İsveçrədə Kəlbəcər haqqında filmin təqdimatı keçiriləcək

Hazırda Avropada yaşayan “Marka Film Production” təsisçisi Laçın Məmişov “Mühacirlər” layihəsi çərçivəsində yeni film çəkib. Film iki hissədən ibarətdir – birinci hissə  “Kəlbəcər düyünü”, ikinci hissə isə “Böyük oyun” adlanır. Bu, “Mühacirlər” layihəsinin ikinci filmidir.

Filmin müəllifi  bildirir ki, filmin təqdimatı 12 avqust 2017-ci ildə Almaniyanın Köln şəhərində baş tutmalıydı. Lakin nə qədər gülməli səslənsə də, filmin təqdimatının keçirilməsinə müxalifət partiyalarından birinin lideri və bəzi “siyasi mühacirlər” maneçilik törətdilər. O səbəbdən də filmin təqdimatı baş tutmadı. Lakin budəfəki təqdimata yəqin ki, heç kim təxribat törədə bilməyəcək, çünki təqdimat Bern kantonal polis idarəsinin yanında keçiriləcək.

“Filmi 3 ilə ərsəyə gətirdim. Lakin bu qədər gec başa gəlməsində fikrimcə böyük fayda oldu. Çünki bütün qaranlıq məqamları araşdırmalı oldum. Çox vaxt, enerji və əsəb sərf etdim. Filmin montajını bitirib, tam versiyasını özüm üçün bir tamaşaçı kimi izləyəndə, bir daha əmin oldum ki, bu qədər vaxt boşuna getməyib. Film bir çox siyasi dairələrə güllə kimi dəyəcək, çox əsəb, gərginlik, həyəcan keçirəcəklər. Hələ film yayımlanmamışdan necə deyərlər, “xain xoflu olar” məsəli kimi bir çoxları həyəcanlanırlar, təlaşa düşürlər. Lakin hər bir kəs etdiyi əməllərə görə nə zamansa cavab verməlidir.

Azərbaycanın işğal olunan rayonları çoxdur. Lakin filmdə bir Kəlbəcər sakininin  səsləndirdiyi “Ən böyük açar Kəlbəcərdir” fikri olduqca maraqlı bir mesajdır. Filmin çəkilişləri zamanı bir daha əmin oldum ki, doğrudan da Kəlbəcər böyük bir oyunun açarı idi. Ona görə də filmin ilk bölümünü “Kəlbəcər düyünü” adlandırmaq qərarına gəldim. Filmin ikinci bölümü isə Kəlbəcərin işğalı və ondan sonra ölkədə baş verən oyunlardan, Gəncə “qiyamı” və onun ətrafında hakimiyyətin ötürülməsindən bəhs etdiyi üçün “Böyük oyun” adlandırmağı qərara aldım.

Filmdə 25 ildi üzərinə qaranlıq salınan çox məqamlar açıqlanır və tamaşaçıların diqqətinə çatdırılır. Bəli, böyük ehtimal ki, bu film yayımlanandan sonra həmin hadisələrin iştirakçıları, cinayət ortaqları məni Vətən xaini elan etsinlər, bu da mümkündür. Lakin bu, məni qətiyyən narahat etmir və qorxutmur. Atdığım hər bir addıma, etdiyim hər bir işə cavabdehlik daşıyacaq qədər cəsarətim var. Əsas məsələ odur ki, xalqın gerçəkləri bilmək haqqı var.

Bugünkü tarixi də daha düzgün başa düşmək üçün yaxın keçmişimizə nəzər salmaq, düzgün analiz etməyi bacarmaq lazımdır. Mən də bu işdə xalqımıza yardımçı olmağa çalışmışam. Filmə qiyməti yəqin ki, tamaşaçılar verəcək”.

İki hissədən ibarət tarixi-sənədli filmin ümumi xronometrası 171 dəqiqədir.

Laçın Məmişovun özü də 3 ilə yaxındır ki, siyasi mühacir həyatı yaşamaq məcburiyyətindədir. Hal-hazırda İsveçrənin Bern şəhərində yaşayır.

Filmin təqdimatı İsveçrənin Bern şəhərində 08 oktyabr 2017-ci il tarixində saat 13:00-da keçiriləcək.

Ünvan: Waisenhausplatz 30, 3011 Bern, Switzerland. Stube im Progr.

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button