“İstiqlaliyyət” küçəsinin ilginc tarixi ilə bağlı REPORTAJ, FOTOLAR, VİDEO

Hər gün yüzlərlə insanın keçdiyi Bakının “İstiqlaliyyət” küçəsi bir çox tarixi ilklərə şahidlik edib. Lakin bəlkə də çoxumuz bu tarixi hadisələr barəsində xəbərdar deyilik.

Musavat.com-un reportyor qrupu olaraq, “İstiqlaliyyət” küçəsinin tarixini araşdırıb, bu barədə faktları öyrənməyə çalışdıq. Bizimlə birlikdə tarixçi Dilavər Əzimli də “İstiqlaliyyət” küçəsində olub, yaxın və uzaq tarixlə bağlı maraqlı faktları sadaladı.

Küçə “İstiqlaliyyət” olana qədər…

Monqol ləqəbli yazar keçmiş “Kaspi” qəzetində Bakını təsvir edərkən bildirib ki,  buranın havası çox qurudur. O qədər küləkli və tozludur ki, insanlar  göz xəstəliyindən əziyyət çəkir.

Məlumatlara görə, yay aylarında gəlmələrdən başqa heç kim Bakının indiki “İstiqlaliyyət” küçəsi ərazisində yaşamırmış. Sonradan isə neft fontanları olur və hər kəs Bakıya köçməyə başlayır. Beləliklə də bütün dünya mətbuatı Bakı haqqında yazmağa başlayır. Kiçik şəhər artıq “milyonlar səltənəti” adlandırılır.

Buna görə də müxtəlif ölkələrdə aclıqdan əziyyət çəkənlər işləmək üçün buraya axın edirdilər. 1860-cı ildə Bakının 14 min 500 nəfər  əhalisi olub. 1900-cu  ildə isə Bakının əhalisinin sayı 206 minə yüksəlib. Həmin əhalinin 85 faizi isə gəlmələr olub.

Faktlara görə, onların əksəriyyəti kişilər idi. Çünki neft buruqlarında yalnız kişilərin əməyindən istifadə olunurmuş. 40 yaşından sonra isə kapitalistlərin onları işdən çıxarması nəticəsində işsiz qalan fəhlələr, elə bu küçədə çadır qurub, yaşayırmış. Kapitalistin küçəyə atdığı gəlmə işçilərin sayəsində Bakı camaatı iki yerə ayrıldı. Varlılar və “pinti camaat”… İkincilər günlərini küçələrdəki gecəqondularda keçirərmiş. Onlar daha çox “İstiqlaliyyət” küçəsində yaşayıblar.

Eyni zamanda, burada varlı burjuaziya sinfinin nümayəndələri də məskunlaşıbmış. O dövrün tarixçiləri yazıblar ki, Bakının bir tərəfi işıqlı olduğu halda, digər tərəfində qaranlıq, aclıq və üfunət qoxusu hakim kəsilibmiş. Şəhərdə o qədər işsizlik olub ki, oğurluq baş alıb gedib. Bakının böyüməsinə səbəb isə neft olub.

“İstiqlaliyyət” küçəsinin tarixi binaları…

Bakıda ilk çoxmərtəbəli binalardan biri olan Qubernator evi 1860-cı ildə bu küçədə tikilib. İlk parklardan biri olan Qubernator bağı 20-ci əsrin 30-cu illərində burada salınıb. İlk heykəl – Mirzə Ələkbər Sabirin heykəli 1922-ci ildə burada ucaldılıb. 1918-ci ildə Qafqaz İslam Ordusu məhz bu küçədən daxil olaraq Bakını azad edib.

Küçənin tarix boyu 4 dəfə adı dəyişdirilib. Belə ki, Bakının baş küçəsi sayılan bu küçə keçmişdə imperator II Nikolayın şərəfinə “Nikolayevski” adlandırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində isə küçənin adı dəyişdirilərək “Parloman” qoyulub. Hazırda çox insanın buranı “Kommunist küçəsi” adlandırmasına səbəb isə sovet dövlətinin var olduğu zamanda 70 il küçənin bu cür adlandırılması olub. Müstəqillik əldə etdiyimiz dönəmdən isə məlum olduğu kimi, küçənin adı dəyişdirilərək “İstiqlaliyyət” küçəsi adlandırılıb.

Başlanğıcını “BMT-nin 50 illiyi” küçəsindən götürən “İstiqlaliyyət” küçəsinin uzunluğu 1,3 kilometrdir.

Tarixçi Dilavər Əzimli bildirib ki, hazırkı “Qoşa qala” qapısının önündə 1805-ci ildə general Sisianovun başı kəsilib:“Belə ki, general Sisianov 1805-ci ildə  “Kürəkçay müqaviləsi”ni imzalamaq üçün Azərbaycan xanlıqlarına müraciət edib.  Qarabağ, Şəki, Şamaxı xanları müqaviləyə imza atsalar da, Bakı xanı Hüseynəli xan bundan imtina edib. Sisianov 1806-cı ildə Hüseynəli xanı razı salmaq üçün Bakıya yollanıb. Lakin xanın əmisi oğlu İbrahim bəy, Bakının açarlarını Sisianova təqdim edildiyi vaxt onu güllələyərək öldürüb. Sonra isə başını kəsərək İrana, Abbas Mirzəyə aparıb təhvil verib. O zamankı tarixi faktlara görə, Sisianovun başı məhz “Qoşa qala”nın önündə kəsilib”.

“İstiqlaliyyət” küçəsi xeyli qanlı hadisələrə də şahidlik edib. Belə ki, 1918-ci ilin mart soyqırımında ermənilər azərbaycanlıları daha çox məhz bu küçədə qətlə yetiriblər. Qanlı qırğınlar zamanı hazırkı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi İsmailiyyə binası da yandırılıb. Bakının işğaldan azad olunması ərəfəsində azərbaycanlıların köməyinə gələn Nuru paşanın rəhbərliyi altında  Türk ordusu da məhz bu küçədə gecələyib.

0bebdbc0-326b-41fb-8eb4-c00637cea871.jpg (184 KB)

İsmailiyyə sarayı…

“İsmailiyyə”nin əsası tanınmış Azərbaycan milyonçusu Musa Nağıyev tərəfindən 1907-ci ildə qoyulub. O, binanı dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib. Milyonçunun oğlu Ağa İsmayıl vərəm xəstəliyindən vəfat edib.

“İsmailiyyə” binasının tikintisi 1913-cü ildə başa çatıb və memarlıq xüsusiyyətlərinə görə şəhərin ən əzəmətli binası kimi tanınır. M.Ə.Rəsulzadə sonralar Türkiyədə nəşr etdirdiyi “Azərbaycan Cumhuriyyəti” kitabında bu bina haqqında yazırdı: “Bəlkə də İslam aləmində böylə bir məqsədlə yapılmış binaların əzəməti etibarilə birincisidir”.

1918-ci ilin mart hadisələri zamanı Bakıda nəzarəti ələ keçirən ermənilər şəhərin əhalisi ilə yanaşı, binalarına da ziyan vurmağa çalışırdılar. Bu zaman böyük zədə almış binalardan biri də İsmailiyyə sarayı olub. Saray əvvəlcə qarət edilmiş, daha sonra isə yandırılmışdı. Sarayda törədilən yanğın zamanı binaya dəyən zərərlə yanaşı, sarayda fəaliyyət göstərən qurumların, o cümlədən, sarayın öz arxivi yanaraq məhv olmuşdu.

Tağıyevin qızlar məktəbi…

Uzun mücadilələrdən sonra milyonçu Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə qızlar məktəbini açmağı bacarıb. “Kaspi” qəzeti həmin hadisəni belə təsvir edərək yazırdı: “Nikolayevski küçəsindəki gözəl imarət bayraqlarla bəzənmişdi. İkinci mərtəbədəki böyük zal gündüz saat 12-də dəvətlilərlə və şəhərin əyan-əşrəflərilə dolmuşdu. Məktəbin yaradılması, tikilməsi barədə danışıqlardan sonra çıxışlar oldu. Məktəbdə oxuyacaq qızların xor dəstəsi bir neçə Azərbaycan mahnısı ifa etdi. Sonra məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşovun oxuduğu təbriki Həsən bəy imzalamışdı. Orada deyilirdi: “Çox yaşa Hacı!”

Söhbət hazırkı AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun binasından gedir. Bu binada 1918-20-ci illərdə Azərbaycan Demokratik Respublikasının parlamenti də yerləşib. Eyni zamanda 1920-37 illərdə şair, yazıçı və dramaturq Hüseyn Cavid də burada yaşayıb.

Bu küçədə 1900-cu ildə indiki Bakı Şəhər İcra Hakimiyyətinin binası inşa olunub.  O dövrdə bura “Qorodskoy dom” adlandırılıb. Bakı inkişaf etdikcə inzibati binalarla üzbəüz yaşayış binaları da inşa olunub. Lakin o binaların da inşası inzibati tikililərin memarlıq üslubunda olub. Səbəb isə ərazinin ümumi görkəminə xələl gətirməmək ilə bağlı idi. Beləliklə, bu gün də mövcud olan gözəl və tarixi tikililərimiz sayəsində Bakı “pinti camaat” dövründən sürətlə çıxıb, indiki gözəl və inkişaf etmiş şəhərə çevrilmə mərhələsinə qədəm qoyub”.

Əli Rais,
Musavat.com,
Foto və video Elçin Əkbərovundur.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button