İstanbulda kilsəyə hücumdan sonra iki silahlı saxlanılıb

Türkiyə hakimiyyəti İstanbulda kilsədə dini ayin zamanı bir nəfərin ölümü ilə nəticələnmiş silahlı hücumdan sonra iki nəfərin saxlandığını bildirir. Daxili işlər naziri Ali Yerlikaya həmin şəxslərin “İslam Dövləti” (İŞİD) qruplaşmasına bağlı ola biləcəyini deyib.

Silahlı hücum yanvarın 28-də səhər saatlarında İstanbulun Sarıyer rayonunda “Santa Mariya” italyan kilsəsində baş verib. Silahlıların hədəfə aldığı bir türkiyəli həlak olub.

Yerlikaya jurnalistlərə deyib ki, İstanbulda azı 30 məkanda reydlər keçirilib, indiyədək 47 nəfər saxlanılıb. Şübhəlilərin bu reydlərin birində saxlandığı bildirilir.

“Şübhəlilərin ikisi də əcnəbilərdir. Onlardan biri Tacikistandandır, digəri rusiyalıdır. Biz onların “İslam Dövləti”nə bağlı olduğunu düşünürük”, – nazir vurğulayıb.

İŞİD daha öncə Telegram-da bu hücuma görə məsuliyyəti üzərinə götürüb. Qruplaşma qeyd edib ki, liderlərinin yəhudiləri və xristianları hədəfə almaq çağırışına cavab veriblər.

Kilsə daxilindən “Reuters”in dəqiqləşdirdiyi CCTV görüntülərində maskalı silahlıların binaya daxil olduğu, onların qarşısından keçən kişiyə atəş açdığı görünür. Silahlılar dərhal da oranı tərk edirlər.

Prezident Rəcəb Tayyib Ərdoğan kilsənin keşişinə zəng vuraraq başsağlığı verib, dəstəyini ifadə edib.

İŞİD indiyədək Türkiyədə saysız hücumlar gerçəkləşdirib. 2017-ci il yanvarın 1-də İstanbulda gecə klubuna hücumda 39 nəfər həlak olub.

Yerlikaya deyib ki, 2023-cü ilin iyunundan bəri İŞİD-ə bağlı olmaqda şübhəli sayılan azı 2 min nəfər saxlanılıb, 529 nəfər isə həbs olunub.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button