Islam: xurafat, yoxsa xalis din

DSCN3638İsmayıllıda Heydər Əliyev mərkəzinə toplaşan yerli ziyalılar və dini icma liderləri bu mövzunu müzakirə ediblər. Müzakirə tanınmış ilahiyyatçı alim, Quran-i Kərimin tərcüməçisi Nəriman Qasımoğlunun etdiyi məruzə ətrafında olub.

 xural.com-a daxil olan məlumatda bildirilir ki, natiq öz çıxışında xurafatın qaynaqlandığı dini ədəbiyyata, belə ədəbiyyatın rəvac verdiyi saxtalaşdırılmış təsəvvürlərə toxunaraq diqqəti bütün bunların dağıdıcı mahiyyətinə yönəldib və xalis din anlayışı ilə xurafatçılıq arasında tarixi ziddiyyətləri Quran məntiqi işığında konkret ayələrdən sitatlarla açıqlayıb.

 “Xalis din mərhəmət dinidir, başqa din mənsublarına münasibətdə tolerantlıq təbliğ edir, etiqad azadlığını belə dəyər kimi qəbul edir. Xurafat dini isə qəzəb dinidir, səninlə həmfikir olmayanı nəinki qəbul etmir, ən ağır cəzaya düçar etməkdən belə çəkinmir. Xalis dinin qaynağı Quran-dır, xurafat dini isə obyektiv qaynaqdan məhrum söhbətlər, nağıllar, uydurmalardır ki, bunlar da Quran ayələrinin hərfinə və ruhuna zidd məzmun daşıyır. Xalis din savadlanmanı, təhsili, elmi din borcu sayırsa, xurafat dini cəhaləti, qaranlıqda qalmanı, saxta dinçiliyi müqəddəsləşdirməyə can atır” deyə N.Qasımoğlu bildirib.

Məruzəçi öz çıxışında erkən nigah hallarının din mövhumatçılığından gəldiyinə də diqqət çəkib və xurafat əsiri olan ailələrdə yayılan belə halların xalis dinin ana qaynağı müqəddəs Kitab-la bir araya sığmadığını konkret ayələrin nümunəsində izah edib.

 N.Qasımoğlu elm, təhsil, savadlanmanın  müqəddəs ayələrin işığında ibadət məzmunundan danışarkən iştirakçılara islamın ana qaynağı Quran-i Kərimin adında ifadə olunan “oxu” sözünün məhz bu mətləbin ilahi fəlsəfəsini açıqlamağa xidmət etdiyini qeyd edib: “Niyə Oxu?  Çünki islamdan qabaqkı dövr cahiliyyə adlandırılan dövr idi, yəni cəhalət dövrü, savadsızlıq dövrü, nadanlıq dövrü. Peyğəmbəri oxumağı-yazmağı bilməyənlər içindən seçib ona vəhy göndərən Rəbbimizin bu kosmik-ilahi göndərişlərinin bir adı da məhz elmdir. Yəni Quranda vəhy anlayışı həm də elm adlandırılır. “Əgər sənə gəlmiş elmdən sonra onların istəklərinə uyacaq olsan, Tanrıdan sənə nə bir yar olar, nə bir qoruyan…”. Bu ayədə Rəbbimiz Öz seçdiyi peyğəmbərinə xəbərdarlıqla bizi də agah edir ki, elmdən kənara çıxmaq ilahidən də uzaqlaşmaq deməkdir. “İnsanlardan eləsi var bəhs eyləyər Tanrının barəsində elmsizcəsinə. Hər tərs, dikbaş şeytana uyar beləsi” – bu ayədə isə din fanatiklərinin tənqidini müqəddəs Kitab özü edir” deyə N.Qasımoğlu vurğulayıb.

 Məruzəçi elmlənmə, təhsillənmə istiqamətində gerçək dini maarifçilik işinin əhəmiyyətini də vurğulayıb və deyib ki, islam dininin elmi-kulturoloji aspektləri, etik-əxlaqi normalarının açıqlanması və müzakirələri gənclərin intellektual və mənəvi inkişafının mənfi təsirlərdən qorunmasına, din mədəniyyətinin yüksəldilməsinə təsir göstərə, eləcə də onların Azərbaycan dövlətinə sədaqət ruhunda tərbiyəsinə yaxşı töhfə verə bilər.

Yığıncaqda rayon icrah hakimiyyəti başçısının müavini Sevil Əvmədova,  Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nümayəndəsi Rəhim Rəhimli də çıxış edərək bölgələrdə maarifçilik sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar. Sonda N.Qasımoğlu iştirakçılarla maraqlı keçən müzakirədə onların suallarını cavablayıb.

 İsmayıllıda keçən bu tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Din və Demokratiya Mərkəzi İctimai Birliyinin “Azərbaycan dövlətçiliyinin təbliği ilə bağlı səyyar maarifçilik tədbirlərinin təşkili” layihəsi çərçivəsində reallaşıb.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button