İstanbulda bələdiyyə seçkilərinin nəticələri ləğv edildi-İyunun 23-də seçkilər yenidən keçiriləcək

Bu gün Türkiyənin Ali Seçki Qurumu (YSK) hakim Ədalət və İnkişaf Partiyasının (AKP) martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi ilə bağlı müraciətinə baxıb.

ONA-nın xəbərinə görə, YSK-nin bu gün keçirilən iclasında seçkilərin təkrar keçirilməsinə qərar verilib.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.

AKP seçkinin nəticəsinin ləğv ilə bağlı fövqəladə hüququndan istifadə edəcəyini açıqlayıb. Daha sonra İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib.

YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib.

Xatırladaq ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə də CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.

***

Türkiyə Yüksək Seçki Qurumunun bu gün verdiyi qərara əsasən, iyunun 23-də İstanbul bələdiyyəsinə seçkilər yenidən keçiriləcək.

YSK-nın İstanbul seçkilərinin nəticələrini ləğv edib yeni seçkilər təyin etdiyini AKP-nın komissiyadakı təmsilçisi Recep Özel sosial şəbəkələrdən birinci elan edib. “İstanbul seçkiləri yenilənir. Xeyirli olsun…”-o yazıb.

AKP-nin müttəfiqi MHP-nin nümayəndəsi Kürşat Türker də sosial şəbəkədən eyni məlumatı paylaşıb, YSK-nın AKP-nin fövqəladə etirazını səs çoxluğu ilə qəbul etdiyini bildirib.

YSK başqanı Sadi Güvən isə qərarın əleyhinə səs verib.

Qərarla bağlı CHP-nin idarə heyəti fövqəladə toplantı çağırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button