İstiqlalın əleyhinə səs verənlər

Qaranlıq Məqam

 Bakir Həsənbəyli

 Və ya köləlik uğrunda mübarizlər

 Müstəqilliyimizin 20 ili tamam olur. Bir millət üçün bundan müqəddəs bayram təsəvvür etmirəm. Azadlıq millətin doğum tarixidir. Var olan günüdür. Dəxli yoxdur, ya xarici müdaxilədən azad ol, ya da daxili istibdaddan. Təki ol.

Son yüz ildə tarix Azərbaycana iki dəfə azad olma şansı verib. Nə qədər qəribə olsa da, bu, Tanrının və tarixin millətə lütfüdir. Bir yüz ildə iki İstiqlal. Azərbaycan Türkü Şərqdə ilk İstiqlalı olan millət kimi tarixin yaddaşında da əbədiləşdi. Bu Günəşin məhz Şərqdən doğuşuna bənzəyir.

Hər millətin istiqlal qənimləri olub. Milyonların arzusunu manqurt kafalılar əngəlləməyə çalışıblar. Azərbaycanın istiqlalı da əngəlsiz ötüşməyib. Bu gün istiqlal qənimlərini başa düşmək belə zordu. Necə ola bilər ki, insan köləliyini sevərək yaşasın? Nəinki yaşasın, hətta onun uğrunda mübarizə aparsın. Köləliyin seviləcək kimi bir halı yoxdur axı.

“Xural” bir-iki nömrə öncə İstiqlalın əleyhinə səs vermiş insanların siyahısını dərc etmişdi. Siyahını oxuyanda əsas diqqətimi cəlb edən bir məqam oldu. Anti-istiqlalçıların əksəriyyəti bu dünyasını nəinki kifayət qədər, hətta bir neçə nəsillərinə yetəcək miqdarda təmin etmiş şəxslərdir. Gün ərzində bunun nə və necə əxlaq olduğunu düşünməkdən kafam qarışsa da, konkret cavab tapa bilmədim. Əslində, bu məsələdə hər şey var idi, yalnız əxlaqdan savayı. Olmayan şeyi necə tapmaq olardı ki?

Bilərəkdənmi, ya təsadüfən “Xural”ın dərc etdiyi siyahıya Arif Rəhimzadə başçılıq edirdi. Nədənsə bu şəxsi ya efirdə, ya da şəklini hər hansı qəzet səhifələrində görəndə rəhmətlik Şahin Ağabəylini xatırlayıram. Axı Arif Rəhimzadənin bioqrafiyasında rəhmətlik Şahini həbs etdirmək kimi bir olay da yer alıb. Qəribədir, müstəqilliyi hər anlamda qəbul edən, uğrunda necə ki etdi, canını fəda edən gənci, bir istiqlal ovçusu hədəf götürmüşdü. Rəhmətliyin hər məhkəməsinə gedirdim. Şahin ən təhlükəli cinayətkar kimi dəmir qəfəsə salınırdı, əlləri qandallanırdı. Amma nədənsə mənə çox azad görünürdü. Hətta xatırlayıram, onun bu azadlığından duyğulanaraq “Azadlığın zindanından, zindanın azadlığına” adlı böyük bir məqalə də yazmışdım. Halal xoşu olsun qardaşımızın. O dar qəfəsdə, əlində qandal olan Şahin bu qədər azad idisə, görəsən o geniş evində, hər cür rahatlığı ilə Arif Rəhimzadə də azad idimi? Məkanca əlbəttə ki, azad idi. Bəs kafaca? Görəsən, istəmədiyi, sevmədiyi, əleyhinə səs verdiyi İstiqlal Bayrağına baxanda Arif Rəhimzadə nə düşünür? Əgər sevirəm deyib iddia etsə, “bəs niyə əleyhinə səs verdin” deyə arqumentimiz olmazmı? Olar. Əgər İstiqlalın əleyhinə səs verdinsə və bu səsinin əhəmiyyəti olmadısa, niyə sevmədiyin şəraitdə – hürr olaraq yaşayırsan? Niyə çəkib getmədin? Vətənimdir deyəcəksənsə, demə. Qulların vətəni olmur.

Bu məmləkətdə hər bəlanın baiskarı bu iqtidar olduğu kimi, məhz bu köşənin, bu mövzuda yazmağımın səbəbkarı da bu hakimiyyətdir. Bu, bu, bu… Saymaqla bitərmi? Əsla. Adamlar sanki problem istehsalçısıdırlar.

Hər nəsildə ən azı bir nəfər dəli olur. Bu, o demək deyil ki, adam lap divanədi. Yox, sadəcə bir az ipsizdir, o qədər. Bunun azadlıqla heç bir əlaqəsi-filan olmaz. Amma o nəsil çalışar ki, bu ipsizi daim gözlərdən uzaq tutar ki, nəsilin adına xələl gəlməsin. Eyibini gizlədər. Qəribədir, bu iqtidar eyibini nəinki gizlətmir, hətta yüksək vəzifələrə daşımaqla addımbaşı gözə soxur. Sanki demək istəyir – islanmışın yağışdan nə qorxusu. Olsun, abi olsun.

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button