İsrailin Suriyaya zərbələrində azı 4 dinc sakin həlak olub

Bazar günü – sentyabrın 8-də axşam Suriyanın Hama bölgəsinə İsrailin çoxsaylı zərbələrindən azı dörd dinc sakin həlak olub. “Reuters” mənbələrə istinadla hücumların hədəfinin böyük hərbi tədqiqat mərkəzi olduğunu yazır.

ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşması oktyabrın 7-də İsrailə hücum edəndən bəri İsrail Suriyada İranın dəstəklədiyi hərbi hədəflərə zərbələri gücləndirib, həmçinin Suriya ordusunun müdafiəsi, bəzi qüvvələri vurulub.

Yerli səhiyyə rəsmisi Suriya dövlət xəbər agentliyinə deyib ki, 13 nəfər xəsarət alıb, bəzilərinin durumu ağırdır.

İsrail adətən Suriyaya zərbələr barədə konkret xəbərləri şərh etmir, bu zərbəyə də münasibət açıqlanmayıb.

Qəzzada müharibə başlayandan Suriyaya ən böyük hücum apreldə İran səfirliyini şübhəli İsrail hərbi təyyarələrinin bombalaması olub. İran həmin zərbədə yeddi hərbi müşavirin, o cümlədən üç aparıcı komandirin həlak olduğunu bildirib.

HƏMAS-ın İsrailə 7 oktyabr hücumunda 1200 nəfər öldürülüb, 250 nəfər girov götürülüb. Girovlardan bir qismi sonradan buraxılsa da, təxminən 100 nəfərin hələ də girovluqda qaldığı, onlardan bəzilərinin öldürüldüyü bildirilir.

İsrail hərbi kabinetinin keçmiş üzvü Benni Qants bazar günü deyib ki, İsrail diqqətini “Hizbullah” qruplaşması və Livanla sərhədə yönəltməlidir. “Gecikirik”, – o xəbərdarlıq edib.

İranın dəstək verdiyi, İsrail və ABŞ-ın terrorçu saydığı “Hizbullah” qruplaşması İsraillə, demək olar, hər gün sərhəd boyunca atışır. Bu Livan qruplaşması HƏMAS-ı dəstəklədiyini bildirib.

“Qəzzanı idarə etməyə yetərincə qüvvələrimiz var, şimalda nə getdiyinə fokuslanmalıyıq”, – Vaşinqtonda Yaxın Şərq forumunda danışan Qants deyib. O, İran və əlaltılarını “real məsələ” adlandırıb.

İsrailin Qəzzaya cavab zərbələrində 41 minə yaxın insanın öldürüldüyü bildirilir. BMT-nin insan haqları ofisi ölənlərin çoxunun qadınlar və uşaqlar olduğunu açıqlayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button