“İsrailin ancaq bir xahişi var-mərmi, mərmi, mərmi..”

Yaxın Şərqə səfərdən yenicə Vaşinqtona qayıtmış iki amerikalı senator İsrailin şimal sərhədlərində irimiqyaslı münaqişənin başlanması ehtimalının hər gün,hər saat artdığını deyiblər.

Xural.com Virtualaz.org-a istinadən xəbər verir ki, senatorlardan biri Lindsi Grem İsraildə keçirdikləri hər görüşdə onlardan ancaq mərmi və sursat xahiş etdiklərini deyib. “Hər görüşdə təkcə bir başlıca məsələ səslənirdi-mərmi, mərmi, mərmi”-senator deyib.

Mərmi dedikdə İsrail tərəfinin Amerikadan yüksək dəqiqlikli və dağıdıcı aviabombalar istədiyi təxmin edilir. Belə sursatlar İsrail üçün İranın möhkəmləndirilmiş bunkerlərinə, o cümlədən “Hizbullah”ın Livanın cənubundakı bazalarına zərbə endirmək üçün lazımdır.

“Bu, mənim uzun müddətdən bəri həyata keçirdiyim ən qorxunc səfər idi”-senator Grem deyib.

Onu səfərdə müşaiyət edən senator-demokrat Kris Kun isə bildirib ki, İsraillə Suriya arasında irimiqyaslı münaqişə potensialı kəskin artmaqdadır.

 

Senatorlar Grem və Kun deyiblər ki, Tramp və ABŞ-ın Avropadakı müttəfiqləri Suriyada İŞİD-i dayandıra biliblər, lakin daha ciddi geosiyasi problemi-İran və Rusiyanın təsirlərinin artmasına məhəl qoymurlar.

“Administrasiya İranı spesifik olaraq Suriyada dayandırmaq üçün kifayət qədər addımlar atmır. Və İŞİD-in darmadağın edildiyi bir vaxtda bizim Suriyadakı gələcək rolumuz nədir?”-senator Kun bildirib.

Amerikalı demokrat-senator qeyd edib ki, Rusiya və İran, onların kombinasiyası ABŞ-ın həyati vacib müttəfiqi İsraili, habelə İordaniyanı təhdid edir. Və ABŞ-ın yoxluğu şəraitində tezliklə Əsəd rejimi, İran və Suriya bütün Suriyada domonantlıq edəcək.

“İsrail yaşayış kvartallarına, hospitallara, məktəbələrə də zərbələr endirəcək, çünki “Hizbullah” bütün hərbi infrastrukturunu bu obyektlərə yerləşdirib. Və ona görə də mən hamıya demək istəyirəm-əgər müharibə olacaqsa doğrudan da çox qanlı olacaq”-senator Kun xəbərdarlıq edib.

Amerikalı senatorların bu həyacanlı bəyanatları Suriya ərazisində İranın yeni raket bazası tikməsi barədə bu gün yayılmış məlumatlar fonunda səslənir. Bundan əvvəl ABŞ-ın “Fox” telekanalı “İmageSat” şirkətinin təqdim etdiyi peyk fotoçəkilişlərinə istinadən İranın Dəməşqin cəmi 8-10 kilometrliyində yaxın və orta mənzilli raketlər üçün iki yeni anqar tikdiyinə dair görüntüləri yayıb. Görüntülərə əsasən anqarların hərəsinin sahəsi 500 kvadratmetrdir və bazanı İnqilab Keşikçiləri Korpusu qoruyur. Bu, İsrailin daha əvvəl Suriyada raket zərbələri ilə dağıtdığı İran bazalarına oxşardır.

Lakin İsrailin müdafiə naziri Aviqdor Liberman “Kol” ordu radiosuna müsahibəsində deyib ki, İranın Suriyada yeni baza tikdiyinə dair xəbərlərə inanmaq lazım deyil. Hətta bu xəbəri “Fox” kimi mötəbər qaynaq yaysa belə.

“Bizim orada nə baş verdiyinə dair tam təsəvvürlərimiz var”-Liberman bildirib.

Xatırladaq ki, fevralın 10-da İsrail İran pilotsuz təyyarəsinin ölkənin hava sahəsinə daxil olmasına cavab kimi Suriya ərazisinə irimiqyaslı hava hücumu həyata keçirib. Bu zaman İsrail Hərbi Hava Qüvvələrinin bir F-16 təyyarəsi vurulub. İsrail baş naziri Benyamin Netanyahu xəbərdarlıq edib ki, onun ölkəsinin səbrini sınamağa çalışmasınlar, yoxsa təkcə İranın satellitlərini yox, özünü də hədəf alacaqlar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button