İstinad mədəniyyəti

Toğrul Qara

Bu gün yerli xəbər saytlarında ən ciddi problemlərdən biri də istinad mədəniyyətinin formalaşmamasıdır. Portalların dünya praktikası ilə ayaqlaşmaq cəhdi təqdirəlayiq hal olsa da, istifadə olunan informasiyalara istinad olunmaması (bəzən isə mənbənin düzgün göstərilməməsi) xəbər yayıcısının peşəkarlığını kölgə altına salır. Hazırda gündəlik xəbər yayan informasiya saytlarında məlumatların əksəriyyəti istinadsız göstərilir. Ən mənfi cəhət isə odur ki, bu sahədə problem ötən illərdə necə idisə, bu gün də eyni vəziyyət hökm sürməkdə davam edir. Diqqətli Oxucuların yadındadırsa, bir neçə il bundan əvvəl “APA” agentliyi yeni yaranan “ANSPRESS” xəbər saytının istinad göstərmədən istifadə etdiyi xəbərlərin siyahısını yaymışdı. Buna bənzər hallar olduqca çox olsa da, hazırda iki kütləvi xəbər yayıcısının arasında olan bu anlaşılmazlığı bir nümunə kimi xatırlatdım.

İnternet jurnalistikasında istinad mədəniyyətini xəbəri istehsal edən jurnalistlə bərabər, redaktorlar da (sayt rəhbərləri  də) aşılamalıdır. Yerli portallarda isə bəzən jurnalistlər hansısa informasiyanın mənbəyini (ilkin yayıcı orqanı) göstərsə də, xəbərlər sayta yerləşdirilərkən, istinad ixtisar olunur. Hamının informasiyalarından mütəmadi istifadə etdiyi Rusiyanın “Lenta.ru” saytında istinadlar olduqca dəqiq göstərilir. Yəni internet dili ilə desək, linklərlə (ilkin yayıcıya keçidlərlə) Oxucuya mənbəni göstərir. Təbiidir ki, hər bir Oxucu keçidlərə daxil olub, informasiyanın orijinalını oxumur. Amma bütün hallarda internet jurnalistikasında müvafiq keçidin qoyulması istinad mədəniyyətidir. Gülməli məqam isə odur ki, bütün kütləvi olan yerli xəbər portallarının sonunda “xəbərlərdən istifadə zamanı müvafiq keçidin qoyulması tələb olunur” yazılıb. Bu tələbi qoyan saytlar özləri istifadə etdikləri heç bir xəbərə müvafiq keçid qoymurlar. Ən yaxşı halda isə istinad orqanının adı tam yazılmır və ya yazılsa belə, ilkin mənbəyə keçid qoyulmur. Bir çox sayt rəhbərləri bu problemi texniki problem kimi bəhanə etsələr də, sayt hazırlayan mütəxəssislər xəbərin hansısa bir cümləsinə (çox vaxt sözünə) keçidin qoyulmasının texniki problem olmadığını bildirirlər. Yalnız “Azadlıq” Radiosunun saytı həmkarlarını istinad mədəniyyətində müəyyən məqamlarda qabaqlayır.

Çap mediasında daha çox istifadə olunan “etibarlı mənbə”, “mötəbər mənbə” kimi ifadələr elektron mediada özünü doğrultmur. Lakin bu kimi istinadlara yerli xəbər portallarında, daha çox da qəzetlərin internet saytlarında rast gəlmək mümkündür. Bu isə Oxucunu ələ salmaqdan başqa bir şey deyil. Dünya miqyaslı xəbər saytlarında ilkin yayıcı hansısa mənbəni açıqlamırsa, həmin mövzunu araşdıran rəqiblər mütləq şəkildə mənbəni göstərməyə çalışırlar. Bu zaman informasiyanı “etibarlı mənbəyə” istinad edərək ilkin yayan orqan ondan sonra mövzunu genişləndirən və mənbəni göstərən orqana istinad edir. Bu halda isə olduqca maraqlı və etik bir presedent formalaşır. Azərbaycanda isə istər çap, istərsə də elektron media olsun, bu mədəniyyət özünü axsaq formada nümayiş etdirir. Çap mediası böyük bir mövzuya səbəb olacaq informasiyanı yayan elektron mediasının adını yazmağı özü üçün təhqir sayır. Bəzən qəzetlərdə guya, informasiyanı ilk yayan xəbər portalının adı xatırlanmırmış kimi davranılır və “hansısa saytda”, “yeni yaradılan saytlardan birində” kimi ifadələrə rast gəlinir. Jurnalist bu cümləsi ilə qarşı tərəfə deyil, özünə hörmət etmədiyini başa düşsə, istinad mədəniyyəti formalaşacaq.

 

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button