İSLAMIN TÜRKLƏRƏ GƏLİŞİ – II yazı

Turan Dursun

Əhatəli təsirə malik bir mühit formalaşdırmaq istəyən Kuteybə bunun üçün əvvəlcə yerli xalqı islamlaşdırmağa başlayır. Buxara xalqı əvvəlcə müsəlman olmuş kimi görünsə də, bu dini qəbul etmək istəmir. Kuteybə türklərin müsəlman olmadıqlarını, evlərində İslam qaydalarını tətbiq etmədiklərini anlayır və yeni bir üsul düşünür. Bu üsula görə türklər evlərini ərəblərlə bölüşməyə məcbur edilir və bu şəkildə birə-bir nəzarət altına alınırlar. İslam qaydalarına uymayanlar isə ağır cəzalara məruz qalırlar (Bu gün bəzi İslam yazarları görülən tədbirlərin İslamın türklər tərəfindən qəbul edilməsində çox əhəmiyyətli olduğunu açıqca ifadə edirlər. Bu yanaşma da üzərində düşünüləsi bir mövzudur…).

Kuteybənin bu məcburiyyətləri qarşısında xalqın içindən bəzi üsyançılar çıxır. Gizlicə silahlanırlar. Bu vəziyyət qarşısında ərəblər məscidə belə silahla getməli olurlar. Kuteybə basqıları artırır, öz aralarında təşkilatlanan türkləri tapıb öldürtdürür. Bu arada yeni vergi qanunları tətbiq edir. Yerli xalq xəlifəyə ildə 200.000 dirhəm, Xorasan valisi Həccaca da 100.000 dirhəm vergi ödəməyə məcbur edilir. Bunun xaricində ərəb əsgərlərinin atlarını yemlə, oraya gətirilib yerləşdirilən ərəb ailələrini odunla təmin etməyə və onlara ayrılan ərazilərdə işləməyə məcbur edilirlər. Qadınlar, qızlar ərəblərə kəniz edilirlər. Buxara türkləri bu illərdə dünyadakı çox az millətin yaşadığı vəhşəti və iztirabı yaşayır… Kuteybənin türk evlərinə yerləşdirdiyi ərəblər türklərin o zamana qədərki bütün ehtiyatlarının üzərinə qonurlar, tarlalarını alır və türkləri o tarlalarda işlədirlər. Budur, “tək din İslam olana qədər savaşın” deyən ayə, ərəblərin türklərdən yararlanıb dolanmalarını təmin edəcək vəziyyəti yaratmışdır. Allah dini dedikləri İslam Əhzəb surəsi/50-də olduğu kimi, savaşda qəsb edilən türk qızlarını da qənimət olaraq görür və ərəblərə kəniz olmalarını halal edir. Cümə namazı məcburi hala gətirilir. Yenə də türklərdən rəğbət görmürlər. Bunu görən Kuteybə namaza gələnlərə 2 dirhəm vəd edərək öncə yoxsullar üzərində İslamın təsirli olmasını təmin etməyə çalışır. Bunun tətbiqi nisbətən uğurlu olur. Yoxsul əhalidən pula görə məscidə gedənlər olur.

1. Böyük qətliam (Talkan qətliamı)

Buxarada baş verənlər digər türk bəyliklərinə də təsirini göstərir. Eyni şeylərin başlarına gələcəklərindən qorxmağa başlayırlar. Soğd məliyi Neyzək Tarxan, Talkan şəhərinin məhv olmaması üçün Kuteybə ilə anlaşmaq məcburiyyətində qalır. Bu anlaşmaya görə, Tarxan xərac verəcək və bitərəf qalacaqdır. Ancaq bu bitərəf qalmalar və türklərin birləşməmələri ərəblərin işlərini asanlaşdırmış və türk bəyliklərini istədikləri kimi istila edib talamışlar. İlk olaraq hücuma uğrayan Kibac Xatuna digər bəyliklərdən yardım gəlmədiyinə görə, o yardımı əsirgəyənlər eyni aqibəti yaşamışlar. Bu hadisələrdə türklərin bəlli bir şəkildə toparlanmamaları onların ərəblər tərəfindən istila edilmələrini asanlaşdırmışdır. Neyzək Tarxan daha sonralar Kuteybə ilə yaratdığı anlaşma ilə səhv etdiyini və bu anlaşmanın özünə heç bir xeyir gətirməyəcəyini və digər türk bəyliklərinə də xəyanət etmiş olduğunu anlayır. Tohoristana dönərək bütün türk bəyliklərinə bir-bir məktub yazır və onları ortaq olub müqavimət göstərmək üçün xəbərdar edir. İlk müsbət cavab Talkan məliyi Səhrəkdən gəlir. Tarxanın planlarını öyrənən Kuteybə Bəlh şəhərində hazırlıq görür, baharda böyük bir ordu ilə Talkan şəhərinə yürüş edir. O vaxta qədər müqavimət hazırlığı görməyən Talkan şəhərinin məliyi Səhrək Kuteybə gələnə qədər şəhəri tərk edir. Şəhərə döyüşsüz girən Kuteybənin adamları əli qılınc tutan nə qədər kişi varsa, hamısını qılıncdan keçirir. Kuteybə, digər bəyliklərə ibrət olsun deyə qətliam törədir. Kuteybənin əsgərləri öldürə bildikləri qədər öldürürlər, yerdə qalanlarını da Talkan yolu üstündəki ağaclardan asırlar. Bu yolun 4 fersah (24 km) məsafəlik hissəsi türklərin ağaclardan asılan cəsədləri ilə dolu idi. Talkan qətliamı tarixdə ərəblərin o günə qədər etdikləri qətliamların ən dəhşətlisi kimi hallanır. Xalq müsəlman ərəblərlə vuruşmadığı halda, Kuteybə və əsgərləri digərlərinə örnək olsun deyə 40.000-ə qədər adamı qılıncdan keçirmiş, ağaclardan asmışdır. Bütün bunlar hamısı İslam adına edilmişdir…

Kuteybə Talkan qətliamından sonra Sumana girir. Kişilərin əksəriyyətini öldürtdürərək, qadınlarını və qızlarını kəniz olaraq alır. Daha sonra Kəs və Nəcəfdə eyni şeyləri təkrar edir. Kişilər öldürülür, türk qadın və qızları utancverici bir şəkildə ərəblərə kəniz olur. Daha sonra Fəryaba yönəlir və Fəryabın təslim olmasını istəyir. Fəryab əhalisi başlarına gələcək əməlləri bildikləri üçün təslim olmaq istəmirlər. Kişiləri döyüşərək ölürlər. Bütün şəhər yandırılır. Ərəblər bu şəhərə yanmış şəhər anlamında “Muhtereka” deyirlər. Kuteybə Fəryabdan sonra Tarxanın çəkildiyi Bazqis qalasını mühasirəyə alır. İki ay müddətində buraya ardıcıl hücum edir, amma bir nəticə əldə edə bilmir. Qış düşür. Kuteybənin qışda döyüşəcək gücü yox idi, amma qala içindəki türklərin də ərzaqları qurtarırdı. Hər iki tərəf bu döyüşdə məğlub olduqlarını düşünürdü. Kuteybə son dəfə bir hiyləyə əl atır. Məhəmməd bin Səlim adlı adamını Tarxanın yanına göndərir. Məhəmməd bin Səlim Tarxana təslim olduğu təqdirdə ona zərər verilməyəcəyinə söz verir. Qalanın aclıq içində olduğunu nəzərə alıb Tarxan Kuteybənin təklifini qəbul edir. Bundan başqa çarəsinin olmadığını düşünür. Silahlarını təhvil verib qaladan çıxırlar. Tarxan qaladan çıxar-çıxmaz yaxalanır, ətrafı xəndək qazılmış bir çadırda zəncirlənir. Kuteybə Tarxanı həmin anda öldürmür. Həccaca xəbər göndərərək nə etməli olduğunu soruşur. Həccac Tərxan haqqında “O bir müsəlman düşmənidir, heç aman vermədən öldür” deyir. Kuteybə əvvəlcə Tarxanın iki oğlunu onun və xalqın gözü qarşısında öldürtdürür. Ardınca 700-ə qədər türk döyüşçüsünün başlarını yenə Tarxanın və xalqın gözü önündə kəsdirir. Tarxanı da şəxsən özü öldürür. Bütün kəsilən başlar Həccaca göndərilir. Kuteybə sanki Qurandakı ayələri yerinə yetirmişdir.

9-cu Tövbə surəsi. 123-cü ayə: “Ey iman edənlər! Kafirlərdən yanınızda olanlarla savaşın və onlar (savaş müddətində) sizdə bir sərtlik görsünlər. Bilin ki, Allah ehtiyatlılarla birlikdədir”.

Tarxanın öldürülməsindən sonra Kuteybə Aral gölünün yanında yerləşən Harzəm bölgəsinə yürüş edir. Harzəmdə Cayğan ilə Havarizat arasında taxt qovğası gedirdi. Kuteybə Cayğanla işbirliyi edir. Əvvəlcə Havarizat ilə ətrafındakıları öldürtdürür. Ardınca Camhud məliyini yenərək 4.000 civarında əsir alır. Ancaq sonradan bunlar Kuteybənin əmriylə öldürülürlər. Bu hadisə Ziya Kitabçının “İslam tarixi və türklər” adlı kitabında eynilə belə göstərilir:

Əl-Təbərinin bütün təfsilatı ilə anlatdığına görə bu müharibələrdən birində Əbdürrəhman b.Müslüm Kuteybənin yanına 4.000 əsirlə gəlmişdi. Kuteybə Əbdürrəhmanın belə izdihamla (türk əsirləri ilə) gəldiyini görüb o dəqiqə taxtının çıxarılmasını və bir meydanda qurulmasını istədi. Taxtının üstündə məğrur bir əda ilə oturan Kuteybə bu türk əsirlərindən mininin sağına, mininin soluna, mininin arxasına və mininin də önünə düzülmələrini söylədi və sonra da ərəb əsgərlərinə dönərək, bu qılıncsız türklərin başlarının qoparılmasını əmr etdi. Cabbar, zorba, insafsız ərəb komandirinin bir anda ətrafında bu türklərin baş, qol və bədənləri ilə qan gölü əmələ gətirdiyindən heç kimin şübhəsi olmamalıdır. Bu hərblərdə öldürülən türklərin həddi-hesabı yox idi. Həqiqətən də bu vəhşətdən qürurlanan bir ərəb şairi Kaah-əl-Əşkari belə hayqırmışdır:

“Kazah və Facfac qarşısında qorxudan bir-birilərinə sarılmış zavallı türkləri öldürdüyünüz gecələri hələ bir xatırlayın.

Hər kəsi qılıncdan keçirdiniz. Sadəcə ata minə bilməyəcək yaşda kiçik uşaqlar qaldı. Minlərcə o xırçın atların belində sanki bir yük kimiydilər”. (səh.314)

Harzəmdə ayaqlanan xalq Kuteybə ilə işbirliyi etdiyi üçün Cayğanı öldürür. Buna görə Kuteybə bütün Harzəmi yandırır, xalqı qılıncdan keçirir. Harzəmli məşhur türk alimi Biruni Harzəmdəki mədəniyyətin yox edilməsini bu şəkildə anladır: “Kuteybə hər üsula əl ataraq Harzəmlilərin yazılı dilini bilənləri, ənənələrini qoruyanları, bütün alimləri öldürtdü. Beləcə, hər şey qaranlıqlara gömüldü. İslam Harzəmlilərin içinə gələrkən onların tarixi haqqında bilgiləri daha öyrənmək imkanı vermədi.”

Harzəmi yıxdıqdan sonra Kuteybə Səmərqənd üzərinə yürüş edir. Səmərqənd məliyi Gurek, üzərinə gələn müsəlmanlara qarşı digər türk bəyliklərindən yardım istəyir. Daşkənd və Fərqanədən yardım göndərilir, amma gələn birliklər yolda Kuteybənin əsgərləri tərəfindən pusquya düşürülərək yox edilir. Səmərqənd mühasirəyə alınır. Ərəblər mancanaq atəşi ilə hücum edirlər. Daha artıq dayana bilməyəcəyini anlayan Gurek Kuteybə ilə anlaşmaq zorunda qalır. Bu anlaşmaya görə:

1. Səmərqənd ərəblərə hər il 2.200.000 qızıl ödəyəcək.

2. Bir dəfəyə məxsus olmaq üzrə 30.000 türk gəncini əsir verəcək.

3. Şəhərdə məscid tikiləcək.

4. Şəhərdə əli silah tutan kimsə dolaşmayacaq.

5. Məbəd və bütlərdəki bütün cəvahiratlar Kuteybəyə təhvil veriləcək.

Daha sonra Kuteybə qızıldan hazırlanan bütləri əritdirərək alır və Mərvə geri dönür. Dönərkən qardaşı Əbdürrəhman bin Müslümü Səmərqəndə vali təyin edir.

Kuteybənin Mərvə dönüşündən sonra, türklər öz aralarında işğalçı müsəlmanlara qarşı müqavimət birliyi qururlar. Zaman-zaman Ceyhun dəryasını keçərək ərəblərə pusqu qurur və ciddi zərərlər verirlər. Həccac Kuteybəyə Daşkənd və Fərqanəni işğal etmək təlimatı verir. Kuteybə Daşkəndə gedir, amma uğur əldə eləmir. Bu arada Həccac ölür. Xəlifə Vəlid, Kuteybədən türklərlə savaşmağı davam etdirməsini tələb edir. Kuteybə bu dəfə Kaşğara doğru yola çıxır. Elə Kaşğarı mühasirəyə almaq ərəfəsində Xəlifə Vəlid ölür. Yerinə Süleyman ibn Əbdülməlik xəlifə olur. Bu yeni xəlifə ilə arası heç də yaxşı olmayan Kuteybə Kaşğar səfərini yarıda saxlayaraq, ona qarşı üsyan edir. Ancaq öz komandirləri tərəfindən 11 nəfər yaxını ilə birlikdə (716-cı ildə) başı kəsilərək öldürülür. Çünki Kuteybənin komandirləri Xəlifəyə qarşı gəlmək istəməmişdilər.

2. Böyük qətliam (Curcan qətliamı)

Kuteybə və Həccacın ölümü Ərəblərin türkləri müsəlmanlaşdırmaq və türk şəhərlərini talan etmək siyasətlərində bir dəyişiklik etmədi. Xüsusilə, ərəblərdə türklərə qarşı olan qorxu hissi ortadan qalxdığı üçün ərəblər Kuteybədən sonra da eyni şəkildə türk yurdlarına hücumlarını davam etdilər. Kuteybənin öldüyü il (716-cı il) Yezid ibn Muhalləb Xorasana vali təyin olundu. O, ilk olaraq Dağıstanı işğal eləməyə qalxır. Dağıstan məliyi Saltəkin Yezidə qarşı uzun müddət dirəniş göstərir. Sonunda Dağıstan zəifləyir. Şəhər qarət olunur və 14.000 adam öldürülür. Dağıstandan sonra Curcana yönəlir. Curcan 300.000 dirhəm qarşılığında döyüşsüz təslim olur. Yezid Curcana bir bölük əsgər yerləşdirərək Təbəristana doğru yol alır. Təbəristan məliyi İsfehbed Deyləm məliyindən 10.000 nəfərlik yardım alaraq döyüşə başlayır. İsfehbed döyüşürkən, Curcan əhalisi də üsyan edərək Əsəd ibn Abdullahın komandanlığı altındakı əsgərləri məhv edirlər. Yezid bərk hirslənir, curcanlı türkləri məğlub edərkən qanlarını dəyirmana axıdıb, dən üyütdürüb çörək yeyəcəyinə and içir. Əsgərləri toplayaraq Curcan üzərinə yürüş edir. Curcan bəyi şəhərdən çıxaraq Curcan qalasına çəkilir. 7 ay sürən döyüşdən sonra qala təslim olur. Curcan bəyi öldürülür. Qaladakı əsgərlər əsir düşür. Ərəblər şəhərə girirlər. Burada da eyni şəkildə, Kuteybənin etdiyi qətliama bənzər qətliam törədilir. Türkləri öldürərək 4 fersah (24 km) boyunca sağ və sol tərəfdən ağaclardan asdırır. Allaha verdiyi sözü yerinə yetirmək üçün əsir aldığı minlərcə türkü Enderəz vadisindəki çayın kənarına sürükləyir, orada əsgərlərinə əliyalın türkləri öldürtdürür. Öldürülən türklərin qanını çaya axıdır. Nəhrin suyuyla axan qanlardan, yaxınlıqdakı dəyirmanda un üyütdürüb çörək hazırladaraq əsgərləri ilə birgə yeyir – Allaha verdiyi sözü yerinə yetirir. Qətliamdan sağ qalan qız və qadınlardan beşdə biri kəniz olaraq xəlifəyə ayrıldıqdan sonra, qalanlar əsgərlər arasında qənimət olaraq paylaşdırılır.

Qaynaqlar Curcan qətliamında Talkan qətliamında olduğu kimi təxminən 40.000 türkün öldürüldüyünü söyləyirlər.

717-ci ildən sonrakı dövr ərəblərin öz aralarındakı toqquşmalarla keçir. Buraya qədər diqqət etsəniz, ilk ərəb hücumları başlayarkən Kibac Xatun digər türk bəyliklərindən yardım istədiyi halda, ona yardım göstərilməmişdi. Sonra o yardımı göndərməyənlər özləri yardıma möhtac qaldılar. Bu hadisələrdə türklərin o vaxt da aralarında tam bir birlik təmin etmədiklərini görürük. 717-ci ildə Ömər ibn Əbdüləziz xəlifə olur. İki il sonra xəstələnir, yerinə 719-cu ildə Yezid ibn Əbdülməlik keçir. Yezid ibn Əbdülməliklə Yezid ibn Məhləbin arası yaxşı deyildi. Yezid ibn Məhləb həbsə atdırılır. Ancaq o, həbsdən qaçaraq Bəsrədə təşkilatlanır və Yezid ibn Əbdülməliyə qarşı üsyan qaldırır. 721-ci ildə Abbas və Məsləmə adında iki komandirin başçılığı altında qurulan xilafət ordusu Yezid ibn Məhləblə döyüşür. Bu savaşda Abbas və Yezid ibn Məhləb məğlub olur. Yezid ibn Məhləbin başı kəsilərək xəlifə Yezid ibn Əbdülməliyə yollanır. Məsləmə Məhləbin təxminən 300-ə yaxın adamının da başını kəsdirir. Yezid ibn Məhləbin oğlu Müaviyə ibn Yezid də əlində olan 32 Məsləmə tərəfdarının başını kəsdirir. Aralarındakı savaş Məhləb tərəfdarlarının tamamilə məhv edilməsi ilə başa çatır. Məsləmə Məhləbdən ələ keçirdiyi, aralarında türklərin də olduğu kənizləri Cərrah ibn Hakəmə satır. Bu arada Yezid ibn Məhləbin yerinə gətirilən yeni Xorasan valisi Cərrah ibn Abdullah Türkmənistana bir sıra hücumlar edir, ancaq uğur əldə edə bilmir. Kuteybənin ölümündən sonra türk torpaqlarına edilən həmlələr əvvəlki kimi uğurlu olmamışdı. Bu dönəmdə İslam yayıcılığı durğunluq halında olur. Xəlifə II Ömər ibn Əbdüləziz işğal altında olan ərazilərdə ərəb hegemonluğunun getdikcə çətinləşdiyini nəzərə alıb bu bölgələrdə gərginliyi azaltmağa, İslamın qüvvətləndirilməsinə çalışır. Ona bağlı rəhbərlərə “Bundan sonra türk bəyliklərinə hücum etməyin, hakimiyyətiniz altında olan bölgələrdə gücünüzü artıraraq İslamı yaymağa çalışın” deyir. Onu da qeyd edək ki, II Ömər müsəlman olan xalqlardan vergi alınmasını ləğv etsə də, ərəblərin gəlirlərinin kəskin şəkildə aşağı düşməsini nəzərə alıb, türklərin müsəlmanlıqlarında səmimi olmadıqlarını bəhanə edərək, qərarından dönür. Bu arada Xorasanda Cərrah ibn Abdullahın yerinə Əbdürrəhman ibn Nuaym təyin olunur.

“Xural” qəzeti,

Il: 9, sayı: 018(428), 08-14 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button