İsrail əməliyyatları bərpa edir, HƏMAS-ı atəşkəsi pozmaqda günahlandırır

İsrail ordusu dekabrın 1-də Qəzzada HƏMAS radikal qruplaşmasına qarşı döyüşləri bərpa etdiyini bildirib. ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS İsrail ərazisinə atəş açmaqla yeddi günlük müvəqqəti atəşkəsi pozmaqda ittiham olunur.

Noyabrın 24-də başlanan atəşkəs iki dəfə uzadılıb. Qəzzada saxlanan onlarla girov, yüzlərlə fələstinli məhbus dəyişdirilib. Anklava humanitar yardımın göndərilməsi asanlaşıb.

Atəşkəs yerli vaxtla səhər 7-də başa çatırdı. İsrail atəşkəsin bitməsinə bir saat qalmış Qəzzadan atılan raketin vurulduğunu bildirib.

Fələstin mediası atəşkəs bitəndən sonra İsrailin anklava havadan və artilleriya zərbələri endirdiyini xəbərləyib.

HƏMAS durumu şərh etməyib, yaxud məsuliyyəti götürməyib.

Qətər və Misir atəşkəsin uzadılmasına çalışırdı. Dünən – noyabrın 30-da səkkiz girov 30 fələstinli məhbusla dəyişdirilmişdi.

İsrail bundan öncə bildirmişdi ki, günə minimum 10 girovun buraxılması qarşılığında quru əməliyyatı və bombardmanına fasilə verər.

HƏMAS oktyabrın 7-də İsrailə hücum edərək min 200 nəfərin qətlə yetirib, 240 nəfər girov götürülüb. İsrail buna cavabında bu radikal qruplaşmanı məhv edəcəyini bildirib.

İsrail intensiv bombardman və quru əməliyyatlarına başlayıb. BMT-nin etibarlı saydığı Fələstin səhiyyə orqanları azı 15 min qəzzalının öldürüldüyünü açıqlayıb.

ABŞ-ın dövlət katibi Antoni Blinken (Antony Blinken) müharibə başlayandan İsrailə üçüncü səfərini edir. O, Təl-Əvivdə jurnalistlərə baş nazir Benyanim Netanyahu ilə görüşündən danışıb. Blinkenin sözlərinə görə, Netanyahuya deyib ki, İsrail Qəzzanın cənubunda şimalındakı kütləvi dinc sakin ölümlərini, adamların evlərindən didərgin düşməsini təkrarlaya bilməz.

“İsrail hökuməti bu yanaşma ilə razıdır. Buraya kritik infrastruktura, xəstəxanalara, su qurğularına ziyan vurmamaq üçün konkret addımları, təhlükəsiz zonaları aydın müəyyənləşdirmək daxildir”, – Blinken söyləyib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button