiz kimi özündə Şərqi və Qərbi birləşdirən düşüncə xətti lazımdır.  Bu, isə tezisləri araşdıran və öz həyatını, fəaliyyətini bütövlüklə Şərqin və Qərbin ruhunun sintezinə adayan görkəmli azərbaycanlı şərqşünas Aida İmanquliyevadır. Düşünürəm ki, Azərbaycan cəmiyyəti Aida İmanquliyevanın kitablarını oxumalı və düşüncələri ilə tanış olmalıdır. O zaman biz aydınlığa start vermiş olacağıq. A.İmanquliyevanın fəaliyyətini çox yaxşı şəkildə, olduğu kimi anlamalı və anlatmalıyıq. O zaman biz kənardan din pərdəsi altında Azərbaycana soxulmağa çalışanları sevgi və xoşgörü ruhumuzun içində aydınladacağıq.”

 Alman intibahının səbəbkarı Martin Lüter olduğu kimi, bizim intibah səbəbkarımız da Aida İmanquliyeva ola bilər.

 Daha sonra çıxış edən idarə heyətinin üzvü Kamran Həsənli bildirdi ki, A.İmanquliyevanın yaradıcılığı ilə tanış olduqdan sonra onun içində güclü bir inanc yaranıb:

 “Qərb intibah dövrünü məhz oxumaq, öyrənmək, aydınlanmaqla başlayıb. Qərb öz renesansını içindəki Tanrı qorxusunu, Tanrı sevgisinə çevirməklə başladı. Yadınıza Martin Lüteri salın. Ona qədər İncil tərcümə olunmamışdı. İnsalar İncili anlamadıqları latın dilində oxuyur, dualar edir, ancaq nə dediyini bilmirdi. Ona qədər insanlar günahlarını “Tanrı qarşısında” pulla yuyurdu. Qərbi bu böyük qorxu dövündən bilgiyə ancaq sevgi çıxardı. Bizim dünya görüşümüzdə də ən az M.Lüter əhəmmiyyətinə sahib biri var. Şəhriyar bəyin vurğuladığı kimi, o, Aida İmanquliyevadır. Mən təklif edirəm ki, ilk işimiz onun adına sosial şəbəkələrdə səhifə açmaq olsun.”

 “İslamın fərzi sayılan hicab, məhəbbətdən daha çox məcburiyyətə çevrilib”

 Sonra idarə heyətinin üzvü Qəmər Şahbaz çıxış etdi və dedi ki, bu mövzulara toxunan bir şərqşünasın qadın olması bu işdə qadınların fəaliyyətinə ciddi təkan kimi qiymətləndirilməlidir: “Aida İmanquliyevanın araşdırmalarından tanış olarkən ən birinci Mixael Nuaymənin qaldırdığı mövzulardan biri – qadın-kişi bərabərliyi haqqında oxudum. Təəsüflər olsun ki, bu gün öz övladlarını məktəbə buraxmayan ailələr var. Erkən nikah yaşı azalıb. Hətta İslamın fərzi sayılan hicab, Allaha məhəbbətdən daha çox insanların qarşısında məcburiyyətə çevrilib. Bilgisi olmayan adam sevdirə bilmir.

 Mən təklif edirəm ki, biz bu məsələlərdə əsas ağırlığı böyük tədbir keçirməyə qoyaq. Ümidvaram ki, xalqımız üçün faydalı bir iş görmüş olacağıq.”

 İdarə heyətinin üzvü Cavid Əliyev isə öz çıxışında qeyd etdi ki, Azərbaycanda din sahəsində boşluq olduğu üçün müxtəlif qüvvələr bu istiqamətdə fəaliyyət göstərib vətəndaşlarımızı özlərinə alət edə bilirlər:

 “Əgər bu istiqamətdə köklü düşüncə bazası yaransa inanıram ki, bu problemlər minimuma endiriləcək. Ona görə biz kompleks hazırlıqlarla cəmiyyətimizə mesaj verməliyik. Suriyada, Türkiyədə cərəyan edən hadisələrdən nəticə çıxarmaq lazımdır. Necə çıxaracağıq? Aida İmanquliyevanın araşdırma predmetlərinin cəmiyyətdə geniş müzakirəsi insanları düşüncəyə sövq edəcək. Bu araşdırmaların hamısı dözümlülüyü, sevgini, düşüncəni – insanın təməl dəyərlərini əhatə edir. Qısası radikalizmin kökünü qurutmağın yolu, onun qarşısında şüurlu vətəndaş qoymaqdır. Bu isə düşüncə ilə mümkündür”.

MFM idarə heyətinin üzvü Elvin Mahmudov isə “bu gün burda iş planı hazılamalı və yaxın zamanda ictimaiyyəti hansı işlər görəcəyimiz barədə məlumatlandırmalıyıq”, deyə bildirdi.

 Daha sonra MFM idarə heyəti qərar qəbul etdi:

 Aida İmanquliyevanın həyat və fəaliyyəti, araşdırmaları, Şərq və Qərb sintezinə aid yazılarının geniş şəkildə təbliğ edilməsi üçün sosial şəbəkədə Aida İmanquliyeva ilə bağlı səhifə yaradılsın.

  1. Davamlı olaraq KİV-də Aida İmanquliyevanın tərcümələri, tədqiqatları haqqında yazılar yayımlanması üçün fəaliyyət göstərilsin.
  2. Cəmiyyətdə radikalizm meyllərinin azalması, xoşgörünün artırılması məqsədilə televiziyalara bu mövzuda sənədli filmlərin çəkilməsi üçün müraciət ünvanlamaq.
  3. Ölkə ictimaiyyətinin bu məsələdən xəbərdar olması, fəaliyyət istiqaməti, cəmiyyətdə gedən proseslərin təhlil edilməsi üçün MFM-in adından əhatəli bəyanat hazırlansın.
  4. “İslam mədəniyyətinin modernləşməsində Aida İmanquliyevanın imzası” mövzusunda BMM-də ölkə ictimaiyyətinin, gənclərin, aidiyyatı üzrə dövlət məmurlarının, millət vəkillərinin iştirakı ilə açıq tədbir keçirilsin. Tədbirdə MFM-in “İslam mədəniyyətinin modernləşməsində Aida İmanquliyevanın imzası” mövzusunda hesabatı və təklifləri məruzə edilsin və aidiyyatı qurumlar üzrə göndərilsin.
  5. Məsələnin ictimai əhəmiyyət kəsb etməsi üçün mütəmadi təbliğat tədbirləri keçirilsin.

xural.com

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button