Islamın türklərə gəlişi -IV

Turan Dursun

Son yazı

Kuteybənin Həvarizəm şəhərinə getməsi xəbəri

Havərizəm məliyinin adı Çayqan idi. Ondan kiçik Havarizad adlı bir qardaşı vardı. Çayqanın üzərində qələbə çalmışdı və onun bütün işini ələ keçirmişdi. Eşitsə ki, Çayqanın əlinə gözəl bir kəniz keçmiş, yaxud nəfis bir qumaş almış, dərhal adam göndərib aldırırdı. Yenə eşitsə ki, bir kişinin gözəl qızı var, yaxud gözəl arvadı var, dərhal macal verməz, əlindən çəkib alırdı. İnsanlar Çayqana ondan şikayət etsələr “mən ona bir şey deyə bilmərəm” deyirdi. Çayqan da onun əlindən bezmişdi. Bu işi bu şəkildə uzatdıqca Çayqanın dözməyə taqəti qalmadı. Əl altından Kuteybənin yanına adam göndərdi. Havarizəm şəhərlərindən üç şəhərin açarını belə ona göndərdi. Və Kuteybəyə dedi: Havarizəmə gəlib qardaşımı öldürsən, hər nə diləsən verəcəm. Lakin bu xəbəri heç kimə bildirmədi. Bu xəbər Kuteybəyə çatanda cihad vaxtı idi. Kuteybə qövmünə Segat cihadına başlayırıq deyə bildirdi. Çayqanın adamını geri göndərdi. Havarizada xəbər verdilər ki, Kuteybə Segada cihada gedir. O da çox sevindi. Və qövmünə bildirdi ki, bu il cəngdən arxayın olun, Kuteybə Segada gedirmiş. Biz də işimizlə məşğul olaq. Bilmədi ki, Kuteybə onun üzərinə gəlir. Bu əsnada Kuteybə qəflətən min atlı ilə Mədinətül Filə (hansı ki, Havarizəmin ulu və böyük şəhəridir; Havarizəm ölkəsi üç şəhərdir. Ondan ulusu yoxdur) gəlib çıxdı. Havarizəm əhalisi Kuteybəni görüb qorxdu. Kuteybə birbaşa Çayqanın yanına gəldi. Və Havarizada xəbər verdilər ki, nə yatıbsan, budur Kuteybə yetişib aləmi bərbad elədi. Havarizad anladı ki, bu iş Çayqanın başının altından çıxıb. İstədi ki, Çayqanı öldürə. Lakin fürsət və macal tapmadı. Hazır duran dəstəsi ilə sürüb Mədinətül-Filə gəldi. Çayqan o üç şəhəri Kuteybəyə verib, özü də onun yanına gəldi. Havarizad çaş-baş qaldı. Nəhayət, Kuteybənin yanına adam göndərib aman dilədi.

Kuteybə dedi: Amanı qardaşından dilə, əgər o aman verərsə, məndən əmin ol.

Havarizad dedi: “İndi bildim ki, mənim ölməyim lazımdır. Mənim qardaşıma boyun əyməm ölmək deməkdir. Bəlkə də ölmək müti olmaqdan yaxşıdır”. Sonra isə cəngə çıxdı. Bir saat cəng edib axırda tutuldu. Onu Kuteybənin yanına gətirdilər. Kuteybə dedi: Özünü necə görürsən?

Havarizad dedi: Ey Əmir, məni məzəmmət etmə. Mən qılınca ona görə əl atdım ki, səninlə mənim aramda bir hökm olsun. İndi fürsət sənin oldu, mənə nə istəyirsən elə. Bunu görən Kuteybə buyurdu, Havarizadı çölə çıxarıb boynunu vurdular.

Çayqan dedi: Ey əmir, hələ ki ürəyim rahatlıq tapmadı.

Kuteybə dedi: Daha nə diləyirsən?

Çayqan dedi: Diləyirəm ki, onunla olan hər kəsi öldürəsən.

Kuteybə dedi: Sən onları mənim yanıma topla, mən öldürüm.

Çayqan da hamısını tutub gətirdi. Kuteybə onları öldürüb mallarını aldı. Çayqan bu sövdələşmənin müqabilində min əsir və minlərlə qumaş vermək şərtinə razılaşmışdı. Ona görə Kuteybə Mədinətül-Filə girib o malı Çayqandan aldı.

Çayqan Kuteybədən yardım dilədi. Belə ki, Camhud məliyi daim gəlib Çayqan ilə cəngə girirdi. Və Çayqanı çox incidirdi. Kuteybə Əbdürrəhmanı ona yardıma göndərdi. Əbdürrəhman gedib müharibə etdi və o məliyi öldürdü. Çayqan o yerləri işğal edib dörd min əsir aldı. Kuteybənin əmriylə hamısını öldürdülər. (səh. 349-350)

“Şaş əsgəri bizə gecə basqın etmək istəyirmiş, indi gedin onların yolunda filan yerdə pusquda durun. Onlar çıxdığı zaman üstlərinə yeriyin. Ola bilsin işğal eləmək imkanınız oldu”, dedi. Müslih b.Müslümü bunlara komandir təyin etdi. Müslüh də gəlib o 700 adamı üç bölük etdi. Bir bölüyünü yolun sağ tərəfinə, bir bölüyünü sol tərəfinə qoydu və özü bir bölüklə yolun üstündə durdu. Gecə yarısı Şaş əsgərləri gəlib çıxdılar. Müslühü yol üstündə görüb döyüşə girdilər. O iki bölük iki tərəfdən həmlə edib ac qurd qoyuna hücum eləyən kimi kafirləri tar-mar etdilər. Qazilərin içində Şübə adlı bir bahadır igid vardı. Özünü şaş izdihamının içinə vurdu. Onların ortalarında bir məlikzadələri vardı. Şübə yetişib onun qulağının dibindən qılıncla vurdu. Elə vurdu ki, başı top kimi havaya uçdu. Şaş əsgərləri bu heybəti gördükdə hamısı darmadağın oldu. Müsəlmanlar onların ardınca düşüb əksəriyyətini qırdılar. Onlardan çox az adam canını qurtardı. Onların əksəriyyəti Məlikzadələr idi. Ziynətli və silahlı adamlardı. Onların başlarını kəsib, silahlarını və geyimlərinin hamısını alıb geri döndülər. Sonra Kuteybənin yanına gəldilər. Ertəsi gün Kuteybə əmr etdi ki, döyüşə başlasınlar.

Gavrek Kuteybəyə adam göndərib dedi: “Bu apardığın savaşı ele hesab eləmə ki, ərəblərin gücüylə edirsən, bəlkə əcəm oğulları – mənim qardaşlarımdır ki, sənə kömək edib döyüşürlər. Sən döyüşə ərəbləri göndər, görərsən ki, biz nələr edərik” dedi. Kuteybə bu sözü eşidib qəzəbləndi. Müsəlman döyüşçülərini toplayıb kafirlərin üzərinə yürüş etdi. Mancanaq qurmasını əmr etdi, bir bürcü döyə-döyə yıxdılar. Müsəlmanlar o yıxılan yerdən hücum etdilər. Kafirlərdən bir bahadır ər gəlib o gədikdə durdu, kimsə gələndə macal verməyib öldürürdü. Müsəlmanlarda məharətli döyüşçülər çox idi. Kuteybə onları çağırıb dedi ki, sizdən kim o şəxsi ox ilə vursa, mən ona on min dirhəm verərəm. O döyüşçülərdən biri irəli yeridi, ox ilə o şəxsi elə vurdu ki, gözündən girib ənsəsindən çıxdı. Bahadır ər dərhal yıxıldı. O adam Kuteybənin yanına gəlib on min dirhəm aldı (səh. 351-352).

Tərcümə etdi:

Asif Ata Evladı Göylü Atalı

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button