İsrail rəsmiləri Həsən Nəsrullahın öldürüldüyünü deyir
Yayımlandı: 28 Sentyabr 2024 15:00
“Hizbullah” hələ liderinin ölümü ilə bağlı heç bir açıqlama verməyib
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti “Hizbullah” lideri Həsən Nəsrullahın öldürüldüyü barədə açıqlama yayıb. Məlumatda “Hizbullah”ın cənub cəbhəsinin komandiri Əli Kərxi və hərəkatın digər liderlərinin öldürüldüyü də iddia olunur.
Mətbuat xidməti qeyd edir ki, Həsən Nəsrullah İsrail Hərbi Hava Qüvvələrinin Beyrutdakı hərəkatın qərargahına endirdiyi zərbə nəticəsində həyatını itirib:
“Livanın paytaxtı Beyrutun cənubundakı Dahiya qəsəbəsində yerləşən “Hizbullah”ın mərkəzi qərargahına zərbə sentyabrın 27-də axşam saatlarında endirilib”.
Bundan əvvəl İsrailin “12 kanal”ı “Hizbullah” qərargahına endirilən zərbə nəticəsində, Həsən Nəsrullahın qızı Zeynəbin də öldürüldüyü haqda məlumat yaymışdı.
“Hizbullah” hələ liderinin ölümü ilə bağlı heç bir açıqlama verməyib.
1960-cı il doğumlu Həsən Nəsrullah 1992-ci ilin fevralından “Hizbullah”a rəhbərlik edir. Onun sələfi Abbas əl-Musəvi də Livanda İsrail ordusu tərəfindən öldürülüb.