İsrailin Bakıdakı səfirliyinə hücumda ittiham olunan şəxs Psixiatriya Xəstəxanasına yerləşdirilib

Yayımlandı: 26 İyun 2024 23:34

Mehdi Hüseynzadə bundan əvvəl Heydər Əliyevin heykəlini, rayonun axundunun maşınını sındırmaqda ittiham edilərək saxlanılıb

Ötən il noyabrın 3-də İsrailin Azərbaycandakı səfirliyində terror aktı törətməyə cəhddə ittiham edilərək həbs olunan Mehdi Hüseynzadə anlaqsız hesab edilərək, məhkəmənin qərarı ilə cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun haqqında məhkəmə qərar çıxarıb.

1997-ci il təvəllüdlü Mehdi Hüseynzadə Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.
İttihama əsasən, o, üstündə “Allah”, “Məhəmməd” sözləri yazılmış taxta parçası, bıçaq və ülgüclə səfirliyə hücum etmək istəyib. Noyabrın 3-də İsrail səfirliyinin yerləşdiyi binanın yaxınlığında saxlanılıb.

Mehdi Hüseynzadə dini zəmində terrora cəhd ittihamıyla həbs edilsə də, təxminən iki ay sonra Səbail Rayon Məhkəməsinin qərarı ilə Respublika Psixiatriya Xəstəxanasına köçürülüb.

Onunla bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılanda da özü iştirak etməyib. Həkimlər rəy verib ki, o, hərəkətlərini dərk etmir. Anlaqsız hesab olunduğuna görə məhkəmədə qanuni nümayəndəsi qismində anası iştirak edib.

Həm istintaq, həm də məhkəmə istintaqı zamanı aydınlaşıb ki, II qrup əlil Mehdi Hüseynzadə uzun müddətdir psixi xəstəlikdən – “kəskin şizofreniya”dan əziyyət çəkir. Bu səbəbdən dəfələrlə Bakıda və bölgələrdə yerləşən psixiatriya xəstəxanalarına yerləşdirilib, uzunmüddətli müalicələr alıb.

Tərtərin Qaynaq kənd sakini olan Mehdi Hüseynzadə 2021-ci ilin yanvarından rayon xəstəxanasında “Şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatdadır. O, həmçinin “ağciyər vərəmi” diaqnozu ilə də dispanser qeydiyyatındadır.

Mehdi Hüseynzadə bundan əvvəl Tərtərdə Heydər Əliyevin heykəlini, rayonun axundunun maşınını sındırmaqda ittiham edilərək saxlanılıb və məhkəmə qərarı ilə Gəncədəki psixiatriya xəstəxanasına yerləşdirilib. Sonuncu dəfə həbsindən 6 ay əvvəl xəstəxanadan buraxılan Mehdi Hüseynzadə 2023-cü ilin əvvəlində İsrail səfirliyinin qarşısında dini şüarlar qışqırmaqda ittiham olunaraq, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Onun həmçinin Bakıdakı “Təzə Pir”, “İlahiyyat”, “Məşədi Dadaş” məscidlərində xütbə deyən imamlarla da qalmaqal yaşadığı iddia olunur.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button