İstiqlal bəyannaməsi

Seymur Baycan

“Müstəqillik bizim nəyimizə lazımdır?”!

“Müstəqillik bizə nə verdi?”!

 İstiqlalçı deputatlar Azərbaycan Dövlət Müstəqilliyinin bərpasına həsr olunmuş yazı müsabiqəsi elan edib. Yazılar Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbulu dövrünü əhatə etməlidir. Müsabiqənin şərti belədir. Hər jurnalist müsabiqəyə yalnız bir yazı təqdim edə bilər. Müsabiqə 01 oktyabr 2011-ci ilə qədər davam edəcək. Qaliblərə diplom və pul mükafatı veriləcək.

  1. I yer – 500 manat
  2. II yer – 300 manat
  3. III yer – 200 manat

Əlbəttə, hər cür yarışmanın (meyxana, muğam, aşbazlıq, təlxəklik, məddahlıq…) keçirildiyi ölkədə yazı müsabiqəsi keçirmək, üstəlik jurnalistlərə bir az da pul mükafatı vermək çox təqdirəlayiq haldır. Müsabiqənin şərtləri çox sadədir. Bir yazar olaraq təşkilatçılara öz təşəkkürümü bildirirəm. Sadəcə və sadəcə müstəqilliyin əleyhinə səs vermiş Zeynəb Xanlarovanın “İstiqlal” ordeni aldığı ölkədə dövlət müstəqilliyinin bərpasına həsr olunmuş yazı müsabiqəsi keçirmək adama bir az anormal görünür. Mən bu faktı dönə-dönə yazmaqdan yorulmuram. Doğrudan əcaib haldır. Müstəqilliyin əleyhinə səs verirsən və müstəqil Azərbaycanın “İstiqlal” ordeni alırsan. Necə ki, müstəqilliyin əleyhinə səs vermiş adamlar sonradan müstəqil Azərbaycanda yaxşı vəzifələrdə oturdular. Müstəqilliyin əleyhinə səs vermiş adamlar müstəqil Azərbaycanda naz-nemət içində yaşamağa başladılar, Vətən, millət, dövlət deyib durdular.

Azərbaycan hakimiyyətinin daxili və xarici siyasəti nəticəsində ölkə vətəndaşlarının böyük əksəriyyəti Azərbaycanın müstəqilliyinə ən yaxşı halda ironik münasibət göstərir. Yaşlı nəsildə sovet nostalgiyası günü-gündən güclənməkdədir. “Müstəqillik bizim nəyimizə lazımdır?”, “Müstəqillik bizə nə verdi?” sözlərini tez-tez eşidirik. Əks arqument qoymaq çətin məsələdir. Adamlar xoş gün görəcəklərini gözləyirdilər. Xəyallar qurmuşdular. Arzular doğmuşdu. Hər şey darmadağın oldu. Bu gün Azərbaycan bir qrup adam tərəfindən işğal olunub. Ölkə quldarlıq quruluşunun “adət-ənənələri” ilə idarə olunur. Kimi istəyirlər tuturlar. Nəyi istəyirlər satırlar. Adamları evindən küçəyə atıb, evi beş dəqiqəyə buldozerlə uçururlar.

Ordu it günündə!

Təhsil it günündə!

Səhiyyə it günündə!..

Süpürgə pulu… Kontur pulu… Doğmaq pulu… Ölmək pulu… Qəbir pulu… Kəfən pulu…

Bəli, müstəqil Azərbaycanda yaşamaq çox çətindir. Ölmək yaşamaqdan da çətindir…

Əgər müstəqil Azərbaycanda yaşamaq çətindirsə, günü-gündən sovet nostalgiyası adamlarda güclənirsə, deməli, Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasına həsr olunmuş yazı müsabiqəsində iştirak etmək ikiqat çətindir.

Nə yazsan pafoslu alınacaq. Müstəqilliyi vətəndaşlara sevdirmək zülümdür. Müsabiqənin təşkilatçıları bu faktı nəzərə almalıdırlar. Biri mən. Tutaq ki, müsabiqədə iştirak etmək istəyirəm; nə yazım? Yazım ki, Azərbaycanda hökm sürən bu iyrənc sistemin oturuşmasında istiqlalçı deputatlar da öz rollarını oynadılar? Biri kənara çəkildi. Biri poema yazdı. Biri yoruldu. Biri də Şahvələd Çobanoğlunun təbirincə desəm, “danışa-danışa susmaq” yolunu tutdu. Qısası, vəziyyət çox çətindir. İşin ən gülməli və ən ağlamalı tərəflərindən biri odur ki, istiqlalçı deputatlardan biri – Arif Hacılı hal-hazırda Müstəqil Azərbaycanda həbsdədir. Utancverici haldır. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 20 illiyi qeyd olunacaq, amma Azərbaycanın müstəqilliyinin lehinə səs vermiş 43 deputatdan birini – Arif Hacılını həbsə atıblar. Arif bəyə hər bir kəsin fərqli münasibəti ola bilər. Kimi sevər. Kimi sevməz. Amma gəlin etiraf edək ki, çox gülməli, həm də ağlamalı faktdır…

Mən yazar həmkarlarımdan müsabiqədə aktiv iştirak etməyi, habelə Arif bəyin həbsxanada yatmasının da yazılarda qeyd olunmasını xahiş edirəm. Bu, bizim bir vicdan borcumuzdur. Necə deyərlər: Tanrının haqqı Tanrıya, qeysərin haqqı qeysərə!

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button